Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən qətlə yetirilən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətiriləcəyi tarix hələ məlum deyil.
Bunu Oxu.Az-a açıqlamasında evə basqın zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovun qardaşı, tanınmış jurnalist Seyfəddin Hüseynli deyib.
O bildirib ki, hadisə 25 il əvvəl baş vermiş və detalları məlum olmayan bir cinayət işi ilə əlaqələndirilir:
"Evə basqın edənlər hər iki qardaşımı amansız işgəncə ilə öldürüb, ailə üzvlərini isə xüsusi amansızlıqla döyüb, bədənlərinə elektrik cərəyanı buraxıblar. Hamısına xüsusi işgəncə veriblər. Onların da vəziyyəti hələ ki, çox ağırdır. Cənazələri hələ vermək istəmirlər. Bilmirik nə vaxt təhvil verəcəklər bizə. Hazırda danışıqlar gedir.
Çalışırıq ki, cənazələrin gətirilməsini sürətləndirsinlər, amma hələ vermirlər. Qohumlarımın çoxunu həbs ediblər, onların da aqibəti bəlli deyil. Xəsarət alan qohumlarımın vəziyyəti çox ağırdır. Onları da döyüblər, fiziki təzyiqlər göstəriblər, bədənlərinə elektrik veriblər".
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüblər. Bundan başqa qardaşların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov da qətlə yetirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi baş vermiş hadisə ilə bağlı bəyanat yayıb.