BAKI, 29 iyun. TELEQRAF
Yekaterinburqda azəbaycanlılara yaşadılan qəddarlıq kəskin etirazla qarşılandı. Partlayan mərminin qəlpələri hamımızın ürəyinə, beyninə dolub. İşgəncə, qətl, cinayət, həbs... Taleyindən xəbər olmayan soydaşlarımız. Ard-arda ölüm xəbərləri. Sonra təkziblər. Ağır işgəncə verilən yaralılar...
"Teleqraf" İnformasiya Agentliyi müsibəti yaşamış Səfərovların evindən reportaj hazırlayıb.
Qətlə yetirilən Səfərovların qardaşı Seyfəddin Hüseynlinin evinə gedirəm. Əslində, dünəndən getmək fikrindəydim, tək getməyə cəsarətim olmadı. Bu gün məsələyə “iş” də qarışır, cəsarətimi toplayıb yola düşürəm (amma ora təkcə iş üçün getmədiyimi bilirəm).
Masazırın nahamar, ara yollarında taksi çalxalandıqca beynimin içində düşüncələr ləpələnir.
Rusiya... Uşaqlığımızdan bəri yaddaşımıza faciələrlə həkk olunan ad.
Müstəqillik tariximizin səhifələrindəki bütün qaranlıq hekayələrin “div”i – Rusiya.
“20 Yanvar”, “Xocalı soyqırımı”.
... Rus silahlılarının müharibədə çeçenlərin barmaqlarını kəsdiyi görüntülər video-kasetlərdə ucqar kəndə gəlib çıxır. Böyüklərdən xəbərsiz haradasa gizlənib, xəlvətcə o görüntülərə baxan iki uşaq necə qorxursa, birinin dili tutulur, biri də dayanmadan qusur.
Anası saçını yolur, fəryad qoparır. Qəfildən “Babuşka” - Dusya nənə peyda olur. Əllərini yaxasındakı önlüyün ətəyinə silir, “çəkil” deyib ağlayan qadını kənara itələyir, uşaqların birinin əlindən yapışır, birini də qucağına götürür.
...Mətbəxdə birini dizinin üstdə oturdur, birini də böyründə. Tavada peraşki qızarda-qızarda rus balıqçılarının nağılını danışmağa başlayır uşaqlara. “Bax, bu ağ balıqdır”, - çəngələ keçirdiyi peraşkinin birini qaldırıb göstərir, “bu da qızıl, bu da durna balığı”.
Sonra su pərilərinin nəğmələrini zümzümə edir. Asta, həlim, yupyumşaq, rus dilində.
O gecə iki uşaq Dusya nənənin evində yatır....
Taksi dayanır, fikir burulğanından küçəyə düşürəm. Darvazadakı bayraqlardan tanıyıram evi. Yavaş-yavaş addımlayıram, həyətdə adamlar var, tv operatorlarını görüb ürəklənirəm. Amma hələ də Seyfəddin müəllimlə qarşılaşmağa hazır deyiləm. Nə deyəcəm? Belə vəziyyətdə insana nə demək olar ki?
Salamlaşırıq. Seyfəddin müəllimin gözlərinin içində həmişə insana xoş enerji ötürən o parlaq işıq “buğlanıb” sanki. İslaq pəncərəyə bənzəyir gözləri.
Səlim Babullaoğlu da həyətdədir. Baxışlarımızla salamlaşırıq. Onun da simasındakı həmişəki sakitliyin indi qəribə bir təlatümlə əvəzləndiyini sezmək çətin deyil.
İçəri – qadınların yanına keçirəm. Jurnalist Kəmalə Namazovanı içəridə görəndə xeyli ürəklənirəm. “Qohumuq” deyir.
“Oradakı insanlarımızın, ailə üzvlərinin telefonlarını alıb, hərəsini bir tərəfə, naməlum istiqamətlərə aparıb işgəncə veriblər. Hər biri ayrı-ayrı polis bölmələrində, zirzəmilərdə işgəncələrə məruz qalıb. Haqqında məlumat olmayanların sağ olduğuna ümid edirdik, amma sonra bir-birinin ardınca qara xəbərlər gəldi”, - qadınlar danışır.
Seyfəddin müəllimin həyat yoldaşı Gülzar xanım deyir ki, əlli beş və altmış yaşlı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, 61 yaşlı, rus dili müəllimi olan qardaşları Bakir Səfərov isə istintaqdadır.
Aparılan şəxslərdən soraq çıxmayanda polis “morqdadır” deyib
Hamı hadisənin şokundadır, deyirlər ki, gecəyarı eyni anda doqquz evə basqın edilib. Qapıları sındırıb içəri keçib, girən kimi kişiləri döyməyə, işgəncə verməyə başlayıblar. Qadınlarınsa telefonlarını əllərindən alıb, bir otağa salıb, qapını bağlayıblar.
“Gəlinlərimizin biri üç yaşlı körpəsini qucağına basıb, birtəhər çıxıb evdən qaçıb. Bütün qohumlar bir-birinə yaxın yaşayırlar, qaçıb gedib o biri qardaşın evinə. Görüb ki, orada da eyni mənzərədir. Oradan çıxıb üçüncü evə gedib. Yenə eyni mənzərə”.
Qucağında körpə, gecənin bir aləmi, müsibətin içindən qaçıb yollarda qalmaq... Bu ssenari bizə haradan tanışdır?!
Elə Seyfəddin müəllim özü də belə deyir.
“Bu, hansısa kriminal hadisənin araşdırılması metodu deyil. Hamı başa düşür ki, bu, bir qrupa, bir nəslə soyqırımı törətməkdir. Ən azı, buna cəhd olunub.
Soyqırımı necə olur başqa?!
Gəlinlərimiz qucaqlarında körpələriylə çıxıb şəhərin küçələrində qalıblar. Qardaşımın, əmioğlumun gəlini körpələrini bağrına basıb küçələrə qaçıb. Bu, xırda miqyasda “Xocalı faciəsi”dir”.
Azərbaycan tərəfinin təzyiqlərindən sonra halı pisləşənlərə tibbi yardım edilib
Seyfəddin Hüseynli bildirdi ki, diaspor və konsulluq nümayəndələri işə qarışandan sonra ağır vəziyyətdə olan şəxslərə tibbi yardım edilib.
“Mənim iki qardaşım orada şəhid edilib. Bir əmim oğlu, Lənkərandan başqa bir nəfər – Əhliman adlı soydaşımız, Biləsuvardan Əziz adlı həmvətənimiz isə müxtəlif işgəncələrə məruz qalıblar. Çənəsi sındırılan, qabırğası qırılanlar var. Bizim dövlətimiz artıq ora müəyyən qədər təsir etdikdən sonra, diaspor və konsulluq nümayəndələri işə qarışandan sonra onlar çəkinib və halı pisləşənlərə ribbi yardım ediblər. Görünür, mənim qardaşlarımın da halı pisləşib, ürəyi dayananda onlara heç yardım da edilməyib. Atıblar bir küncə.
Təsəvvür edirsiniz, gənclərdən biri deyir ki, məni bölmənin dəhlizinə atmışdılar, gəlib-gedən təpikləyir, üstümdən keçirdi”.
Bakıda yenidən ekspertiza təşkil edilməsini istəyəcəm
Seyfəddin Hüseynli deyir ki, rusların ölüm səbəbi barədə dediklərinə inanmır.
“Mənim əlli beş, altmış yaşlı sağlam həyat tərzi sürən, dilinə içki vurmayan, idmançı qardaşlarım haqqında deyirlər ki, polis yaxınlaşanda ürəyi tutub, ölüb. Bu insanlar müharibə görmüş insanlardır. Sənin polisin niyə o cür idbar sifətdə yaxınlaşmalıdır?
Mən burada təkrar Məhkəmə Tibbi Ekspertiza təşkil edilməsini istəyəcəm. Ölümlərinin əsl səbəbini aktlaşdırıb, sənədləşdirmək istəyirəm. Bu, mənim üçün bir az mənəvi təsəlli olar. Ən azı, həqiqəti bilərəm. Ölüm səbəbini bilərəm. Buna çalışacam. İnanıram ki, dövlətimiz bu işdə mənə dəstək olacaq. Mən rusların heç bir sözünə zərrəcə inanmıram daha”.
Məhkəmənin keçirilməsi həyatlarına təminat yaradır
Seyfəddin müəllim bildirdi ki, dövlətimizin təzyiqi, hadisənin dünya mediasında yayılması Rusiyanı müəyyən addımlar atmağa məcbur etdi:
“Qondarma da olsa, bir məhkəmə təşkil edilməsinə açığı, sevinirəm deyəcəm, çünki artıq o şəxslərin isgəncə altında olmadığını bilirik. Müəyyən hüquqları da təmin olunacaq. Diplomatik korpus, diaspor nümayəndələri, baş konsulluq onları nəzarətdə saxlayacaq, ən azından, həyatlarına bir təminat var”.
Cənazələr hələ təhvil verilməyib
“Cənazələr sabah təhvil verilib, Azərbaycana gətirilməlidir”, - Seyfəddin Hüseynli qeyd edir.
Rusiya o qədər azğınlaşıb ki, onun üçün qanun, məhkəmə, müdafiə - heç nəyin mənası yoxdur
Seyfəddin Hüseynli deyir ki, dünyanın müxtəlif ölkələrində bu qara niyyətli hüquq-mühafizə orqanlarının bir prinsipi var ki, məhkəməyə çıxaracağı adamın üz-gözünə zərbə vurmur, başqa üsullarla işgəncə verirlər.
“Rusiya isə artıq bu şeylərdən də çəkinmir. Rusiya o qədər azğınlaşıb ki, onun üçün qanun, məhkəmə, müdafiə - heç nəyin onlar üçün mənası yoxdu. Dövlətləri işğal etmək istəyən bu azğın rejim insanların evlərini dağıdır, mal-mülkünə əl qoyur, insanlara açıq-aşkar işgəncə verir.
Qardaşım Səfərov Ziyəddin Mehdi oğlu 1970-ci ildə doğulub. Bu insan bütün şüurlu ömrünü Rusiyada keçirib. 17 yaşında oxumağa gedib. Rusiyanın roket qoşunlarında hərbi xidmət edib. Ən nümunəvi vətəndaşlardandır. Rus dilini, mədəniyyətini, psixologiyasını rusların özündən də yaxşı bilirdi. İndiyə qədər də bir kriminal əməli olmayıb. 25 il əvvəlki hansısa şübhəyə görə insanlarla bu qədər barbar, vəhşicəsinə davranmaq bütün prinsiplərə ziddir. Çağırıb sorğuya çəkmək olar, amma vəhşicəsinə divan tutmaq olmaz. Evin qapısını linglə, baltayla sındırıb içəri girəndə cinayətin üstü açılmış olur? Bu, sadəcə divan tutmaqdır. Bu, bir xalqa gözdağı verməkdir”.
Seyfəddin Hüseynli deyir ki, rusların bu əməlinin kökündə xalqa psixoloji təsir etmək istəyi dayanır.
“İndi Rusiyanın müxtəlif vilayətlərindən, şəhərlərindən mənə zənglər, mesajlar gəlir. İnsanlar deyir ki, biz artıq evimizdən bayıra çıxmağa qorxuruq. İş yerlərimiz bağlıdır. Çünki onların da eyni aqibətlə üzləşməyəcəyinə hər hansı bir təminat yoxdur”.
Rusiya insanları seçim qarşısında qoyur – ya Ukrayna müharibəsində döyüşmək, ya da işgəncə
“Rusiya insanları seçim qarşısında qoyur: Mənim qardaşım Səfərov Hüseyn kimi. Ya səni onun kimi işgəncə altında öldürəcəyik, ya da gedib Ukrayna ilə bizim üçün döyüşməlisən. Ya da, başqalarının adına ifadə ver, onları aparaq. Bu insanların qarşısına sənəd qoyublar. Ya qol çək, müharibəyə get, ya da işgəncə. Atanın gzöü qarşısında övladlarını, övladların qarşısında atalarını döyüblər. Əzizin dırnaqlarını çıxarıblar. Adam o halda, o vəziyyətdə nəyə qol çəkməz?!
Xalq necə qəzəblənməsin? Ruslar xalqın qəzəbini anlamaq istəmir. Çünki özləri o qəzəbin içində boğulmağa hazırdırlar. Onlar üçün heç bir müqəddəs hiss yoxdur. Artıq Rusiyada rus xalqı özü ayağa qalxıb, itkilərə görə etiraz edib hakimiyyəti yıxmasın deyə hakimiyyət bu yola əl atıb.
Onların tarixində bu təcrübə var. Birinci Dünya Müharibəsində xalq qırılırdı deyə ayağa qalxdı, Lenin inqilab edə bildi. Halbuki, orada qafqazlılar, Orta Asiya xalqları da vardı.
İndi isə Putin başa düşür ki, ruslar bir az da qırılsa, xalq ayağa qalxacaq. Ona görə, qeyri-millətləri qırırlar. Halbuki, bu qeyri-millətlər elə onun ölkəsini yaşadan adamlardır. Qardaşlarımdan biri müəllim, biri həkimdir. 90-cı illərin əvvəllərində iqtisadi vəziyyət ağır idi. Qardaşlarımdan biri Birinci Qarabağ Müharibəsində idi. Mən Bakıda tələbə idim. Digərləri atamgilin yanında idilər. Qardaşlarım o dövrdə vəziyyətdən çıxmaq, ailəyə dəstək ola bilmək üçün Rusiyaya işləməyə getdilər”, - o bildirdi.
Azərbaycana ünvanlanmış mesaj
Seyfəddin müəllim həmçinin qeyd etdi ki, 35 il Rusiya qayda-qanunları ilə, Rusiya vətəndaşı kimi yaşayan insanlara qarşı törədilən bu qırğın birbaşa Azərbaycan dövlətinə ünvanlanmış mesajdır:
“Mən bir mətbuat, ictimaiyyət adamı kimi bunu anlamışamsa, dövlət bunu çoxdan anlayıb deməkdir. Rusiya vətəndaşı olsa belə, kök etibarilə azərbaycanlı olan bu insanlara yaşadılan bu müsibət bizim dövlətimizə ünvanlanmış mesajdır. Bizi öz çərçivəsinə salıb, öz şərtlərinə tabe etmək istəyir. Azərbaycan Dövlət Neft Akademiyasında qırğın da həmin ssenari idi. Qaz buruğu mədənindəki partlayış da o idi. Aktauda sərnişin təyyarəsinin vurulması da o ssenari idi. Bu əməllər Rusiyaya yapışır və yaraşır. Rusiya bütün Polşa rəhbərliyini bir təyyarədə məhv edib, heç nəyi etiraf etməyən sistemdir”.
Seyfəddin Hüseynli bu hadisədə ona dəstək olduğu üçün dövlətə, səsini çatdırmaq imkanı yaratdığı üçün mediaya minnətdarlıq etdi:
"Bu müsibətdə bizi tək qoymayan, dərhal reaksiya verib, Rusiya tərəfinə təsirlər edən, oradakı şəxslərə tibbi yardım göstərilməsinə məcbur edən dövlət qurumlarına minnətdaram. Mənə danışmaq imkanı yaratdığı üçün isə bütün media cameəsinə təşəkkür etmək istəyirəm. Mən artıq hiss edirəm ki, mən danışdıqca içimdən püskürən bu qəzəb tək mənim yox, bütünlüklə xalqın qəzəbidir".
O qeyd edir ki, dünyanın hər tərəfindən dəstək mesajları almaqdadır:
"Mən mesajlara, zənglərə, dəstək zənglərinə artıq cavab verə bilmirəm. Dünyanın hər yerindən insanlar yazır. Avropadan, Türkiyədən, Kiprdən, Rusiyadan zənglər gəlir. Bunun səbəbi mənim az-çox tanınmış insan olmağım deyil. Səbəb odur ki, xalq qəzəblidir. Dünən Türkiyədən yazıçılar, jurnalistlər zəng edib. Mənə dəstək, Rusiyaya isə qəzəblərini bildirirlər".
Qeyd edək ki, Yekaterinburq məhkəməsi Seyfəddin Hüseynlinin iyunun 27-də saxlanılan qardaşı - Bakir Səfərov barəsində qərar çıxarıb. Məhkəmə Bakir Səfərovu 72 saat həbsdə saxlamaq barədə qərar qəbul edib.
Bugünkü məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq həbs qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.
Yekaterinburqda işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov isə xəstəxanadan buraxılıblar.
Yolboyu düşünürəm ki, bu, əslində, bizim yox, rus xalqının faciəsidir. Axı faciə yalnız güllənmək, döyülmək, işgəncəyə məruz qalmaq deyil, həm də bu qanlı qırğını sakitcə izləməkdir. Səssiz qalmaq bəzən iştirakçı olmaqdan daha çətindir.
Zülmü törədən rejim dəyişə bilər, amma onun yaratdığı susqunluq mədəniyyəti nəsillər boyu genlərdə, yaddaşlarda, talelərdə qalır. Elə bu səbəbdən də Rusiya imperiyasının törətdiyi cinayətlərin vicdan yükü, birbaşa rus xalqının üzərinə düşür.
Biz yaşadığımız bütün müsibətlərə rəğmən bu illər ərzində qəlbimizə xalqlara nifrət toxumu səpmədik. Rus xalqına düşmən kəsilmədik. Onların musiqisini dinlədik, ədəbiyyatını oxuduq, uşaqlarımız rus nağılları ilə böyüdü. Amma bu mədəni yaxınlıq, bu insani münasibət, faciələrin üzərini örtmək üçün səbəb ola bilməz.
Tarixi susqunluq, sabah eyni müsibətlərin təkrarı deməkdir. Bu gün rus cəmiyyətində keçmişin acı gerçəklərinə göz yumulursa, demək, gələcək üçün də heç bir zəmanət yoxdur. Əgər bir xalq öz tarixinin qaranlıq səhifələri ilə üzləşmir, əgər baş verənlərə “biz deyildik” deyə məsuliyyətdən yayınırsa – bu, yalnız onun öz faciəsidir.
Azərbaycan xalqı zülmü unutmaz, amma kinlə yaşamaz. Bizim gücümüz yaddaşımızdadır, səbirlə daşıdığımız tariximizdədir.
Tarix bir gün hər şeyi yerinə qoyur. Amma o gün gələnə qədər – susanlar da cavabdehdir.