AZ

Azərbaycanlı qardaşların öldürülməsinə SƏRT REAKSİYA: "Bu, təkcə gərginlik yaratmayacaq, həm də..."

“Rusiyada OMON dəstəsinin azərbaycanlı qardaşlara qarşı keçirdiyi əməliyyat zamanı onların öldürülməsi ciddi ictimai rezonansa səbəb olub. Hadisənin təfərrüatları tam aydınlaşmasa da, görüntülərdə və yayılan ilkin məlumatlarda hüquq-mühafizə orqanlarının zorakı və proporsional olmayan güc tətbiq etdiyi iddia olunur. Bu isə təkcə hüquqi yox, həm də diplomatik və mənəvi müstəvidə ciddi suallar doğurur”.



Bu fikirləri politoloq Züriyyə Ruslanqızı Konkret.az-a açıqlamasında şərh edib:



Züriyyə Ruslanqızı



“Azərbaycanda bu cür hallara qarşı həssaslıq kifayət qədər yüksəkdir. Rusiyada milyonlarla azərbaycanlının yaşadığı nəzərə alınarsa, onların hüquqlarının pozulması və həyatlarının təhlükə altında olması geniş narazılığa yol açır. Cəmiyyət bu məsələdə qətiyyətli və prinsipial mövqe gözləyir: istintaq aparılmalı, hadisəyə hüquqi qiymət verilməli, məsul şəxslər cəzalandırılmalıdır.
Rəsmi Bakı bu kimi hallarda adətən emosional deyil, diplomatik kanallarla məsələni gündəmə gətirir. Əgər Rusiya tərəfi baş verənləri araşdırmadan keçməyə çalışsa, bu, yalnız münasibətlərdə soyuqluq yaratmaz, həm də Azərbaycan ictimaiyyətində anti-Rusiya meyllərinin güclənməsinə səbəb olar. Təsadüfi deyil ki, sosial şəbəkələrdə və mediada bu hadisə “etnik ayrı-seçkilik”, “selektiv zorakılıq” kimi ifadələrlə şərh olunur. Bu isə məsələnin yalnız hüquqi deyil, həm də etnik və ictimai aspektlərdə necə həssas olduğunu göstərir”.



Politoloq qeyd edir ki, Azərbaycan-Rusiya münasibətləri hazırkı mərhələdə geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir:



“Regional sabitlik, enerji əməkdaşlığı, nəqliyyat dəhlizləri və sülh prosesi fonunda tərəflərin qarşılıqlı maraqları kifayət qədər genişdir. Lakin bu kimi insidentlər həmin münasibətlərin etimad təməlini sarsıda bilər. Ona görə də məsələ sıradan bir hadisə kimi qəbul edilə bilməz.
Əlavə olaraq, bu olay Rusiyada yaşayan azərbaycanlılara qarşı potensial təzyiq və hüquq pozuntularının qarşısının alınması üçün yeni mexanizmlərin yaradılması zərurətini də gündəmə gətirir. Azərbaycan diasporunun hüquqlarının müdafiəsi məsələsi daha sistemli və davamlı şəkildə rəsmi Bakı tərəfindən diqqətə alınmalı, müvafiq beynəlxalq qurumlar da bu cür hallara biganə qalmamalıdır.




Nəticə etibarilə, baş verənlər təkcə iki qardaşın faciəsi deyil, həm də ikitərəfli münasibətlərin gələcəyinə işıq salan bir sınaqdır. Hadisənin hansı şəkildə həll olunması Azərbaycan ictimaiyyətində Rusiyaya olan münasibəti də müəyyən dərəcədə formalaşdıracaq. Ədalət prinsipi bərpa olunmayacağı təqdirdə, bu cür hallar təkcə diplomatik münasibətlərə deyil, xalqlar arasında sosial münasibətlərə də zərbə vuracaq”.

Seçilən
3
1
referans.az

2Mənbələr