AZ

Evdəki hesab bazarda tutmadı... Dövlət Turizm Agentliyinin turist sayı iddiası gerçəkləşmir, turist azalır

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Turizm sektorunda çalışanlar bölgədəki müharibənin başa çatmasını səbirsizliklə gözləyirdi. Xüsusilə İranın hava məkanını bağlaması reyslərin baş tutmasına ciddi təsir göstərir. Hava nəqliyyatında işlər yavaş-yavaş qaydasına düşməyə başlasa da, ölkə turizmi özünə gələ bilmir. Turist sayında artım yoxdur. Ölkəyə gələn əcnəbilərin sayı kəskin azalıb və tendensiya davam edir.

Bizimyol.info xəbər verir ki, turizm sektorunda çalışanların sosial mediada yazdıqları mənzərəyə daha yaxşı aydınlıq gətirir. Buradan yerli şirkətlərin ciddi problemlərlə üzləşdiyi məlum olur. İş prinsipi belədir ki, səyahət paketləri bir neçə ay əvvəldən sifariş olunur. Müharibə günlərində qeyri-müəyyənlik yarandığından, əcnəbilər öz ölkəsində paketlərdən imtina etməyə başlayıb. Bizim turizm şirkətləri pulları geri qaytarmaq məcburiyyətində qalıb. Onda belə təəssürat yaranmışdı ki, İran-İsrail müharibəsi daha uzun çəkə bilər. Düzdür, döyüşlər dayanıb, amma səyahətsevərlər qərar verməyə tələsmir. Nəticədə turizm sektoru əziyyət çəkir.

Həm də müharibə təkcə iki ölkəyə toxunmayıb. Məsələn, raketlərdən biri İordaniyaya düşmüşdü. Xüsusilə körfəz ölkələrindən gələnlər bu amili nəzərə alırlar. Onlar bizim bölgəyə səyahətin hələ təhlükəsiz olmadığını düşünürlər.

Azərbaycanda turist rekordu 2019-cu ildə qeydə alınmışdı. Onda ölkəyə 3,2 milyon əcnəbi gəlmişdi. Pandemiya rəqəmlərin artmağına mane oldu. Amma dünyada vəziyyət sabitləşdikcə bizdə də turist sayı artmağa başlamışdı. Dövlət Turizm Agentliyi bu il növbəti dəfə turist sayının 3 milyon nəfəri keçəcəyini iddia edirdi. Belə görünür ki, arzu həyata keçməyəcək. Çünki 20 günə yaxındır ciddi durğunluq yaşanır.

İndi proqnoz vermək asan deyil. Turizm şirkətləri durumun iyulda düzələcəyinə ümid edirlər. Digər yandan Rusiya ilə münasibətlərin korlanması da təsirsiz ötüşə bilməz. Rusiyalılar bu amili mütləq nəzərə alacaqlar. Biz də ümid edək ki, ölkəyə gələn əcnəbilərin sayı artacaq. Çünki reyslər qaydasına düşməyə başlayıb. Uçuşların 2-2,5 saat yox, bir neçə dəfə uzun baş tutması olurdu. Bu da yavaş-yavaş aradan qalxacaq. Təəssüf, istənilən halda mövsümün qızğın çağında belə situasiya yaranması sektorun maliyyə dayaqlarına zərbə vuracaq.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
bizimyol.info

10Mənbələr