AZ

"Bu mənasız müharibənin ağrısını sizinlə bölüşürəm" - Roma Papası 

"Həyat ölümdən güclüdür və son söz hər zaman Tanrıya məxsusdur..."
 
Vatikan rəhbəri Papa Lev XIV bir daha Ukrayna xalqına müraciət edərək, davam edən müharibənin yaratdığı dərdlərə və mənəvi sarsıntılara toxunub. O, inancın əsl mahiyyətini xatırladaraq, bu çətin dövrdə Ukrayna xalqının Tanrının mərhəmətinə güvənməyə çağırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "gorgonua.com" nəşri məlumat yayıb.
 
Papa vurğulayıb ki, iman hər suala cavab tapmaq deyil, Tanrının bizimlə olduğuna inanmaqdır. Onun sözlərinə görə, həyat ölümdən güclüdür və son söz hər zaman Tanrıya məxsusdur.
 
O, bütün əzabkeşlərə - yaşlılara, uşaqlara, gənclərə, ailəsini itirənlərə, əsirlərə və bu müharibənin qurbanlarına mənəvi yaxınlığını ifadə edib. Ukrayna xalqının çəkdiyi ağrının, itkilərin onun üçün də dərin mənəvi yük olduğunu bildirib.
 
Ukrayna prezidenti Vladimir Zelenski bu müraciətə cavab olaraq, Papa Lev XIV-ə təşəkkür edib. O, onun duası, dəstəyi və rəhmət duyğularını yüksək qiymətləndirdiyini bildirib. Prezidentin sözlərinə görə, bu müharibəni yalnız birlikdə dayandırmaq, günahsız insanların həyatını qorumaq və ədalətli sülhə nail olmaq mümkündür.
 
Zelenski həmçinin Vatikan rəhbərindən Rusiya tərəfindən əsir götürülmüş ukraynalıların, xüsusilə də uşaqların geri qaytarılması üçün dəstəyini əsirgəməməyi xahiş edib.
 
Qeyd edək ki, bu, Papa Lev XIV-in son aylar ərzində Ukraynaya ünvanladığı sayca bir neçə müraciətindən biridir. O, daha öncə də Kreml rəhbəri Vladimir Putinlə telefon danışığı apararaq, münaqişənin humanitar nəticələri barədə müzakirə edib.
 
Zelenskinin son səfəri zamanı Papa Lev XIV-ə təqdim etdiyi hədiyyə də rəmzi məna daşıyıb: o, Rusiya işğalından azad olunmuş İzum şəhəri yaxınlığından gətirilmiş xüsusi bir ikona təqdim edib. Bu, Ukrayna xalqının müqəddəs dəyərlərə sədaqətinin rəmzi kimi qəbul edilir.
 
Papa Lev XIV-in müraciətləri bu gün bütün dünyaya yönələn mənəvi çağırışdır: müharibə və nifrət yerinə sülh, mərhəmət və ümid seçilməlidir.
Seçilən
5
10
moderator.az

10Mənbələr