AZ

Komissar və işçilərinin cinayət işi: "Belə çıxır ki, ikisi ağ, biri qara adamdır" - MƏHKƏMƏ

BAKI, 30 iyun. TELEQRAF

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiirlib.

Daha sonra məlum olub ki, Ramin Şükürovun hüquqlarının vəkillər Ceyhun Yusifov, Abbas Atakişiyev və Muxtar Mustafayev müdafiə edirlər.
Vəkil Abbas Atakişiyev bildirib ki, cinayət işi ilə tanış deyil: "Mənə ittiham aktını verdilər. Oxudum, heç nə başa düşmədim. Buna görə də mənə cinayət işi ilə tanış olmaq üçün vaxt verilməsini istəyirəm. iki həftə ərzində həm cinayət iş ilə tanış olub, həm də müdafiə etdiyim şəxslə konfdensial görüşüm. Sonra müdafiə taktikasını həyata keçirim".

Hakimlər vəkilin istəyini nəzərə alıblar və hazırlıq iclasının başqa günə keçirilməsi barədə qərar qəbul edilib.

Hakim Fikrət Əliyev bildirib ki, Ramin Şükürovun həbs, Xalid Əzimov və Emil Nəbiyevin isə ev dustaqlığı qətimkan tədbirinin müddəti iyulun 3-də bitir. Bu məsələnin uzadılması məsələsini müzakirəyə çıxarıb.

Ramin Şükürovun vəkili Ceyhun Yusifov buna etiraz edib. Ceyhun Yusifov müvəkkilinin həbsdə saxlanılmasına narazılıq edib.

Vəkil etirazını belə əsaslandırıb ki, təqsirləndirilən şəxslərin üçü də eyni maddələrlə ittiham olunur, amma biri həbsdə digərləri azadlıqdardırlar. Halbuki Ramin Şükürov ağır xəstəlikdən əziyyət çəkir, hazırda Penitensiar Xidmətin Müalicə Müəsisəsində stasionar qaydada müalicə alır: “Necə ola bilər ki, bir müttəhimə fərqli, digərinə tamam fərqli münasibət olub. Ramin Şükürov da əvvəl ev dustaqlığında idi. Amma sonradan həbs edildi. Əsas da bu göstərilib ki, ittiham ağırlaşdırılıb. Onda prokuror vəsatət qaldırsın digərləri barəsindəki ev dustaqlığı qətimkan tədbirini də həbslə əvəz edilsin. Belə çıxır ki, ikisi ağ, biri qara adamdır. Hesab edirəm ki, üçünün də statusu bərabərləşdirilməlidir. Ən əsası da şəxs ürək xəstəliyindən əziyyət çəkir. Hospitaldan alınmış həkim rəyini də məhkəməyə təqdim etmişik”.

Dövlət ittihamçısı Orxan Kəngərli isə vəsatətin təmin olunmaması istəyib. Müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin etməyib. Qərarda qeyd olunub ki, təqsirləndirilən şəxslərin barəsində olan qətimkan tədbirinin müddəti hazırlıq iclasının keçirilməsinə qədər uzadılıb.
Hazırlıq iclasının davamı iyulun 11-də davam edəcək.

Qeyd edək ki, Ramin Şükürovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifədə işləyərkən Xalid Əzimov və Emil Nəbiyev ilə cinayət əlaqəsinə girib.

Onlar çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaşın dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik edilməsi ilə bağlı sonuncudan 30 min manat məbləğində pul vəsaitini alaraq həmin şəxsə hərbi biletin verilməsinə nail olmaqla vəzifəli şəxslərin və hərbi həkim komissiyasının qərarına qanunsuz təsir göstərməsinə (nüfuz alveri etməsinə) əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimlan tədbiri seçilib.

Seçilən
18
46
teleqraf.com

10Mənbələr