ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Xəlil İsmayılov – 80
Müdriklər insan ömrünü daşlı-kəsəkli, mübarizələrdən keçən bir yola bənzədiblər. Onilliklər, yubileylər bu yolda hesabat məqamları kimi əlamətdardır. Azərbaycan təhsilinə, kibabşünaslıq elminə dəyərli töhfələr vermiş Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Xəlil İsmayıl oğlu İsmayılovun 80 yaşının tamam olması bu baxımdan zəngin və öyünclü bir ömür zirvəsidir.
Lev Tolstoy “Bəyaz gecələr” əsərinin əvvəlində oxucuyla belə bir sual ünvanlayır: “Doğrudanmı belə bir səma altında müxtəlif xasiyyətli insanlar yaşayır?” Bəli, insanların xasiyyətləri kimi, ömür yolları da fərqli və bənzəsizdir. Kiminin həyatı bir vərəqi belə doldura bilməyəcək qədər bəsit və kasad, kimlərinsə keçdiyi yol romanlar qədər çoxsəhifəli, zəngin və mənalıdır. Pprofessor Xəlil İsmayılovun xalqa xidmətlə mənalanmış bioqrafiyası ictimai dəyəri ilə seçilir, nəsillərə örnək olan bir məzmun daşıyır.
Xəlil İsmayılov 1 iyul 1945-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Gədəbəy rayonunun Düzrəsullu kəndində, zəhmətkeş bir ailədə dünyaya göz açıb. II Dünya savaşının iştirakçısı olmuş İsmayıl kişi ailəsinin çətin şəraitdə yaşamasına baxmayaraq, Xəlilin ali təhsil almaq, elmi fəaliyyətini davam etdirmək arzusuna dayaq olub. Xəlil doğulduğu kəndin yeddiillik, Çay Rəsullu kəndində orta məktəbi bitirib. Hərbi xidmətdən sonra 1967-ci ildə Bakıya gələrək neft emalı zavodunda fəhlə işləyib, Baki Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil olub. 1972-ci ildə ali təhsili bitirib orduya yardım cəmiyyətində müxtəlif vəzifələrdə çalısıb.
1974-cü ilə doğma fakültəyə dəvət alan Xəlil İsmayılov kitabxanaşünaslıq kafedrasının laborant kimi işə qəbul edilib, aspiranturaya daxil olub Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi alıb. Kafedranın müəllimi, baş müəllimi, dosenti olub. 2004-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
Professor Xəlil İsmayılov 1990–1993-cü illərdə kitabxanaçılıq kafedrasının müdiri, 1993–2012-ci illərdə kitabxanaşünaslıq-informasiya fakültəsinin dekanı, 2007–2019-cu illərdə isə kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri vəzifələrində işləyib. Alim 1997-ci ildən nəşr olunan “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri, metodik və təcrübi jurnalının təsisçisi və baş redaktorudur. 1999-cu ildən “Azərbaycan Kitabxana İşinin İnkişafı” İctimai Birliyinin idarə heyətinin sədridir.
Tanınmış kitabxanaşünas Xəlil İsmayılov ABŞ (Boston), Fransa (Nitsa, Leon, Kan), Belçika (Brüssel, Namur), Norveç (Oslo), və Koreyada (Seul), Rusiya, Gürcüstan və digər ölkələrdə keçirilmiş forumlarda və İFLA-nın iclaslarında Azərbaycan kitabxana cəmiyyətini təmsil edib, beynəlxalq məclislərdə elmi məruzələrlə çıxış edib. Soydaşımız “Azərbaycan Respublikasında kitabxana işinin metodik təminat sisteminin inkişaf tarixi: (1918–2000-ci illər)” monoqrafiyasının, “Kitabxana işinin təşkili və idarə edilməsi”, “Kitabxana menecmentinin əsasları”, “Kitabxana-informasiya texnologiyaları”, “Kitabxana işinin idarə edilməsinin metodiki təşkilatı məsələləri” kitablarının, 300-dən çox proqram, dərs vəsaiti, məqalə və məruzənin müəllifi, “Sənədlərin biblioqrafik təsnifləşdirilməsi”, “Sənədlərin biblioqrafik təsviri” dərsliklərinin, “Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodiki və təcrübi jurnal. Biblioqrafik göstərici (1997 - 2018)” kitabının həmmüəllifidir.
Professor Xəlil İsmayılovun rəhbərliyi ilə 10 nəfərdən çox aspirant və doktorant fəlsəfə və elmlər doktoru dissertasiyaları müdafiə edib. O, AMEA Tarix və Etnologiya İnstitutunda Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən “Kitabxanaşünaslıq, bibliqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə Elmi Seminarın sədridir. Azərbaycanlı alim BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib. Təcrübəli kitabxanaşünas “Kitabxana işi haqqında” Qanunu hazılayan işçi qrupunun üzvü olub.
Xəlil üçün kitabxana milli yaddaşın qoruyucusu, xalqın mənəvi özəyini yaşadan, zamanın dilində danışan ruha sahib canlı bir varlıqdır.
Çoxyönlü ictimai fəaliyyətlər onun cəmiyyətdə onun “vətənə xidmət edən alim” obrazını yaradıb və pedaqoq alimə geniş hörmət qazandırıb. Alimin elmi və ictimai fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2009-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2019-cu ildə isə “Tərəqqi” medalına layiq görülüb. Səmərəli pedaqoji fəaliyyətinə görə alim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə, BDU rektorunun “Fəxri fərman”ları ilə təltif olunub.
Professor Xəlil İsmayılov tələbələrə yalnız ixtisaslarını deyil, həm də həyatı öyrədən müəllimlərdəndir. “Alim olmaq üçün əvvəlcə insan olmaq lazımdır” deyimi onun pedaqoji və insani yanaşmasının fəlsəfəsini tam ifadə edir. Xəlil müəllimin xarakterindəki səbr, əzmkarlıq və dürüstlük öyrənmək və öyrətmək kimi digər mənəvi keyfiyyətlərlə də həmahənglik təşkil edir. Onun yazdığı əsərlər kitabxanaların idarə olunması, informasiya xidmətlərinin təşkili, oxucularla işin yeni formatda aparılması üçün konkret üsullar təqdim edir.
Maarifçi obrazı eyni zamanda, kitabla cəmiyyətin münasibətini dəyişmək istəyən bir ziyalı kimi fəaliyyəti ilə də zənginləşir. O, kitabın yalnız bilik mənbəyi deyil, həm də milli kimliyin, mənəvi dəyərlərin, estetik zövqün daşıyıcısı olduğunu dönə-dönə vurğulayır. Məhz bu baxış bucağından yanaşaraq professor Xəlil İsmayılov kitabı “ictimai dəyərlərin səssiz daşıyıcısı” kimi təqdim edir.
Kitabxanaşünas professorun xarakterini səciyyələndirən əsas cəhətlərdən biri də onun təhsildən, tələbədən, cəmiyyətdən uzaq düşməməsi, daim insanlarla xoş ünsiyyətdə olmasıdır. Elmə və insana yanaşmasında Xəlil İsmayılovu fərqləndirən əsas dəyərlərdən biri də səmimiyyəti və xeyirxahlığıdır. O, öz bilik və təcrübəsini paylaşarkən heç vaxt üstün mövqeyi sərgiləmir, əksinə, auditoriyanın mövqeyinə hörmətlə yanaşır.
Xəlil İsmayılov gözəl ailə başçısı kimi övladlarını da yüksək səviyyəli ziyalılar kimi yetişdirib. Onun ailəsi, elmə və mədəniyyətə dərin bağlılığı ilə tanınır. Əsl ziyalı ömrü yaşayan Xəlil İsmayılov akademik fəaliyyətini, müəllimlik missiyasını gənc nəsillərin yetişməsi, inkişaf etməsi üçün fəaliyyət meydanı və xidmət imkanı sayır. Onun tez-tez işlətdiyi bir ifadə də var: “Kitabxanalar susmur – onları danışdıranlar var”. Bu yanaşma təkcə poetik deyim deyil, həm də yubilyarın 80 illik ömür yolunun fəlsəfi ifadəsidir.
İsmayıl ƏLİYEV,BDU-nun kafedra müdiri, professor
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.