AZ

Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi Mahir Xəttab yazır

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyada baş verən son hadisələr təsadüfi deyil – bu, dövlət tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədli siyasətin nəticəsidir. Və bu siyasətin hədəfində təkcə siyasi opponentlər deyil, həm də etnik və dini mənsubiyyətinə görə fərqlənən xalqlar dayanır.

Azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə, çeçenlərə qarşı son dövrlərdə sərgilənən münasibət Rusiyanın daxilində şovinizmin və etnik diskriminasiyanın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən qəddarlıq – sadəcə lokal bir insident deyil. Bu, dövlətin içərisindən gələn, sistemli şəkildə dəstəklənən, qorxunc bir ideologiyanın – rus şovinizminin və putinizminin təzahürüdür.

Bugünkü Rusiya artıq sadəcə avtoritar siyasi rejim deyil. O, eyni zamanda, etnik və dini kimliyinə görə insanları təqib edən bir struktur halına gəlib. Bu strukturun başında isə Vladimir Putin dayanır. Bəli, Putin – SSRİ-nin və çar Rusiyasının sərt mirasını üzərinə götürüb, onu yeni, daha kobud, daha maskasız bir formada həyata keçirən adamdır.

Əgər Rusiya slavyan Ukraynaya qarşı şəhərləri bombalayıb, mülki insanları qətlə yetirirsə, etnik azlıqlara – xüsusilə də müsəlman və türk mənşəli xalqlara qarşı necə davranacağını təxmin etmək çətin deyil. Bu, sadəcə siyasət deyil, bu – irqçi ideologiyadır.

Ukraynada törədilən soyqırımı, Çeçenistanda aparılan qırğınlar, Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasət – bunların hamısı eyni mərkəzdən, eyni ideologiyadan qaynaqlanır. Bu ideologiyanın adı – Putinizmdir. Və bu, sadəcə bir rejimin adı deyil – bu, imperiyanın qara kölgəsidir.

Azərbaycan isə bu imperiyanın hədəfində illərdir dayanır. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın 30 illik işğalı,  “AZAL” təyyarəsinin vurulması, kiberhücumlar, dezinformasiya kampaniyaları – və indi də rus şəhərlərində azərbaycanlıların döyülməsi, təhqir olunması, öldürülməsi… Bütün bunlar təsadüf ola bilməz.

Bu, sadəcə cinayət deyil. Bu – mesajdır. Açıq və sərt bir mesaj: “Siz burada yadısınız. Biz sizin varlığınızı istəmirik.” Və bu mesajı təkcə bir qrup polis yox, bir sistem, bir dövlət verir.

Putinizmin və rus şovinizminin bu yeni üzü – bizə, regiona və bütövlükdə qeyri-rus xalqlara qarşı aparılan açıq savaşın simasıdır. Bu savaşda susmaq – tabe olmaq deməkdir…

Mahir Xəttab

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
38
lent.az

10Mənbələr