AZ

27 paltar, 90 jet və 50 milyon dollar: Venesiyada keçirilən "əsrin toyu"nun bütün qalmaqalları

"Amazon"un rəhbəri, planetin ən varlıları siyahısında ilk yerlərdə olan Ceff Bezos və Loren Sançes Venesiyada rəsmən nikaha daxil olublar.

Oxu.Az-ın "Voice" nəşrinə istinadla verdiyi məlumata görə, üç gün davam edən təntənəli mərasim sosial şəbəkələrdə sərt tənqidlərə və etirazlara səbəb olub.

Bildirilib ki, toy təxminən 50 milyon dollara başa gəlib. Bununla belə, üçgünlük tədbirin təşkilatı ilə bağlı dəqiq detallar gizli saxlanılıb. Venesiyanın daxil olduğu Veneto regional hökumətinin prezidenti Luka Dzaya isə bildirib ki, toy və ona aid tədbirlər üçün 47-56 milyon dollar tələb olunacaq.

Tədbirə təxminən 200 ulduz və biznes elitasının nümayəndələri, o cümlədən ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner, Opra Uinfri, Bill Qeyts, Leonardo Di Kaprio və s. dəvət olunublar.

Qeyd edilib ki, çoxmilyonlu büdcə, məşhur qonaqlar, hava limanında 90 ədəd şəxsi təyyarə (jet) və gəlinin dəyişəcəyi vəd edilən 27 libasa görə bu mərasim artıq "əsrin toyu" adlandırılıb.

Loren Sançesin gəlinliyinin ilk fotoları da yayılıb.

Sançes italyan brendi "Dolce&Gabbana"nın zərif libasını seçib. Bu geyim, aktrisa Sofi Lorenin 1958-ci ildəki "Üzən ev" filmindəki gəlin obrazına istinaddır.

Bezosun sevgilisi nəşrlərə müsahibəsində bildirib ki, əvvəlcə sadə, amma seksual bir paltar geyinmək istəyirmiş, lakin sonra "anı yaşamaq üçün xoşbəxtlik verəcək" bir libas seçib.

"Bu, başqalarının məndən gözlədiyi şey deyildi, amma bu məni tam əks etdirir", - deyə Sançes vurğulayıb.

Loren Sançesin gəlin obrazı dərhal jurnalların və sosial şəbəkələrin diqqətini çəkib.

Toy bir çox sosial reaksiyaya səbəb olub - Venesiyada etiraz aksiyaları keçirilib. "Greenpeace" fəalları şəhərin su yollarına "Amazon" loqolu qutunu və əlində pul dəstəsi olan nəhəng şar şəklində Bezos fiqurunu buraxıblar.

Onlar plakatlarda bu şüarları nümayiş etdiriblər: "Əgər Venesiyanı toy üçün icarəyə götürə bilirsənsə, deməli daha çox vergi də ödəyə bilərsən", "Bezos bizi iflasa aparan iqtisadi və sosial modelin təcəssümüdür" və s.

Toy nə qədər bahalı və parlaq olsa da, hava şəraiti onu korlayıb. Güclü leysan və fırtına gecəni yarımçıq qoyub.

Tənqidçilər və sosial şəbəkə istifadəçiləri cütlüyü məsxərəyə qoyaraq yazıblar ki, bu qədər xərc çəkmələrinə baxmayaraq, "hava ilə razılaşa bilməyiblər".

"Cebheinfo.az" 

Seçilən
24
cebheinfo.az

1Mənbələr