AZ

Rusiyadan üzr istəməsini gözləyirik Elməddin Behbud yazır

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Elməddin Behbud

Raşizm ideologiyası XX əsrin ortalarında faşizm üzərində qələbənin ana aktorlarından olan Rusiyanı hazırda faşizmin qalasına çevirməkdədir. Rusiyanın hakimiyyət orqanları törətdikləri növbəti biabırçı hadisəyə görə üzrxahlıq etmək əvəzinə həmişəki kimi işgəncə nəticəsində qətlə yetirilən qeyri-rusu (azərbaycanlını) “ittiham” etmək üçün guya arxivdən tapdıqları hansısa cinayət işinin izinə düşmələri ilə bağlı bəsit hekayə hazırlayıb mediada yaymaqla məşğuldur.

Zənn edək ki, Rusiya hüquq-mühafizə orqanları həqiqətən də cinayət törətməkdə şübhələndiyi şəxslərin həbsinə qərar verib.Belə olan halda təbii ki, ortaya sual çıxır: Rusiyada məhkəmə, prokurorluq orqanları ləğv edilibmi ki, cəzalandırılma ilə bağlı qeyri-məhdud səlahiyyət federal təhlükəsizlik xidmətinə və polisə verilsin?! Əgər həqiqətən də Rusiyada bütün şübhəli şəxsləri yalnız polis və ya təhlükəsizlik xidməti, özü də gecə vaxtı və heç bir istintaq hərəkətləri aparılmadan, cinayəti sübut etmədən və qətlə yetirməklə cəzalandırırsa deməli, həqiqətən də bu ölkə cinayətkarcasına idarə olunur. Təəssüflər olsun ki, ötən gün Yekaterinburqda azərbaycanlıların kütləvi həbsi həyata keçirilib və onlara ağır işgəncələr verilib. Ancaq bu sadəcə annormal idarəçilikdən irəli gələn kobud hüquq pozma hadisəsi deyil. Azərbaycanlının həbsindən və qətlindən açıq şəkildə siyasi qoxu gəlir. Rusiyanın Azərbaycandakı diplomatının dərhal XİN-ə çağrılması onu göstərir ki, rəsmi Bakı azərbaycanlılara hücumun arxasındakı qeyri-sağlam motivlərdən şübhəlidir.

Azərbaycanlılara qarşı törədilən bu vəhşi hadisə əslində heç də təəccüb doğurmur. Çünki Rusiya adətən ənənəvi metodla siyasi xəttindən narazı qaldığı dövlətin onun ərazisində yaşayan və işləyən vətəndaşlarını təzyiq altında saxlayır, həmin ölkədən gələn məhsullarda "sağlamlıq üçün böyük təhlükə törədən viruslar taparaq" sərhəddən geri qaytarır, bir çox hallarda isə belə ölkələrin xalqlarından olan şəxslərə qarşı kütləvi həbslər və işgəncələr tətbiq etməklə "cavab verir". Bu dəfə isə acıqlarını daha vandal formada - insanları qətlə yetirməklə çıxıblar. Bu, insanlıq əlehinə cinayət faktıdır.

Azərbaycan vətəndaş cəmiyyəti mənsubu olaraq milli zəmində olan bu vəhşiliyi qətiyyətlə lənətləyirik. Çoxmillətli ölkənin avantürist siyasi yanaşma ilə terroçu funksiyasını üzərinə götürməsi qonşuluq münasibətləri baxımından heç bir tərəfə yaxşı heç nə vəd etmir. Ardıcıl şəkildə baş verən anti-Azərbaycan xarakterli hadisələr (Azərbaycanın sərnişin təyyarəsinin vurulması və nəticədə onlarla mülki şəxsin həlak olması, səbəbkarların cəzalandırılmaması, kiberhücumlar, deputatımızın Həştərxana buraxılmaması, diaspor təşkilatlarına təzyiqlərin artması və s.) haqlı olaraq bizdə böyük hiddət yaradır. Baş verənlərə sağlam düşüncə ilə yanaşa bilən Rusiya dövlət qurumlarından hazırda cinayətkarların cəzalandırılmasını və törədilən hadisəyə görə üzr istənilməsini gözləyirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
17
icma.az

10Mənbələr