AZ

Azərbaycan Rusiyadakı soydaşlarımızla bağlı nə etməli?

Son dövrlərdə Rusiya Federasiyasında yaşayan azərbaycanlı soydaşlarımıza qarşı artan təzyiqlər, hüquq pozuntuları və zorakılıq halları narahatlıq doğurur. Bu hallar təkcə fərdi xarakter daşımır artıq. Bu, sistematik bir siyasi vasitəyə çevrilmişdir.

Rusiya oradakı təqribən 3 milyonluq azərbaycanlını ölkəmizə qarşı geosiyasi təzyiq aləti kimi istifadə etməyə çalışır. Bu isə Azərbaycan üçün böyük sosial, iqtisadi və milli təhlükəsizlik riski deməkdir.

Amma biz bu təhlükəni fürsətə çevirməyi bacaracaq qədər ağıllı, çevik və milli düşüncəyə sahib bir xalq və dövlətik.

Azərbaycan dövləti bu prosesə sadəcə müşahidəçi kimi deyil, strateji təşəbbüskar kimi yanaşmalıdır. Bu məqsədlə bəzi təkliflər hazırlanmalıdır.

Birinci növbədə, bu hala məruz qalan azərbaycanlılarla yanaşı, orta asiyalılar  (Türkistan) var. Həmən dövlətlərin rəhbərləriylə birlikdə addımlayacaq iqtisadi-siyasi planlar hazırlanmalı, ortaq bəyanatlar və ya vəziyyəti mərhələli surətdə tənzimləyəcək strategiyalar inkişaf etdirilməlidir.  

 “Vətənə Yatırım” adı altında  “Güclü Azərbaycana Dönüş” adlı dövlət təşviq proqramı hazırlanmalıdır. Birinci növbədə Rusiyada yaşayan və qayıtmaq istəyən sahibkarlara, mütəxəssislərə və iş adamlarına asan və rahat mühit yaradılmalıdır.
    •    Vergi güzəştləri (3-5 il);
    •    Torpaq və infrastruktur təminatı;
    •    Sadələşdirilmiş qeydiyyat və lisenziya mexanizmləri;
    •    Dövlət zəmanətli kredit və subsidiyalar təqdim edilməlidir.    

Geri dönən soydaşların iş yerləri açmasına, istehsalat qurmasına, xüsusən regionlarda canlanma yaratmasına dəstək verilməlidir. Unutmayaq  ki, soydaşlarımızın böyük hissəsi bölgələrimizdən Rusiyaya yönəlmiş insanlardır. İnanın ki, bu tədbirlər ölkəmizin iqtisadiyyatına yeni nəfəs gətirəcək, sosial sabitliyi gücləndirəcək və Azərbaycanın milli həmrəylik siyasətinə real töhfə verəcəkdir. Azərbaycan xalqı və dövləti unutmamalıdır ki, millət yalnız sərhəd içində yaşayan insanlardan ibarət deyil. Bizim xaricdəki milyonlarla soydaşımız da milli varlığımızın ayrılmaz hissəsidir. Onlara qarşı göstərilən haqsızlıqlara susqun qalmaq olmaz. Onların yanında olmaq, səslərini dünyaya çatdırmaq, eyni zamanda vətənə sərmayə yatırmaları üçün sosial-iqtisadi mühiti hazırlamaq milli borcumuzdur.

Bunun üçün:
    •    Qeyri-hökumət təşkilatları,
    •    Mediada çalışan ziyalılar və jurnalistlər,
    •    İqtisadçılar, hüquqşünaslar, politoloqlar
birgə təşəbbüs göstərməli, bu məsələni milli və dövlətin strategiyası səviyyəsinə çıxarmalıdırlar.
Bilirik ki, hal hazırda da soydaşlarımız çətin bir dövrdən keçir, haqsızlıqlara məruz qalırlar. Onlar da bilməlidirlər ki, tək deyillər. Azərbaycan dövləti, xalqı və vicdanı olan hər bir insan onların yanındadır. Bugünkü təzyiqləri sabahın dirçəlişi konsepsiyası halına gətirməyi bacarmalıyıq. Biz onlara açıq bir qapı, isti bir qucaq və sərmayələrinə  ehtiyacı olan bir Vətənin var olduğunu göstərməliyik!

Burada onlara dəstək olacaq, imkan yaradacaq bir xalq və dövlətləri olduğunu hiss etdirməliyik. Belə olduğu halda onlar təkcə təhlükədən xilas olmayacaq, həm də gələcəyin qurucusuna çevriləcəklər. Bunun üçün o güvəni yaratmağa ehtiyac var.

3 milyon insan iqtisadi və mənəvi bir gücdür.

Tədricən bu güc yönləndirilərsə, həm özümüzü qoruyar, həm də Azərbaycanın gələcəyinə yeni nəfəs gətirə bilərik.

Dövlət, xalq və diaspora – birlikdə hərəkət etməyin zamanıdır!
 

Mübariz Yunus
Füyuzat jurnalının baş redaktoru

Seçilən
1
50
azreform.info

10Mənbələr