Türkiyədə davam edən yanğınların söndürülməsi üçün səylər davam edərkən, Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı son yanğınlarla bağlı açıqlama verib.
Hafta.az-ın yazdığına görə, Manisanın Akhisar bölgəsində güclü külək səbəbiylə yanğının yenidən başladığını bildirən Yumaklı, "Bu gün baş verən 77 yanğından 53-ü meşədən kənarda olub" deyib. Yumaklı, "9-u böyük olan bu yanğınlardan Manisa Akhisar, İzmir Kuyucak və İzmir Doğanbəy davam edir. Hər üçü ciddidir. Digərləri böyük səylə nəzarət altına alındı. Meteoroloji məlumatlara görə, Doğanbəy və Kuyucakda gecə boyu 40-50 kilometr külək əsəcək. Ona görə də dostlarımız ayıq-sayıqdır. Yaşayış məntəqələrindən 4 kənd və 2 məhəllə boşaldılıb. Lazım olsa, risk etməyəcəyik. Biz koordinasiyalı şəkildə onları təxliyə edəcəyik” deyib.
İzmirin Menderes və Səfərihisar rayonları sərhədlərində baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir. Menderesin Kuyucak və Səfərihisarın Orhanlı məhəllələri sərhədindəki meşəlik ərazidə baş verən yanğınla mübarizə işləri davam edir. Adnan Menderes hava limanında dayandırılan uçuşlar 9 saatdan sonra bərpa edilib. Axşam saatlarında boşaldılan məhəllələrin sayı 10-a yüksəlib.
Digər tərəfdən, İzmirin Qaziəmir və Buca rayonlarında da yanğınlar baş verib. Antalyanın Aksu və Qazipaşa, eləcə də Aydının Didim rayonlarında yanğınsöndürmə işləri davam edir.
Yanğınlarla bağlı ədliyyə naziri Yılmaz Tunç açıqlama verib. Tunç, davam edən istintaqlar çərçivəsində 17 şübhəlinin nəzarətə alındığını açıqlayıb. Tunç, "Yanğın səbəbiylə Biləcik Gölpazarı Açıq Cəza Müəssisəsindən ehtiyat tədbiri olaraq təxliyyə edilib, 1081 məhbus və məhkum sağ-salamat qonşu vilayətlərdəki açıq cəzaçəkmə müəssisələrinə təhvil verilib. Onların ailələrinə və yaxınlarına proseslə bağlı məlumat verilib. Hazırda cəza müəssisələrimizdə təhlükə yoxdur" deyib. Tunç, "Qəsdən meşə yanğını törətmək" cinayəti çərçivəsində yaşayış yerini yandırıb, sonra meşə yanğını törətdiyi iddia edilən şübhəli barəsində qanuni proses başladıldığını bildirib.