“Yekaterinburqda baş verən OMON-un vəhşiliyi bir daha sübut etdi ki, Rusiya öz mahiyyətindən dönmür. Rusiya həmişə türk xalqlarına, müsəlmanlara qarşı qəddarlığı ilə seçilib. Pravoslav kilsəsi onları hər zaman müdafiə edib. Bu vəhşilik elə bir miqyasdadır ki... Yadımıza gəlir, Stalin dövründə "troyka"lar, yəni “üçlüklər” var idi, heç olmasa, formal məhkəmə keçirib, güllələyirdilər. İndi Rusiya OMON-u insanları göz baxa-baxa məhkəməsiz, hətta polis orqanlarına aparmadan, yaxud həbsxanalarda işgəncə verərək öldürürlər. Xüsusən, bu hal azərbaycanlılara qarşı daha geniş miqyas alır. Təbii ki, təkcə erməni burada qızışdırıcı rol oynamır, Rusiyanın da türk və İslam xalqlarına nifrəti özünü göstərir. Həqiqətən, çox acınacaqlı vəziyyətdir, çünki rəsmi yüzminlərlə, qeyri-rəsmi milyonlarla soydaşımız Rusiyada yaşayır. Onlara qarşı daim ayrı-seçkilik olub. Hətta öz dostluq cəmiyyətlərini, mədəni muxtariyyətlərini yaratmalarına imkan verməyiblər, bəzən məsələ məhkəmə çəkişmələrinə qədər gedib. Hətta məhkəmənin qərarı olmadan belə Rusiyanın Ədliyyə Nazirliyi Azərbaycana aid təşkilatları bağlayıb. Bunlar dincəlmək bilmir, SSRİ-nin xiffətini keçirirlər. Bütün bu cinayətlərin başında isə Putin dayanır. Yeltsin onu vəzifəyə təyin edəndə açıqca bildirdi ki, mən demokratam, edə bilmədiklərimi Putin həyata keçirəcək. İndi Putin görün necə vəziyyət yaradıb”.
Bu sözləri Pravda.az-a açıqlamasında Vəhdət Partiyası Baş Məclisinin sədri, sabiq deputat Tahir Kərimli deyib.
O bildirib ki, Rus xalqında şovinizm çox dərindir: “Dünyada özlərinə ən yaxın xalq olan ukraynalılara belə züm edir, torpaqlarını işğal altına salır, soyqırımına məruz qoyurlar. Ukraynanı cəhənnəmə çeviriblər. Rusiyada milli şüur elə bir vəziyyətə gəlib ki, özlərindən "etnocinayət" adlı anlayışlar yaradıblar. Guya Rusiyada yaşayan etniklər "etnocinayətlərlə" məşğuldurlar. Halbuki Orta Asiyadan və digər yerlərdən gələnlər bir tikə çörəkpulu qazanırlar. Rusların işləmədikləri sahələrdə çirkli işlərdə işləyirlər, lakin gözləri görmür. Bir şeyi də unudurlar, Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy qeyd edir ki, bunlara qarşı amansız tədbir görmək lazımdır, Rusiya vətəndaşlığını qəbul ediblərsə, bu bizim işimizdir, qarışmasınlar. Axı sən onları rus deyil, azərbaycanlı olduqlarına görə belə əzablara düçar edirsən. Buna necə qarışmamaq, reaksiya verməmək olar? Buna görə də haqlı olaraq Azərbaycanın Xarici İşlər Nazirliyi nota verdi. Bizim başımıza nələr gəlib, bəzən qorxa-qorxa deməmişik. Məgər Xocalı faciəsini 366-cı rus motaatıcısı törətmədi? Adını qoyuruq ki, guya orada ermənilər idi, sovet dövrü idi... Nə dəxli var? Putin özü qeyd edir ki, Rusiya SSRİ-nin davamıdır, hüquqi varisidir. Başımıza nələr gəlib, nələr gətiriblər... Dünyanın hər yerindən erməniləri yığıb, erməni dövləti düzəltdilər, yüz illərlə bizi soyqırımına məruz qoydular. Qafqazda bizi sıxışdırdılar, süni "erməni dövləti" yaratdılar. Hətta erməniləri marşal qoyurdular, bizi isə əsgər belə aparmırdılar ki, silah tutmağı yadırğayaq. Rusların nifrəti üzdədir. Azərbaycan xalqı çox qəzəblənib. Bu, birinci hal deyil. Dəfələrlə belə hallar olub. Yadımızdadır, Təyyarəmizi vurdular, Qazaxıstana düşdü. Hələ də Rusiya indiyə qədər rəsmi şəkildə nə üzr istəyib, nə də təzminat verib. Bizdən nə istəyirsiniz? Beş-on il əvvəl televiziya verilişlərinin birində demişdim ki, Rusiya, sən nəhəng ola, bizi ölüdürüb, kəsib-doğraya bilərsən, amma bizi çətin qorxuda, iradəmizi sındıra biləsən. Biz millətik, öz dövlətimizi qurmuş xalqıq. Çox ağır vəziyyətdir. Azərbaycan tərəfi tamamilə doğru edib, Rusiya ilə bağlı bütün tədbirləri təxirə salıb. Azərbaycan cəmiyyəti və dövləti bu məsələdə bir olmalıdır. Rusiyanın həm ekspansionist siyasətinə, həm etnonifrət üzərində qurulan siyasətinə, soydaşlarımıza qarşı olan nifrətinə birlikdə qarşılıq verməli, dövlətimiz və millət bu sahədə yekdil olmalıdır”.