Atan ruslardır. Əmr verən Çar Putin özüdür...
Bəli, hazırda Azərbaycan-Rusiya münasibətləri çox təhlükəli və həssas bir mərhələdən keçir. Moskva açıq şəkildə Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir. Ermənistan-Azərbaycan nizamlanmasında Rusiyanın rolunun tamamilə sıfırlanması Kreml üçün həm prestij, həm də imperiya ambisiyalarına ağır zərbədir. Üstəlik, Cənubi Qafqazda Rusiya təsiri zəiflədikcə onun boşaltdığı yeri nə Fransa, nə ABŞ doldurur — bu boşluğu məhz Azərbaycan doldurur. İndi Ermənistanın siyasi qərarlarında Azərbaycan və Türkiyə faktoru Rusiya amilini açıq şəkildə üstələyir. Kreml bunu bağışlamır və nəticədə Azərbaycanı “cəzalandırmaq” üçün müxtəlif gizli və açıq mexanizmlər işə salır.
Yekaterinburqda azərbaycanlılara qarşı törədilən işgəncə və qətllər birbaşa Azərbaycanın müstəqil siyasətinə qarşı yönəlmiş kin və təzyiqin nəticəsidir. Rusiyanın mesajı tam aydındır: “Biz Rusiyada milyonlarla azərbaycanlı ilə istədiyimiz an oynaya bilərik, onları qovarıq və ölkənizin iqtisadi-sosial sabitliyini alt-üst edərik.”
Mənim mövqeyim tam bəllidir: son yarım ildə Rusiyada Azərbaycana münasibətdə baş verən bütün proseslərin arxasında şəxsən Vladimir Putin dayanır. Onun iradəsinə zidd heç kim Azərbaycana qarşı belə aqressiv siyasət apara bilməz. Bunu Dövlət Dumasında Azərbaycana qarşı səsləndirilən iddialarda, Kremlin ruporu Solovyov və digərlərinin teleekranlarda Azərbaycana qarşı sərgilədiyi açıq hədə və təhqirlərdə aydın görürük. Prezidentin köməkçisi Medinski Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərini “mübahisəli zona” adlandırır, xarici işlər nazirinin müavini Qaluzin isə Azərbaycanın ərazisinə — Qarabağa ermənilərin Rusiyanın iştirakı ilə qaytarılmasından danışır. Üstəlik, Kreml Xankəndində konsulluq açmaq planının qarşılığını ala bilmədikcə daha da aqressivləşir.
Bütün bu aqressiya eyni vaxtda həm sosial mediada, həm Kremlin nəzarətindəki mediada, həm dövlət rəhbərliyi, həm də cəmiyyətin tanınmış simaları tərəfindən qabarıq şəkildə dilə gətirilir. Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun timsalında bu mövqelər daha da sərtləşdirilir. Və dərhal sonra Azərbaycanın çoxsaylı icmasının yaşadığı Yekaterinburqda azərbaycanlılara qarşı total repressiyalar həyata keçirilir. Bu, nə yerli səviyyəli hadisədir, nə də təsadüfi proses. Bu, dövlət səviyyəsində planlaşdırılmış anti-Azərbaycan siyasətidir. Yekaterinburqda baş verənlər həmin siyasətin dövlət tərəfindən həyata keçirilən dəhşətli mərhələsidir. Və bütün bunların başında heç bir şübhəsiz, Rusiya diktatoru Vladimir Putin dayanır.
Dekabr ayında baş vermiş təyyarə faciəsi də birbaşa Rusiya terrorudur. Həmin hadisə raketlə səhvən vurularaq baş vermiş "qəza" da olsa, Rusiyanın sonrakı davranışları göstərdi ki, o, bu prosesdən qətiyyən narahat deyil, əksinə bəzi dairələr bundan həzz alır. Həmin təyyarədə pilot da daxil olmaqla rus millətindən olan azərbaycanlı vətəndaşlarımız var idi və onlar Rusiyanın raketindən həlak olmuşdular. Amma Rusiya bu faciəyə görə nə üzr istədi, nə də həlak olanların ailələrinə kompensasiya ödədi. Əksinə, sanki qan, ölüm, itki, faciə və bomba partlayışları olan yerdə Rusiya özünü daha qüdrətli hiss edir.
Bu gün isə artıq Rusiyanın öz ərazisində azərbaycanlılara qarşı həyata keçirilən total repressiyalar heç şübhəsiz ki, yeni terror dalğasıdır. Rusiyada Azərbaycan diasporasının sıxışdırılması da paralel gedir və bu da narahatlıq doğurur. Amma Azərbaycan qürurlu və güclü dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə tapşırıqları ilə artıq Rusiyaya münasibətdə çox sərt demarş addımları atılıb. Rusiyayla bağlı bütün mədəni tədbirlər ləğv olunub. Hətta rus ifaçılarının konsertləri, Rusiyanın baş nazirinin müavini Overçukun Azərbaycana planlaşdırılmış səfəri də ləğv edilib və çox sərt bəyanatla əsaslandırılıb ki, Yekaterinburqda baş verən terror və hadisələrdən sonra Azərbaycan dövləti Rusiya ilə yüksək səviyyəli görüş keçirməyi məqsədəuyğun saymır. Bu gün artıq Azərbaycan parlamenti də demarş etdi: Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirakdan imtima etdi.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib, Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə dəvət olunub. Ölkəmiz diplomatik təzyiq mexanizmlərini işə salıb.
Bundan başqa, Rusiyada tanınmış azərbaycanlı iş adamları da bu vəziyyətdən ciddi narahatdır. Dünən axşam saatlarında tanınmış alim və iş adamı professor İlham Rəhimov şəxsən mənə zəng edərək bildirdi ki, o indicə Rusiya İstintaq Komitəsinin sədri Bastrıkinlə danışıb və bir qədər sonra Bastrıkin hadisə ilə bağlı xüsusi bəyanat yayacaq. Professor İlham Rəhimov eyni zamanda daim Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski ilə də əlaqədədir. Ardınca da TASS və digər Rusiya agentlikləri vasitəsilə Bastrıkinin açıqlaması yayıldı ki, Rusiya İstintaq Komitəsi hadisənin istintaqını öz üzərinə götürür. Bütün bunlar Azərbaycanın diplomatik gücünün nəticəsidir. Təbii ki, Bastrıkin professor İlham Rəhimovun tələbə yoldaşı olduğu üçün onun sözünü yerdə qoymayıb. Amma gerçəklik dəyişməyib — Azərbaycan diasporu hazırda məhkəmə zallarındadır, onlara haqsız ittihamlar irəli sürülür, üzü-gözü döyülüb, şişmiş vəziyyətdədirlər. Bu, bütöv bir millətin qüruru və ləyaqəti ilə oynamaqdır. Mən əminəm ki, Azərbaycan dövlətinin böyükləri, başda böyük strateq Prezident İlham Əliyev olmaqla, bu təhqirləri heç vaxt bağışlamayacaq.
Belə bir vəziyyətdə Azərbaycan nə etməlidir?
Biz Rusiyaya necə diplomatik demarş etmişiksə, Azərbaycandakı rus amilinə də eyni mövqeyi sərgiləməliyik. Mən hesab edirəm ki, Azərbaycan Rusiyanın bütün informasiya kanallarını öz ərazisində bağlamalı, rus dilində təhsil strategiyasına yenidən baxmalıdır. Azərbaycan tolerant və çoxmillətli dövlətdir. Amma Azərbaycandakı rus icması da başa düşməlidir ki, Rusiyada azərbaycanlılara qarşı törədilən bu cinayətlər cavabsız qala bilməz. Azərbaycan müxtəlif yollarla rus icmasına da mesaj verməlidir ki, onlar Rusiyanın bu siyasətinə qarşı çıxıb öz etirazlarını bildirsinlər. Əks halda əgər Rusiya bu prosesi davam etdirəcək, 3 milyon azərbaycanlının geri qayıtmasına səbəb olacaqsa, Azərbaycanda rus icması da artıq rahat yaşaya bilməyəcək. Rusiyadan incidilərək qayıdanlar burada onların sakitliyini təmin etməyəcək.
Mən eyni zamanda hesab edirəm ki, Qarabağın itirilməsi, 1 milyon insanımızın didərgin salınması, torpaqlarımızın talan edilməsi son iki əsr boyu məhz Rusiyanın Ermənistanın arxasında durması ilə bağlı olub. Ona görə bizim Rusiya ilə çox ciddi bir “kin dəftərimiz” var. Bu gün də Rusiyada qeyri-ruslara, xüsusilə türk-müsəlman mənşəli xalqlara açıq şəkildə aşağılayıcı münasibət göstərilir. Özbəklərə, qazaxlara, qırğızlara, eləcə də taciklərə münasibət açıq raşizmdir. Mən düşünürəm ki, bütün türk dövlətlərinin rəhbərləri bu məsələdə koordinasiyalı şəkildə hərəkət etməli, öz diasporlarını, əhalisini qorumaq üçün həm hüquqi, həm də diplomatik mexanizmlərdən istifadə etməlidirlər. Əks halda bu, hər bir türk dövləti üçün böyük fəlakət olacaq. Azərbaycanın isə 3 milyon insanın birdən-birə geri dönməsi iqtisadiyyat, ictimai-siyasi sabitlik baxımından böyük risklər yaradar. Ona görə də bu prosesin qarşısını almaq üçün bütün imkanlardan istifadə edilməlidir.
Rusiyada yaşayan azərbaycanlı mənşəli milyarderlər də əlaqələrini işə salmalı, Azərbaycanı və oradakı soydaşlarımızı qorumağa daha çox töhfə verməlidirlər. Çünki unutmamalıyıq ki, Rusiya təkcə rusların dövləti deyil, milyonlarla türk köklü insanın da yaşadığı dövlətdir. Turan adlı həm real, həm də xəyal edilən böyük coğrafiyanın çox əhəmiyyətli hissəsi məhz Rusiyanın ərazisindədir. Biz Rusiyaya belə baxırıq: bəli, o, hazırda rus şovinizminin təsiri altındadır, amma eyni zamanda türklərin də yaşadığı böyük bir dövlətdir.
"Rusiya bölünüb, Turan olacaq", demirəm.
Rusiya Turanı, türk amilini qarşısına alsa, düşmənçilik etsı, enində - sonunda bölünəcək, kiçiləcək deyirəm...