Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kiyev, 28 iyun, AZƏRTAC
İyunun 28-nə keçən gecə ruslar kamikadze dronlarla Odessaya hücum ediblər. Hava hücumu nəticəsində 2 nəfər həlak olub, yaralıların sayı isə 14 nəfərə çatıb.
AZƏRTAC Ukrayna Milli Polisinin Teleqram səhifəsinə istinadla məlumat verir ki, yaşayış binalarına, inzibati binaya və digər mülki infrastruktura, avtomobillərə ziyan dəyib.
Məlumata görə, bütün yanğınlar Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Təəssüf ki, ər və arvad ölüb və onların meyitləri dağılmış yaşayış binasının dağıntıları altından çıxarılıb. Həmçinin, indiyədək daha 14 nəfərin xəsarət aldığı məlum olub, onlardan 2-si polis, 3-ü azyaşlı uşaqdır.
Milli Polisin mətbuat xidməti əlavə edir ki, ölən və xəsarət alanların dəqiq sayı və dağıntının miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir.
"Hadisə yerində polis və digər ixtisaslaşdırılmış xidmətlər işləyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumun nəticələrini qeydə alır, sübutlar toplayır, vətəndaşları dindirir, psixoloji yardım göstərir, asayişi təmin edir. Bu tapşırıqların yerinə yetirilməsi üçün 66 polis əməkdaşı xidmət göstərir", - deyə məlumatda deyilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.