Ukrayna Silahlı Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki Marinovka aviabazasına pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində iki Su-34 qırıcısını məhv etdiklərini və digər iki təyyarəni ciddi zədələdiyini açıqlayıb.
Ukrayna Baş Qərargahı “Telegram”da əməliyyatın Təhlükəsizlik Xidməti (SBU) və ordu hissələrinin koordinasiyası ilə həyata keçirildiyini bildirib.
Moskvadan təqribən 900 km cənub-şərqdə yerləşən Marinovka aviabazası Rusiyanın Ukraynaya qarşı hava hücumlarında istifadə etdiyi Su-34-lərə texniki xidmət və əməliyyat mərkəzi kimi tanınır. Ukrayna rəsmiləri vurğulayıblar ki, bu təyyarələr idarə olunan hava bombaları ilə xüsusi olaraq mülki şəxsləri hədəf alır. Hücumdan sonra bazada baş verən yanğınların texniki və əməliyyat obyektlərinə də təsir etdiyi bildirilib.
Hərbi analitiklər vurğulayırlar ki, Ukrayna bu əməliyyatla Rusiyanın dərinliklərində hədəflərə çatmaq qabiliyyətini bir daha nümayiş etdirib. Bildirilir ki, Su-34-lərin məhv edilməsi Rusiya Hərbi Hava Qüvvələrinin hücum imkanlarını xeyli zəiflədə bilər.
Digər tərəfdən Voronej və Lipetsk vilayətlərinin də pilotsuz təyyarə təhlükəsilə üz-üzə olduğu bildirilib.
TAHİR