"Sülhə aparan yol liderlikdən keçir və bu liderliyi Türkiyə göstərə bilər"
ABŞ-ın Türkiyədəki səfiri və prezident Donald Trampın Suriyadakı xüsusi nümayəndəsi Tom Barraq son açıqlamaları ilə həm ikitərəfli münasibətlərə, həm də Yaxın Şərqdə sülh səylərinə dair mühüm mesajlar verib.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Səfir bölgədə yeni dövrün başlandığını vurğulayıb və bu prosesdə Türkiyənin lider rolu oynaya biləcəyini bəyan edib. Səfirin sözlərinə görə, "vaxt bitdi - yeni səhifə açmaq vaxtıdır, və bu səhifənin açarı Türkiyədir".
"Türkiyə öz potensialını hələ tam dərk etmir"
Barraq ABŞ-Türkiyə münasibətlərində yeni mərhələnin başlandığını qeyd edib. Onun fikrincə, Türkiyə uzun illər NATO-da mühüm müttəfiq kimi tanınsa da, regionda sahib olduğu real güc və nüfuzun fərqində olmayıb. İndi isə Türkiyə həm hərbi gücü, həm də diplomatik çevikliyi ilə bölgədə yeni nizam quruculuğunda mərkəzi oyunçudur. "Türkiyənin ikinci ən böyük NATO ordusuna malik olması, güclü hava hücumundan müdafiə sistemləri və "Bayraktar TB2" kimi müasir hərbi texnologiyalar onu qlobal oyunçuya çevirir. Ən önəmlisi isə sülhə və əməkdaşlığa meylli əhalisi var", - səfir vurğulayıb.
"Tramp Türkiyənin uğurlarını yaxından izləyir"
Səfir Tom Barraqın sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Türkiyənin regional rolunu və qlobal uğurlarını diqqətlə izləyir. O, prezident Trampla prezident Ərdoğan arasında formalaşmış güclü şəxsi münasibətlərin ikitərəfli əlaqələrə dinamika verdiyini deyib. "Bu, sadəcə diplomatik əlaqə deyil, qarşılıqlı güvənə söykənən bir dostluqdur. Tramp və Ərdoğan, habelə nazir Rubbio və Fidanın dördü birlikdə bu münasibətlərin arxasındadır. İki lider bir-birinə güvənir və bu, prosesləri irəli aparmaq üçün real fürsətdir", - Barraq deyib.
F-35 və sanksiyalar məsələsi: "Yeni başlanğıc üçün fürsət var"
ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarına və F-35 proqramından çıxarılmasına da toxunan Barraq bu məsələlərin artıq keçmişdə qalmalı olduğunu deyib: "Trampın bu məsələlərə dair niyyəti aydındır. Türkiyə F-35-in istehsalında iştirak edir, özü üçün F-16-ların modernləşdirilməsinə pul ödəyir. Konqres bu məsələyə yenidən baxmağa hazırdır. İlin sonuna qədər F-35 məsələsində irəliləyiş mümkündür". Barraq əlavə edib ki, ABŞ və Türkiyə yalnız müdafiə partnyoru deyil, bundan sonra "hücumda da tərəfdaş olmalıdır".
"Yaxın Şərqdə müharibəyə yox, dialoqa ehtiyac var"
Yaxın Şərqdə onillərlə davam edən qarşıdurmaların insanları bezdirdiyini deyən səfir bölgədə yeni dialoqun başlayacağına inandığını vurğulayıb: "Hər kəs daha yaxşı həyat, sabitlik və gələcək nəsillər üçün ümid istəyir. Bunu təmin etməyin yolu güclü və ədalətli liderlikdən keçir. Türkiyə bu liderliyi göstərə bilər", - o, bildirib. İzmirin tolerantlıq modeli kimi təqdim olunduğu səfirin sözlərinə görə, fərqli dinlərin və etnik qrupların birgəyaşayışı bütün Yaxın Şərq üçün örnək ola bilər.
İsrail-İran qarşıdurması: "Yeni fürsət pəncərəsi açılıb"
İsrail və İran arasında artan gərginliyi dəyərləndirən Barraq bu vəziyyətin həm təhlükə, həm də fürsət olduğunu bildirib: "İsrailin mövqeyinə yenidən baxmaq zamanıdır. Bu qarşıdurma bizə bir mesaj verir: vaxt bitdi, yeni səhifə açmalıyıq. Bu yolun açarı isə Türkiyədir". O, eyni zamanda qeyd edib ki, Suriyada baş verən müsbət dəyişikliklərin çoxu məhz Türkiyənin təşəbbüsləri sayəsində mümkün olub və Ankara bu sülh mexanizmlərinin mərkəzinə çevrilə bilər.
Suriya və İsraillə sülh: "Dialoq başlayır"
Suriyanın yeni prezidenti Əhməd Əş-Şaranın İsrailə qarşı dini düşmənçiliyinin olmadığını deyən Barraq iki ölkə arasında dialoqun arxa planda başladığını söyləyib: "Əvvəlcə sərhəd təhlükəsizliyi kimi praktik məsələlər müzakirə ediləcək, sonra isə bu genişmiqyaslı sülh danışıqlarına çevrilə bilər. Suriyadan sonra eyni model Livanda da tətbiq edilə bilər".
SDF və yeni Suriya modeli
SDF (YPG/PKK) barədə suala cavab olaraq Barraq bildirib ki, ABŞ yalnız mərkəzi Suriya hökuməti ilə əməkdaşlıq edəcək. Amma SDF və digər azlıqlar da yeni Suriyada siyasi və hərbi baxımdan təmsil olunmalıdır: "Yeni Suriya müxtəlif qrupların bir arada yaşadığı və təmsil olunduğu vahid dövlət olacaq. Bu isə zaman və səbr tələb edir"
Səhnədə yeni oyunçu - Türkiyə
Tom Barraqın açıqlamaları göstərir ki, ABŞ Yaxın Şərqdə yeni nizam üçün tərəfdaş axtarışındadır və bu rola ən uyğun ölkə kimi Türkiyəni görür. Bu həm sülh proseslərində, həm hərbi əməkdaşlıqda, həm də regionun gələcəyini formalaşdırmaqda Ankara üçün ciddi bir fürsətdir. ABŞ-ın yeni mesajı aydındır: "Bölgənin gələcəyi Türkiyənin əllərində formalaşa bilər".