Sea Breeze

Bu gün xüsusi yer tutan Mingəçevir şəhəri təkcə coğrafi deyil, həm də strateji baxımdan mühüm əhəmiyyətə malikdir. Bu şəhər ötən əsrin ikinci yarısından etibarən ölkənin enerji sisteminin əsas dayaqlarından biri kimi formalaşmış və bu gün də həmin mövqeyini uğurla qoruyub saxlayır.

Bu möhtəşəm inkişafın təməli hələ 1974-cü ildə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə qoyulmuşdur. Həmin il Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının tikintisinə start verildi. Ulu Öndər müdrik və uzaqgörən siyasi baxışı ilə bilirdi ki, enerji müstəqilliyi və təhlükəsizliyi dövlətin davamlı inkişafı üçün əsas sütunlardan biridir. O dövrdə bu stansiyanın inşasına başlamaq yalnız texniki deyil, həm də siyasi cəsarət tələb edən addım idi. Məhz Ulu Öndərin bu uzaqgörən qərarı nəticəsində Azərbaycanın enerji sistemində dönüş nöqtəsi baş verdi. 1981-ci ildə “Azərbaycan” İES-in birinci enerji bloku Ulu Öndərin şəxsən iştirakı ilə istismara verildi.

Sonrakı illərdə digər bloklar da mərhələli şəkildə istifadəyə verildi və nəticədə bu stansiya o vaxtkı Sovet İttifaqının tərkibində olan respublikalar arasında ən mühüm enerji obyektlərindən birinə çevrildi. Mingəçevir, həmin dövrdə təkcə Azərbaycanın deyil, bütün Qafqazın aparıcı energetika mərkəzlərindən biri kimi tanındı. Lakin 1990-cı illərin əvvəllərində, müstəqilliyimizin ilk illərində ölkə dərin iqtisadi və sosial çətinliklərlə üzləşdi. Enerji sistemimiz də bu çətinliklərdən kənarda qalmadı. Yanacaq təchizatı ilə bağlı ciddi problemlər, texniki avadanlıqların köhnəlməsi və ümumi strukturun dağılması nəticəsində enerji qıtlığı yaşanmağa başladı. Bu çətin dövrlərdə belə, Mingəçevirdəki “Azərbaycan” İES əsl dirəniş simvoluna çevrildi. Hətta ağır şərtlər altında belə, bu stansiya fasilələrlə də olsa, əhaliyə və sənaye obyektlərinə enerji verməyə davam etdi. Ulu Öndərin vaxtilə atdığı strateji addımların real nəticələri məhz o illərdə xalqımız üçün həyati əhəmiyyət daşıyırdı. Bu gün artıq Mingəçevir yeni bir mərhələyə qədəm qoyur. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi ilə bu şəhər təkcə öz tarixi irsini davam etdirmir, həm də yeni bir gələcəyin qapılarını açır. 1880 meqavat gücə malik bu stansiya Azərbaycanın enerji sistemini daha da gücləndirəcək, respublikanın və regionun enerji təhlükəsizliyini təmin edəcək və ölkəmizin ixrac potensialını artıracaq. Qürurvericidir ki, Ulu Öndərin əsasını qoyduğu enerji siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın enerji müstəqilliyi təmin olunub, ixrac imkanları genişlənib, ölkəmiz dünya enerji bazarında etibarlı tərəfdaş kimi tanınıb. Bütün bunlar bir daha sübut edir ki, Heydər Əliyev siyasəti bu gün də Azərbaycanın inkişaf yoluna işıq tutur.

Vidadi İsmayılov;
Neftçala rayonu, Şəhid atası

ETX
ETX
ETX