AZ

Yekaterinburqda baş verənlər insanlıq əleyhinə cinayətdir



"İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Rus Federal Təhlükəsizlik Xidməti tərəfindən azərbaycanlıların yaşadığı mənzillərə qəfil basqın edilib və nəticədə soydaşlarımız qanunsuz saxlanılıb, amansız işgəncələrlə qətlə yetirilib.

Azərbaycanlılara qarşı törədilən bu cinayət, terror aktı Rusiya dövlətinin nəinki xalqımıza, həmçinin qeyri-rus millətlərinə qarşı apardlğı düşmənçilik siyasətini bir daha sübut etmiş oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. O deyib ki, bir müddət əvvəl Rusiyanın "Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin ölkəmizdə casus şəbəkə yaratmaqda ittiham olunması, Bakıda Rus Evinin bağlanması Rusiya dövlətınin bizə qarşı apardığı məqsədyönlü siyasətini ifşa etdi:

"Daha sonra AZAL Hava Yollarına məxsus mülki təyyarəmizin vurulmasına görə hələ bu günə qədər Rusiya bir səmimi peşmançılıq çəkdiyini bildirməmiş, üzr istəməmişdir. Sanki vaxt keçdikcə unutdurmaq istəyirlər.

Ardınca həmvətənimizi, bir ailənin üzvlərini evlərində amansızcasına qətlə yetiriblər. Bu təxribatların davamlı olması onu göstərir ki, Rusiya qonşularına qarşı həmişə belə münasibət göstərir və bunun da bir çox səbəbləri vardır".

ATXƏM sədrinin sözlərinə görə, artıq uzun illərdir ki, soydaşlarımız Azərbaycandan gedərək Rusiyanın ictimai-siyasi, iqtisadi həyatında iştirak edirlər, orda bazarların, meyvə-tərəvəz bolluğunun yaranmasına və beləliklə də iqtisadi inkişafına öz töhfələrini verirlər:

"Lakin buna cavab olaraq biz həmişə belə halların baş verməsinin şahidi olmuşuq. İnsan hüquqlarının get-gedə daha da kobud şəkildə pozulması, rus şovinizminin güclənməsi artıq dözülməz həddə gəlib çatmışdır.

Hətta Rusiyanın Ukraynanı işğalı zamanı qeyd etmişdim ki, bütün Postsovet ölkələri bu müharibənin aparılmasına etiraz etməlidirlər. Çünki bu və ya digər şəkildə bu da təcavüzün bir növüdür.

Ölkəmizdə nəinki ruslar, bütün digər xalqların nümayəndələri daim tam, bərabər hüquqlu vətəndaşlar olaraq əmin-amanlıq, sülh, sabitlik şəraitində yaşayıb fəaliyyət göstərmişlər. Azərbaycan tolerant bir dövlətdir".

İlham İsmayılov qeyd edib ki, lakin Rusiyada soydaşlarımıza qarşı həmişə ayrı-seçkilik, ikili standartlarla yanaşma mövcüd olmuşdur və biz də buna qəti şəkildə etiraz edirik.
Bu insanlıq əleyhinə cinayətdir:

"Biz Vətəndaş Cəmiyyətinin nümayəndəsi olaraq baş vermiş bu vəhşicəsinə cinayətə görə Rusiya rəhbərliyinin üzr istəməsini və günahkarların cəzalandırılmasını tələb edirik.
Hətta Azərbaycanda mövcud olan 5-ci kolonun, xüsusən Rusiyaya bağlı qanadının mövcud olması o deməkdir ki, belə hallar həm ölkəmizin daxilində, həm də ölkəmizdən xaricdə mütləq bu və ya digər formada baş verəcək. Odur ki, onların ifşa olunmasını və cəzalandırılmasını tələb edirik".

Süleyman
Seçilən
15
38
newscenter.az

10Mənbələr