Ədalət Həsənov bildirib ki, meyitlər dünən axşam saatlarında Birliyin müvafiq şöbəsinə qəbul olunub və onların tibbi ekspertizası gecəyarısı xüsusi komissiyanın qərarı əsasında başa çatdırılıb. O, qeyd edib ki, müayinədən öncə mərhumların ölüm haqqında şəhadətnamələri təqdim olunub.
Mərhumlardan Səfərov Hüseyn Mehdi oğlunun ölüm səbəbi sənəddə travma kimi göstərilsə də, aparılan ekspertiza nəticələri bununla ziddiyyət təşkil edir. Həsənov deyib:
"Biz mərhumun meyitini ayrı-ayrılıqda müayinə etdik. Hüseyn Səfərovun cəsədində çoxsaylı ciddi travmalar aşkarladıq: burun sümüyünün deformasiyası, döş qəfəsinin assimmetrik əzilməsi, sol gözətrafı və alın nahiyəsində şiş və qançırlar, üst və alt dodaqlarda selikli qişa zədələnmələri, hər iki əl və bədəndə qamçı izləri, bel və bud nahiyələrində sıyrıqlar, qabırğalarda çoxsaylı yerdəyişən sınıqlar və ağciyər zədələnməsi."
Ekspertin sözlərinə görə, bəzi nahiyələrdə elə ağır xəsarətlər olub ki, zədələnmiş orqan və toxumaların kəsilib çıxarılmasından şübhələniblər. "Daxili müayinə zamanı döş qəfəsinin hər iki tərəfində - xüsusilə 7 və 8-ci qabırğalarda yerdəyişmə və sınıq aşkar etdik. Bu qabırğalar ağciyərə bataraq orqanı zədələmişdi," - deyə Həsənov vurğulayıb.
Mərhumun qardaşı ilə bağlı təqdim edilən sənəddə isə ölüm səbəbi yenə "ürək tutması" göstərilib. Amma müayinə zamanı onun bədənində də müxtəlif nahiyələrdə qançırlar, döş qəfəsində deformasiya, topuq və baldır hissəsində siyriqlar, xayalarda zorakılıq izləri aşkar olunub.
Ədalət Həsənov bəyan edib ki, ekspertiza nəticələri ilə təqdim edilmiş ölüm şəhadətnamələri arasında ciddi ziddiyyət var və bu, hadisənin bilərəkdən ört-basdır edilməsinə cəhd edildiyini göstərir:
"Biz bir daha sübut etdik ki, ölümün əsas səbəbi kəskin posttravmatik zədələr, döş qəfəsinin küt travması və daxili orqanların zədələnməsi nəticəsində baş verib. Tibbi sənədlərdə isə bu, qəsdən ürək tutması kimi təqdim edilib. Halbuki təqdim olunmuş şəhadətnamələr gerçəklikdən uzaq və obyektivlikdən kənardır."
Ekspertin sözlərinə görə, bu cür zorakılıqlar Azərbaycan ictimaiyyətini dərindən sarsıdır və məsələ ilə bağlı beynəlxalq hüquqi mexanizmlər işə salınmalı, cinayətkarlar məsuliyyətə cəlb edilməlidir.