“Yekaterinburqda baş verən xoşagəlməz hadisələr bir azərbaycanlı olaraq məni də çox məyus etdi. Çox sarsılmışam. Təkcə mən yox, demək olar ki, bütün azərbaycanlılar sarsıntı içərisindədir. Bizim inandığımız ölkə olan Rusiyada vətəndaşlarımıza, həmvətənlərimizə qarşı göstərilən bu münasibət sadəcə vəhşilikdən başqa bir şey deyildir. Elə bildim ki, yenidən mən Qarabağ hadisələrini yaşadım, yenidən ağrı-acını çəkdim. Hadisə baş verən andan özümə yer tapa bilmirəm”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, xanəndə Sevinc Sarıyeva deyib.
O daha sonra əlavə edib:
“Hər bir ölkənin özünün qayda-qanunları var. Əgər cinayətkar cinayət törədibsə, ona xəbərdarlıq edirlər və hüquq-mühafizə orqanları gəlib əlini-qolunu qandallayıb həbs edir. Cinayətkar da bir insan və şəxsiyyətdir. Cinayətkarı vəhşicəsinə öldürmürlər. Bəlkə də Rusiyada belə qayda-qanun yoxdur, amma mənim ölkəmdə qanunlar belədir. Hər şeyi daha sivil şəkildə edirlər. Yoxsa sən səhər saat 6-da dur, evə basqın et və arvad-uşağın gözü qarşısında kiminsə həyatına son qoy! Bu hərəkət mentalitetimizə belə yaddır!”.
Sevinc Sarıyeva deyir ki, Yekaterinburqda öldürülən iki qardaş-Hüseyn və Ziyəddin Səfərovlar onun yaxınlarıdır:
“Bu iki qardaş mənim kəndlilərimdir. Həm də ata tərəfdən qohumuq, yaxınıq. Ağdamın Mərzili kəndində doğulublar. Onları uşaqlıqdan tanıyıram. Çox savadlı övladlar idi. Məktəbdə də nümunəvi şagird olublar. Mehdi dayının, Solmaz xalanın tərbiyə verdiyi 6 oğulun hər biri vətənə, torpağa layiqli övladlar idilər. Ziyəddinlə Hüseynin ölümünə çox üzülmüşəm. Nəhayət ki, onların nəşi vətənə gətirildi, Ağcabədidə dəfn olunacaqlar. Ümid edirəm ki, Yekaterinburqda nahaq yerə həbsdə yatanların da qapısı açılacaq və haqq-ədalət öz yerini tapacaq. Hüseynlə Ziyəddinin qanı yerdə qalmayacaq. Mən öz dövlətimə, qanunlarıma, prezidentimə, nazirliyimə güvənirəm. Hadisə baş verən günündən bu günə qədər dövlətimiz öz mövqeyini bildirib və bildirməkdə davam edir. Seyfəddin qardaşıma başsağlığı verirəm. Bu tək Seyfəddinin yox, bütün Azərbaycanın faciəsidir. Dövlətimizə güvənirik, sığınırıq”, - deyə əməkdar artist bildirib.
