ABŞ-ın süni intellekt çip istehsalçısı "Nvidia"nın əməkdaşları son 12 ay ərzində şirkətin səhmlərindən 1 milyard dollardan çox sataraq investorların süni intellektə artan marağını gəlirə çeviriblər.
Valyuta.az "Financial Times"a istinadən xəbər verir ki, bu satışların 500 milyon dollardan çoxu iyun ayında, Kaliforniya mərkəzli çip istehsalçısının səhm qiymətinin rekord səviyyəyə çatdığı dövrdə həyata keçirilib.
İnvestorların süni intellekt tətbiqlərinə güc verən çiplərə olan tələbatın yüksəkliyinə güvənərək "Nvidia"nın səhmlərinə yenidən maraq göstərməsi, şirkəti dünyanın ən dəyərli şirkətinə çevirib. Bu qiymət artımı "Nvidia"nın ABŞ ilə Çin arasındakı ticarət gərginliyi və Çinin süni intellekt sahəsindəki irəliləyişlərinin məhsullara olan tələbatı azaltdığı dalğalı bir ilin ardından baş verib.
"Nvidia"nın baş direktoru Censen Huanq ötən ilin sentyabr ayından bəri ilk dəfə bu həftə səhm satmağa başlayıb.
"Nvidia"nın verdiyi məlumata əsasən, Huanqın bütün satışları mart ayında təsdiqlənmiş və satışların baş tutacağı tarixləri və qiymətləri əvvəlcədən müəyyən edən bir ticarət planı çərçivəsində həyata keçirilib. Huanq hələ də şirkətdəki səhm payının böyük hissəsini əlində saxlayır.
"VerityData" şirkətinin tədqiqat üzrə vitse-prezidenti Ben Silveman bildirib: "Səhm qiyməti ilin ilk rübündə düşdüyü vaxtda Huanq satış etmədi və bu olduqca ağıllı qərar idi”. O əlavə edib ki, “Huanq səhm qiymətinin daha sərfəli satış səviyyələrinə çatmasını gözlədi".
"VerityData"nın tərtib etdiyi hesabatda göstərilir ki, Huanqın satışlarını "Nvidia"nın səhm qiymətinin 150 dolları keçməsi hərəkətə gətirmiş kimi görünür.
Huanq satış planı üçün tələb olunan 90 günlük gözləmə müddətinin başa çatmasının dərhal ardından səhm satışına başlayıb. Direktorlar və yüksək vəzifəli rəhbərlər, daxili məlumata əsaslanan ticarət ittihamlarından yayınmaq üçün adətən bu cür planları qəbul edirlər.
Hazırkı plana əsasən, Huanq bu ilin sonuna qədər 6 milyonadək səhm sata bilər. Hazırkı səhm qiymətlərinə görə, bu satış ona 900 milyon dollardan çox gəlir gətirə bilər.
"Forbes" jurnalının hesablamalarına görə, Censen Huanqın şəxsi sərvəti 138 milyard dollar olaraq qiymətləndirilir.
Paşa Məmmədli