“Yay aylarında isti hava şəraiti ilə əlaqədar bir çox qida məhsulu kimi, dönər də daha tez xarab olur”. Bunu Metbuat.az-a açıqlamasında qida eksperti Asim Vəli söyləyib. O bildirib ki, isti hava bakteriyaların sürətlə çoxalması üçün ideal şərait yaradır: “Dönər əsasən ət məhsulu olduğu üçün düzgün saxlanmadıqda və ya gigiyenik qaydalara əməl olunmadıqda sağlamlıq üçün ciddi risklər yarada bilər. Nəzərə almaq lazımdır ki, dönər özü-özlüyündə təhlükəli bir yemək deyil. Risk onun hazırlanma, saxlanma və təqdim olunma şəraitindən qaynaqlanır. Yayda havanın isti olması bakteriyaların, xüsusilə salmonella, e.coli və listeria kimi zərərli mikroorqanizmlərin daha sürətli çoxalmasına səbəb olur. Bu mikroorqanizmlər düzgün bişirilməmiş və ya saxlanılmamış ətlərdə rahatlıqla inkişaf edir. Dönər üçün istifadə olunan ət təzə olmalı, gigiyenik şəraitdə doğranmalı və qarışdırılmalıdır. Ət çiy halda çox uzun müddət açıq havada qalarsa, mikroorqanizmlər sürətlə çoxalır. Ət istehsaldan satışa qədər +4°C-dən yuxarı temperaturda saxlanılmamalıdır. Bu zəncir qırılsa, yəni ət qısa müddət belə olsa, isti şəraitdə qalsa, onun üzərində bakteriyalar əmələ gəlir”.
Ekspert aparatın da hər gün təmizlənməli olduğunu vurğulayıb. A.Vəli əlavə edib ki, ətin tam bişməsinə diqqət yetirmək lazımdır: “Bəzən dönərin kənarları qızarır, amma içərisi çiy qalır. Bu da bakteriyaların yaşaması üçün əlverişli mühit yaradır. Dönəri hazırlayan şəxsin əl təmizliyi, əlcəkdən istifadə etməsi, öskürək və ya asqırıq zamanı maskadan istifadə etməsi vacibdir. Dönər satıcılar tərəfindən düzgün saxlanmazsa, yəni soyuducusuz şəraitdə uzun müddət saxlanarsa, qida zəhərlənməsinə səbəb ola bilər. Küçə dönərlərində gigiyena qaydaları çox zaman ciddi pozulur. Bu zaman salmonella və digər bakteriyalar orqanizmə keçə bilər”. Mütəxəssis qeyd edib ki, dönəri yalnız güvəndiyiniz, gigiyena şəraiti olan yerlərdən almalıyq. Ətin tam bişdiyindən əmin olmalıyıq. İçi çiy qalmamalıdır. İsti havada dönər yedikdən sonra qarın ağrısı, ishal, ürəkbulanma kimi əlamətlər yaranarsa, dərhal həkimə müraciət etməliyik. Sevinc İbrahimzadə / Metbuat.az