ain.az, Azertag portalına istinadən məlumat yayır.
Moskva, 30 iyun, AZƏRTAC
Rusiyanın Volqoqrad şəhərində ekstremist qrup yaratmaq, RF respublikaları və MDB-dən olan şəxslərin avtomobillərini yandırmaq kimi cinayətlərdə şübhəli bilinən həddi-buluğa çatmamış dörd nəfər saxlanılıb.
AZƏRTAC Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə idarəsinin məlumatına istinadla xəbər verir ki, cinayətkar qrupun təşkilatçısı mesencerdə müəyyən millətlər və dinlərin nümayəndələrinə qarşı zorakılıq çağırışları edən 17 yaşlı yeniyetmədir.
İstintaqın məlumatına görə, iştirakçılar icarəyə götürülmüş qarajda görüşüb və orada dövlət orqanlarına qarşı aksiyalara hazırlıq məsələlərini müzakirə ediblər. Onlar müxtəlif milli respublikalardan və qonşu ölkələrdən olan insanlara məxsus avtomobilləri, habelə Qələbə bayrağının surətini yandırmaq, Volqoqrad Gəmiqayırma Zavodunun memorial divarına nasist rəmzləri çəkmək kimi bir neçə cinayət planını həyata keçirməyə nail olublar.
İcarəyə götürülmüş binaya baxış zamanı sənaye xarakterli partlayıcı maddələr aşkar edilərək götürülüb. Cinayətlərin təşkilatçısı nəzarətə götürülüb, daha üç iştirakçı isə ev dustaqlığına buraxılıb. Onların barəsində nasizmin reabilitasiyası və bir sıra digər maddələrlə cinayət işi açılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.