AZ

Səssiz milyarder - Sergey Brin-in sərvətinə yaxından baxış

“Google”un təsisçilərindən biri olan Sergey Brin yalnız texnologiya dünyasının deyil, həm də qlobal sərvət xəritəsinin diqqətçəkən simalarından biri sayılır. 2025-ci ilə olan məlumata görə, sərvəti 130 milyard dolları keçən Brin “dünyanın ən varlı insanları” siyahısındakı mövqeyini qoruyur və sərmayələrini ənənəvi risk kapitalı çərçivəsindən kənara çıxarır. 

Valyuta.az xeyriyyəçilikdən hava gəmilərinə, Malibu sahilindəki evlərdən təvazökar avtomobil kolleksiyasına qədər Brin-in sərvətini təqdim edir: 

Moskva doğumlu Sergey Brin 6 yaşında ailəsi ilə birlikdə ABŞ-a köç edib. Stanford Universitetində Larri Peyc ilə tanış olduqdan sonra, 1998-ci ildə bu günün texnologiya nəhənglərindən biri olan “Google”u təsis etdilər. Şirkət sonradan “Alphabet” holdinqi altına keçdi. Bu səbəbdən Brin bu gün dünyanın ən güclü səsvermə hüququna malik səhmdarlarından biri hesab olunur.

“Forbes”in məlumatına görə, 2025-ci ildə onun xalis sərvəti 131 milyard dollar civarındadır. “Bloomberg” isə bu göstəricini 141 milyard dollar kimi təqdim edir. 2019-cu ildə rəhbərlik vəzifələrindən ayrılsa da, “Alphabet”dəki nəzarətini davam etdirir.

Sərvət idarəçiliyi: Bayshore Global Management

Brin-in sərvətini yönləndirən əsas struktur 2005-ci ildə qurduğu “Bayshore Global Management” adlı ailə fondu hesab olunur. Palo-Alto mərkəzli bu təşkilat həmçinin Sinqapur və Londonda da fəaliyyət göstərir. 2022-ci ildə portfelinin dəyərinin 100 milyard dollara yaxın olduğu qeyd olunurdu. Rəsmi illik hesabat dərc etmədiyinə görə, 2025 üçün dəqiq rəqəmlər ictimaiyyətə açıqlanmayıb. “Bayshore” özəl kapital, daşınmaz əmlak, texnologiya sərmayələri və fondlara maliyyə idarəçiliyi xidməti göstərir.

Startap və texnologiya yatırımları

Brin-in sərvəti yalnız səhm bazarındakı paylarla məhdudlaşmır. 2008-ci ildə “Tesla”ya etdiyi 500 min dollarlıq ilkin sərmayə, texnologiyaya olan inamının göstəricisidir. O, həmçinin “23andMe”, “Planetary Resources” (asteroid mədənçiliyi), “Navier Marine” (elektrikli dəniz nəqliyyatı), “Mosa Meat” (laboratoriyada istehsal olunan ət) və “Space Adventures” (kosmik turizm) kimi startaplara da sərmayə qoyub.

Hava gəmisi texnologiyası: LTA Research

Brin-in ən qeyri-adi layihələrindən biri hava gəmisi texnologiyasıdır. O, “LTA Research & Exploration” vasitəsilə elektriklə işləyən hava gəmilərinin inkişafını dəstəkləyir. 2023-cü ildə ABŞ-ın FAA qurumundan sınaq uçuşları üçün icazə alan “Pathfinder 1” bu istiqamətdəki ilk nəticə olub. “Business Insider” bu sahəyə Brin-in təxminən 250 milyon dollar sərmayə qoyduğunu bildirir.

Xeyriyyəçilik

Brin sərvətinin mühüm hissəsini xeyriyyə məqsədli layihələrə yönəldir. “Forbes”in məlumatına görə, 2025-ci ilin may ayında 700 milyon dollar dəyərində “Alphabet” səhm payını müxtəlif fondlara ianə edib. Bu vəsaitin təxminən 500 milyon dolları onun yaratdığı “Catalyst4” adlı xeyriyyə qurumu vasitəsilə paylanıb. Qalan hissəsi isə “Sergey Brin Family Foundation” və “Michael J. Fox Foundation” kimi təşkilatlara yönəldilib.

Brin, Parkinson xəstəliyinə dair araşdırmaları da dəstəkləyir. Bunun səbəbi anasında aşkar olunan genetik mutasiyanın onda da mövcud olmasıdır.

Daşınmaz əmlak: Malibu-dan Nyu-Yorka

Brin-in həyat tərzi “təvazökar dəbdəbə” prinsipi ilə seçilir. O, sərvətini nümayişkaranə malikanələrə deyil, funksional və estetik yaşayış məkanlarına yönəldir.

Malibu, Kaliforniya

Brin-in əmlak portfelində diqqətçəkən bölgələrdən biri Malibu-dur. 2020-ci ildə Malibu sahilində yerləşən bir evi təxminən 13,5 milyon dollara alıb. Bu ev əvvəllər müğənni Pink-ə məxsus olub. 2023-cü ildə isə eyni bölgədə 35 milyon dollara daha bir ultra lüks ev əldə edib. Bu evdə şəxsi hovuz, sahilə çıxış və kinoteatr salonu var.

Los Altos Hills, Silikon vadisi

Brin-in uzun illərdir yaşadığı və əsas yaşayış ünvanı kimi istifadə etdiyi Los Altos Hills təbii mühitlə iç-içə və sakit həyat üçün ideal məkandır.

Nyu-York, West Village

O, həmçinin Manhattan-ın West Village bölgəsində yerləşən 325 kvadratmetrlik penthausa malikdir. Bu evi 2008-ci ildə 8,5 milyon dollara alıb.

Avtomobillər

Brin lüks superkarlar əvəzinə, texnoloji və ətraf mühitə uyğun avtomobillərə üstünlük verir. Onun avtomobil kolleksiyası təvazökar sayılır. Məlumata görə, aşağıdakı nəqliyyat vasitələrinə sahibdir:

Toyota Prius – 2005-ci ildə 27 min dollara alınıb və “Google”un pilotsuz avtomobil layihəsində istifadə olunub.

Audi A6 – 2010-cu ildə 50 min dollara əldə etdiyi bu hibrid sedan, texnoloji rahatlığı ilə seçilir.

Lincoln Navigator – 2015-ci ildə 80 min dollara alınan bu geniş SUV, onun rahatlıq axtarışını göstərir.

Tesla Model S – 2008-ci ildə şirkətə sərmayə qoyduqdan sonra 2016-cı ildə bu modeli 110 min dollara alıb. “Google” işçiləri bu avtomobili Batman temalı bir zarafatla “Batmobile” formasına salıblar.

Özəl təyyarələr

Brin-in təyyarə parkına “Boeing 767-200” və “Dassault/Dornier Alpha Jet” daxildir. Onları Moffett Field bazasında illik 1,3 milyon dollar icarə haqqı ilə saxlayır.

“Dragonfly” yaxtası

Brin “Silver Yachts” tərəfindən inşa edilən və 2011-ci ildə aldığı 73 metrlik “Dragonfly” adlı lüks yaxtaya sahib olub. Bu yaxta qısa müddət əvvəl 30 milyon dollara satışa çıxarılıb və Monakodakı yaxta sərgisində nümayiş etdirilib. Həmçinin onun 38 metrlik “Butterfly” yaxtası və “FlyFeet” adlandırdığı dəniz vasitələri kolleksiyası da mövcuddur.

Səssiz güc, uzunmüddətli təsir

Sergey Brin sərvətini nümayişkarlıqdan uzaq, lakin strateji şəkildə yönəldir. Onun hər bir sərmayəsi ya gələcəyə dair vizyona, ya da şəxsi motivasiyalara əsaslanır. Texnologiyaya yönəlmiş yatırımları gələcək üçün, xeyriyyəçilik fəaliyyəti isə ailə tarixindən qaynaqlanır. Daşınmaz əmlak seçimi isə sakit və təcrid olunmuş həyat arzusunu əks etdirir.
O, “Alphabet” səhmlərindən əldə etdiyi vəsaitlə kosmos, biotexnologiya və hava nəqliyyatı sahələrinə sərmayələr yatıraraq gələcəyin infrastrukturunu formalaşdırmağa çalışır.

Sərvanə Rəmixanova

Seçilən
30
8
valyuta.az

10Mənbələr