Rusiyanın Ukraynada başladığı yay hücumu cəmi bir neçə həftə davam etsə də, artıq zəiflədiyi müşahidə olunur.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazır.
Məqalədə bildirilir ki, hücum Sumı və Xarkov vilayətlərinin şimal sərhəd bölgələrindən tutmuş Donetsk və Dnepropetrovsk cəbhələrinə qədər uzanan geniş bir xətt boyunca aparılır. Xüsusilə Dnepropetrovsk istiqaməti Rusiya qüvvələrinin ilk dəfə irəliləməyə çalışdığı yeni bir cəbhədir.
Nəşr qeyd edir ki, Moskva qış ayları ərzində canlı qüvvə toplayıb, taktikasını təkmilləşdirib və raketlərlə pilotsuz uçuş aparatlarının koordinasiyasını gücləndirib. Hücumun ilk mərhələsində bu hazırlıqların bəhrəsini verdiyi görünürdü.
Rus ordusu mayda gündə orta hesabla 5,5 kvadrat mil ərazi ələ keçirərək noyabr ayından bəri ən sürətli irəliləyişini nümayiş etdirmişdi. Bu, aprel ayı ilə müqayisədə iki dəfə çoxdur. Xüsusilə Donetsk vilayətində Rusiya qüvvələrinin stabilliklə irəlilədiyi müşahidə olunur. Lakin kampaniyanın başlamasından bir neçə həftə sonra bu impulsun tükəndiyi vurğulanır.
Müharibə Araşdırmaları İnstitutu isə qeyd edir ki, Rusiyanın hazırda yeni hücum başlatmaq imkanları yoxdur. Yay hücumu əslində yazdakı hücumların davamı olacaq. Sumı istiqamətində rus qoşunları tamamilə dayanıblar. Ukraynalı hərbi analitik Pavel Narojnı bildirib ki, Rusiyanın bu istiqamətdə əsas hədəfi Sumı şəhərinə birbaşa yol üzərində yerləşən Yunakovka qəsəbəsi olub. Əgər Rusiya bu qəsəbəni ələ keçirsə, bu Ukrayna üçün “faciəvi nəticələrə” səbəb ola bilər:
"Meşə birbaşa Sumı şəhərinə gedir. Əgər ruslar Yunakovkaya və yaxınlıqdakı meşəyə artilleriya yerləşdirsələr, şəhərə birbaşa artilleriya zərbələri endirə bilərlər".
Nəşr yazır ki, ümumilikdə Rusiyanın hücumu dayanıb. Hərçənd ki, rus ordusu canlı qüvvə və dronlar baxımından üstünlüyə malikdir, lakin Kupyansk istiqamətində döyüşən yüksək rütbəli ukraynalı zabitin sözlərinə görə, Rusiyanın piyada qüvvələrinin hazırlığı çox zəifdir.
Donetsk vilayətinə gəlincə, məqalədə bildirilir ki, əgər Rusiya qüvvələri Konstantinovkanı ələ keçirsələr, bu onlara Kramatorsk və Slavyanska doğru irəliləmək imkanı yaradacaq və nəticədə bütün Donbas üzərində nəzarətə yaxınlaşacaqlar. Lakin mövcud irəliləmə tempi və döyüşçülərin zəif hazırlığı nəzərə alınarsa, bu ssenari real görünmür.
Məqalədə həmçinin qeyd olunur ki, Rusiya qüvvələrinin bütün Ukrayna ərazisində səpələnməsi və hücumları yalnız dörd işğal edilmiş vilayətlə məhdudlaşdırmaması Kremlin əsl məqsədinin bütün Ukraynanı işğal etmək olduğunu göstərir.