AZ

Viza almaq istəyənlər bu şərtləri ödəməlidirlər

Bəzən vətəndaşlar xarici ölkələrə getmək məqsədilə viza düzəltmək adı ilə fəaliyyət göstərən şəxslərin yalan vədlərinə aldanırlar. Halbuki, viza üçün müəyyən şərtlər və qaydalar mövcuddur və onların düzgün şəkildə yerinə yetirilməsi əsas şərtdir. Bəs viza almaq istəyən vətəndaş nələrə diqqət etməlidir? Turizm eksperti Əziz Şiriyev Metbuat.az-a açıqlamasında bildirib ki, əgər vətəndaş viza üçün tələb olunan şərtlərə əməl edərsə, səfirliyin tələblərini ödəyərsə, viza verilməməsi ehtimalı çox aşağı olur. Onun sözlərinə görə, bu halda vətəndaşların viza alma şansı 99 faizdir: “Viza almaq istəyən vətəndaşın kartında, yəni şəxsi hesabında təxminən 3000-3500 dollar arası pul olması məsləhətdir. Həmçinin işlədiyi yerdən arayış təqdim olunmalıdır. Əgər dövlət işində çalışırsa, özəl sektorda işləyirsə və yaxud şəxsi sahibkardırsa, şirkətə dair sənədləri təqdim etməlidir. Bəzən girov qoyulacaq əmlak sənədləri, məsələn, ev sənədləri də tələb oluna bilər. Bu cür sənədlər vətəndaşın etibarlılığını göstərir və onun daha rahat viza almasına şərait yaradır. Eyni zamanda xarici dili bilməsi də çox böyük rol oynayır. Çünki səfirlikdə üzbəüz görüş təyin olunanda orada suallar verilir və həmin suallara düzgün cavab vermək vacibdir. Orada diqqətlə baxılır ki, bu vətəndaş ölkəni birdəfəlik tərk etməyəcək”. Ə.Şiriyevin sözlərinə görə, vətəndaşlar prosedur qaydalarını dəqiq bilmədikdə peşəkarlara müraciət etməlidirlər: “Əsas məqsəd odur ki, şərtlərə düzgün şəkildə əməl olunsun və səfirlik tərəfindən imtina almasınlar. Amma heç bir halda viza prosesində 100 faizlik zəmanət verilmir. Çünki müxtəlif səbəblərdən həmin vətəndaşa viza verilməyə bilər. Bu, şəxsin özündən asılı olan məsələdir. Amma professional bu sahədə çalışan, viza məsələlərini bilən tur menecerlər var ki, onlar dəfələrlə bu prosedur qaydasından keçiblər və xeyli sayda vətəndaş üçün viza alıblar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
13
25
metbuat.az

10Mənbələr