AZ

"İsmarıc göndərmək istəyirlər ki, azərbaycanlıları Rusiyadan qova bilərik" - Deputat Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Rusiyada azərbaycanlıların qətlə yetirilməsi əhali arasında böyük hiddətə səbəb olub. Azərbacan Xarici İşlər Nazirliyi bu cinayət hadisəsi ilə əlaqədar Rusiyaya öz etirazını bildirib və cinayətkarların cəzalandırılmasını tələb edib. Sizin münasibətinizi bilmək istərdik, Rusiya niyə belə davranır?

- Açıq-aşkar görsənir ki, işgəncə verməklə insanların vəhşicəsinə qətlə yetirilməsi hansısa dairələr tərəfindən sanksiyalaşdırılıb. Məqsəd azərbaycanlılar arasında qorxu yaratmaq, Azərbaycanı aşağılamaqla dövlətlərarası münasibətlərə ziyan vurmaqdır. Rusiyada Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və Rusiya Prezidentinin Ermənistan tərəfdən 44 günlük savaşa qatılmamasından narazı qalan qüvvələr var. Həmin dairələr Azərbaycanın Rusiya ilə dostluq münasibətlərinə, rus dilinə böyük önəm verməsini düzgün qiymətləndirə bilmirlər, bunu bizim zəifliyimiz kimi qəbul edirlər. Bölgədə öz varlıqlarını yalnız hərbi iştirakda görən bu qaba güc tərəfdarları bizim Ermənistanla sülh sazişi imzalamağımızı da istəmirlər. Zatulin kimilər açıq formada bəyan edirlər ki, münaqişənin sülh müqaviləsi ilə başa çatması Rusiyanın tərəflərə təsir imkanlarını itirməsinə səbəb ola bilər. Həmin dairələr bu ağır qətli sifariş etməklə həm də Azərbaycana ismarıc göndərmək istəyirlər ki, azərbaycanlıları Rusiyadan qovub, Azərbaycanda müəyyən sosial gərginlik yarada bilərik. Həm də zorakılığa məruz qalanların ifadələri ilə təsdiq olunur ki, bu yolla azərbaycanlıları qorxudub sındırmaqla, onları müharibəyə aparmaq istəyirlər. Konstitusiyamızın 31-ci maddəsinin 4-cü hissəsində düzünə göstəriş var ki, Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Heç bir əsasla bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Quru yolla vətəndaşlarımızın vətənlərinə qayıtmalarına icazə verməməyimizdən istifadə edən Rusiya, onları mənən sındırıb müharibəyə göndərir. Mən iqtidarı növbəti dəfə vətəndaşlarımızın ölkəyə girişini məhdudlaşdırmamağa çağırıram.

- 44 günlük savaşdan sonra Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edirdi, nə baş verdi ki, Rusiyanın mövqeyi bu formada dəyişdi?

- Görünür Rusiya ya Azərbaycanı hansısa qərarların qəbulundan çəkindirmək, yaxud hansısa qərarlar qəbul etməyə məcbur etmək və ya qəbul olunmuş hansısa qərara görə cəzalandırmaq istəyir.

- Azərbaycan hakimiyyətinə hansısa qərarları qəbul etdirmək üçün işgəncələr verməklə azərbaycanlıların qətlə yetirilməsi terror aktı deyilmi?

- Ona görə DTX və ya Baş Prokurorluq Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsi ilə cinayət işi başlamalı və təqsirli şəxsləri beynəlxalq axtarışa verməlidir. Eynilə Qroznı üzərində sərnişin təyyarəsini vuranları da.

- Daha çox ağlabatan hansı fərziyyələr ola bilər?

Seçilən
6
11
aznews.az

10Mənbələr