Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda yaranan prosesləri izləyir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk danışıb.
Onun sözlərinə görə, Ermənistanın normativ-hüquqi bazasında Avrasiya İqtisadi İttifaqının üzvü olmayan ölkələrdən idxal olunan ərzaq məhsullarının sertifikatlaşdırma qaydalarını sadələşdirən yeni aktlar peyda olub.
“Bu isə o deməkdir ki, Avrasiya İqtisadi İttifaqının daxili bazarına İttifaqın tələblərinə uyğun olmayan mallar daxil ola bilər. Məsələni Avrasiya İqtisadi Komissiyası Şurasında müzakirəyə çıxaracağıq,” – deyə Overçuk bildirib.
O qeyd edib ki, bu addımların Aİİ-nin qaydalarına zidd olduğunu göstərən məktubu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryana göndərməyi planlaşdırır.
“Biz bu məsələyə dair uyğun tədbirlərin görülməsini nəzərdən keçirəcəyik,” – deyə Rusiya rəsmisi əlavə edib.
Musavat.com