AZ

Azərbaycanlılara qarşı Yekaterinburq terroru

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pərvanə SULTANOVA[email protected]

İyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarınınYekaterinburq şəhərində azərbaycanlılara qarşı şiddət və amansızlıqla həyata keçirdikləri əməliyyat, soydaşlarımızı ağır işgəncələrə məruz qoyaraq qətlə yetimələri bu ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrı-seçkiliyin hələ də davam etdiyini bir daha göstərmiş oldu. Həmin gün səhər saatlarında Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən Yekaterinburqda azərbaycanlıların yaşadığı ondan çox mənzildə aparılan əməliyyat nəticəsində çoxlu sayda şəxslər, o cümlədən Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri saxlanılıb. İki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar xüsusi işgəncələr nəticəsində öldürülüb, bir neçə nəfər aldığı ağır xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Rusiya hüquq-mühafizə orqanlarının törətdiyi bu amansız davranış Stalin repressiyalarını belə kölgədə qoymaqla 21-ci əsrdə bir dövlətin adına utancdır. Amma görünən odur ki, Rusiyanın şovinist mahiyyəti dəyişməyib.

Yekaterinburqda evinə basqın edilmiş azərbaycanlı ailənin üzvlərinin mətbuata verdikləri açıqlamalarda, eyni zamanda, yayılmış fotolardan da görünür ki, hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən saxlanılan ailə üzvləri ilə son dərəcə vəhşi və təhqiramiz şəkildə davranılıb, onlara ağır bədən xəsarətləri yetirilib, bununla da törətmədikləri cinayətləri etiraf etməyə məcbur ediliblər, əks halda isə Ukrayna ilə döyüş bölgəsinə göndərilməklə və digər təhdidlərlə hədələniblər.

Ukraynada dərin bataqlığa düşən, resursları tükənən, insan qıtlığı ilə üzləşən Rusiya müxtəlif təzyiq, şantaj, məcburetmə yollarından istifadə edərək miqrantları müharibəyə cəlb etməyə çalışır. Onlar narkotik, törətmədikləri cinayətlər, ailə üzvləri və yaxınları ilə təhdid edilir, bir çoxları da məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiyalar verilmir, qayıtdıqdan sonra yenidən şantaj olunur və müharibəyə aparılırlar.

Miqrantlarla bərabər, milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar da bu kimi təqiblərin qurbanı olurlar. Rusiya uzun illər bu ölkədə yaşayan, öz vətəndaşı olan qeyri-ruslara heç vaxt vətəndaşı kimi baxmayıb, onları diskriminasiyaya məruz qoyub. Təəssüf ki, cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bəzi məmurlar bu mövzuda özlərini qəhrəmanlaşdırmağa çalışırlar. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və səsləndirdiyi statistikanın əsasında da bu həqiqətlər dayanır.

Azərbaycan və Rusiya rəsmən müttəfiq dövlətlərdir, amma təəssüf ki, qarşı tərəf özünü nəinki müttəfiq, qonşu dövlət kimi belə apara bilmir. Bunu daha əvvəl Bakı-Qroznı marşrutu üzrə uçan AZAL təyyarəsinin vurulması zamanı da gördük. Rusiya öz öhdəliklərini yerinə yetirmədi. Eyni zamanda, bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusiya ərazisinə buraxılmaması da bu ölkədə Azərbaycana qarşı formalaşdırılan münasibətin göstəricisidir. Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı təşkil olunmuş kiberhücumun arxasında da məhz Rusiyanın dayandığı aşkar edildi. Milli Məclisin komissiyasının bununla bağlı müvafiq hesabatı var.

Bu gün Ermənistanda radikalizm, revanşizm ideyalarının güclənməsi, Köçəryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxslərin daha uca səslə danışmağa başlaması Moskvadan idarə olunan prosesdir. Məqsəd Cənubi Qafqaz regionunu yenidən müharibə arenasına çevirməkdir. Əgər bu gün Rusiya dili, dini eyni olan slavyan Ukrayna xalqına qarşı da belə qəddar siyasət yürüdürsə, Ukraynanın şəhər və kəndlərini yer üzündən silirsə, Buçadakı kimi soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurursa, onda digər xalqlara qarşı daha qəddar və acımasız davranışı təəccüb doğurmamalıdlr.

1990-cı illərdə digər xalqların nümayəndələrinə qarşı qəddarlığı ilə seçilən skinhed hərəkatının arxasında Rusiya xüsusi xidmət orqanları dururdu. Bu gün artıq heç skinhedlərə də ehtiyac yoxdur. Çünki bu funksiyanı Rusiyanın hüquq-mühafizə orqanları özü daha qəddar və açıq formada həyata keçirir. Bu, humanizmdən dəm vuran Rusiya dövlətinin, rus xalqının faciəsidir. Bütün bu proseslərdə Rus Pravoslav kilsəsi qızışdırıcı yer tutur, ideoloji təxribatları əsaslandırır, hüquq-mühafizə orqanlarının qəddarlığına, qanunsuzluq və özbaşınalığa haqq qazandırır. 

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Azərbaycan XİN bəyanat verib. Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb. Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözlənti qarşı tərəfin diqqətinə çatdırılıb. Milli Məclis, Mədəniyyət Nazirliyi səviyyəsində nəzərdə tutulmuş görüşlər və tədbirlər təxirə salınıb.

Milli Məclisin deputatı Tamam Cəfərova mövzu ilə bağlı “525”ə deyib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlı ailələrə qarşı törətdiyi vəhşilik, iki soydaşımızın qətlə yetirilməsi, digərlərinin döyülərək, işgəncələrə məruz qalması və həbs edilməsi bu ölkənin onsuz da yerlə sürünən beynəlxalq imicinə daha bir böyük ləkə oldu. Əgər əvvəllər Rusiyada millətçi dəstələrin, demək olar ki, hər gün qeyri-ruslara qarşı hücumlarının, bazarlara basqınlarının, “Rus marşı” adlanan neonasist yürüşlərinin şahidi olurduqsa, indi bu səlib yürüşü dövlət səviyyəsində davam etdirilir. O bildirib ki, Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir: “Son bir ayda Rusiya güc strukturlarının oxşar hücumlarına Moskvada yaşayan özbək və qırğızların da məruz qaldığını xatırlasaq, prosesin sistemli olduğunu, tapşırığın isə vahid mərkəzdən gəldiyini görərik. Doğrudur, Özbəkistan və Qırğızıstan vətəndaşlarına qarşı hücumlar onların miqrasiya qanunvericiliyini pozması ilə əlaqələndirilirdi, Yekaterinburqda azərbaycanlı ailələrin evlərinə basqınlar isə başqa motivlə əsaslandırılır. Lakin hər bir halda cəza dəstələri rolunda güc strukturları çıxış etdiyi üçün baş verənlərin hamısının vahid bir irqçi siyasətin tərkib hissəsi olması göz önündədir. Yekaterinburqda baş verən hadisələr fonunda Rusiyanın Azərbaycanla münasibətlərində son gərginlik də diqqət çəkir. Həştərxanda keçirilən beynəlxalq tədbirə dəvət olunmuş azərbaycanlı deputatın ölkəyə buraxılmaması protokol normalarının pozulması kimi qiymətləndirilir. Azərbaycan tərəfi bu hadisəyə etiraz etsə də, Rusiya tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Digər tərəfdən, Azərbaycanın mülki təyyarəsinə qarşı törədilmiş insidentin cavabsız qalması və məsuliyyəti Rusiya tərəfinin öz üzərinə götürməməsi də narahatlıq doğuran məsələlərdəndir. Rusiya Federasiyası bu qanunsuzluqlara federal səviyyədə son qoymalıdır. Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən vəhşilik hallarını qəti şəkildə pisləyirik və bunu beynəlxalq hüquq normalarının, insan haqlarının pozulması kimi qiymətləndiririk. Azərbaycanın Xarici İşlər Nazirliyinin verdiyi nota və bəyanata XİN rəsmisi Mariya Zaxarovanın qısa və qeyri-ciddi cavabı qaneedici deyil. Bu məsələ ilə bağlı daha geniş və əsaslandırılmış izahat verilməlidir. Bizim tələbimiz ondan ibarətdir ki, bu cinayətlərdə əli olan hüquq-mühafizə orqanlarının əməkdaşları məsuliyyətə cəlb olunmalı və barələrində cinayət işi açılmalıdır. Səbəblər isə aydındır: Azərbaycanın artan beynəlxalq nüfuzu, müstəqil xarici siyasəti və Prezident İlham Əliyevin qlobal miqyasda nüfuzunun durmadan artması. Azərbaycanın güclənməsi, dövlətimizin qüdrəti bəzi dairələrin narahatlığına səbəb olur və onlar müxtəlif üsullarla bu inkişafı ləngitməyə, zəiflətməyə çalışırlar. Bu isə yolverilməzdir.

Azərbaycan dövləti hər zaman xarici ölkələrdə yaşayan vətəndaşlarının hüquqlarını qoruyur və müdafiə edir. Bu məsələdə də eyni prinsip tətbiq olunur və atılan addımlar bunu bir daha təsdiqləyir”.

Politoloq Zaur İbrahimli isə bildirib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması bir daha “velikorus” şovinizminin, rus millətçiliyinin bariz nümunəsi oldu: “Bu, yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda, Kremlin Rusiyanın qeyri-rus xalqlarına qarşı real münasibəti və siyasətidir. Bu hadisə ciddi-cəhdlə maskalanan rus faşizminin əsl simasını göstərməsidir. 21-ci əsrdə bütün dünya buna rasizm deyir. Bu ideologiyanın kökündə digər xalqlara alçaldıcı diskriminasiya münasibəti durur. Rus şovinizminin əsas ideoloji postulatı türklərə və ələxüsus Azərbaycana qarşı düşmənçilik təşkil edir. Biz bunu 1990-cı il 20 yanvar hadisələrində, Xocalı soyqrımında görmüşük. Biz bunu işğalçı Ermənistana himayədarlıqdan bilirik. Yekaterinburq şəhərində azərbaycanlılara qarşı etnik zəmində terror bu siyasətin daha bir təzahürüdür. Unutmayaq ki, Rusiya hələ də bu ölkə ərazisində AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə üzr istəməyib, məsuliyyətdən yayınmağa çalışır. Bu siyasət bilavasitə və birbaşa Kremldən həyata keçirilir, rasizm məhz Kremlin ideologiyasıdır. Bu ideologiya ruslara qardaş olan  Ukrayna xalqını belə qırğına verir. Rasizm Rusiyadakı qeyri-rus millətləri Ukrayna ilə müharibədə kütləvı qırğına verir, rusları isə cəbhəyə aparmır. Bu siyasət ilk növbədə rus xalqının özünə böyük təhlükədir. Rasizm başqa xalqlara diskriminasiyanı, istismarı rəva bilir. Bütün bunlara ilk növbədə rus xalqı etiraz etməlidir. Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın, etnik zəmində terrora qarşı Azərbaycan cəmiyyəti qəti şəkildə etiraz edir, bu cinayətə göstəriş verənləri lənətləyir. Azərbaycan vətəndaş cəmiyyəti qətiyyətlə soydaşlarımıza qarşı bu terroru pisləyir, bu, insanlıq əleyhinə cinayətdir.  Əgər Rusiya rəhbərliyi etnik zəmində terroru dəstəkləmirsə, üzr istəməli, günahkarlar dərhal cəzalandırılmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
33
525.az

10Mənbələr