AZ

Təhsil idarəçiliyində böhran - Nazirlik sistemli şəkildə etimadı itirir » AzadMedia.az

Təhsil
Son dövrlər Elm və Təhsil Nazirliyinin fəaliyyəti ətrafında yaranan ictimai narazılıqlar daha da artmaqdadır. Təhsil ekspertləri, müəllimlər və valideynlər haqlı olaraq sual edirlər: Azərbaycanın elm və təhsil sistemində məqsəd nədir? Keyfiyyətsiz idarəçilik, qəribə təyinatlar, korrupsiya əlamətləri və cavabsız qalan suallar cəmiyyətin gələcəyinə olan inamı sarsıdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin media ilə işləyən əməkdaşları təhsildən tənqid yazan jurnalistləri tədbirlərindən uzaq tutur. Çünki onlar press-relizlə kifayətlənmir, görünən nöqsanları ictimailəşdirir, bu da təhsil nazirinə xoş gəlmir. Bu yaxınlarda bəndəniz məktəbdə tədbirə dəvət almışdı. Gördüm ki, 3 gündür lövhədə ulu öndər Heydər Əliyevin şəkilləri başayaq asılıb. Özü də Soz zəng və Qurtuluş günlərində, məktəbin qonaqlarının çox olduğu bir dövrdə Ulu öndər belə hörmətsiz münasibəti haqq edirdimi?
Etirazımı bildirdim, öyrəndim arxası güclü direktorlardanmış, sən demə möhkəm yerə ilişmişəm, mənə zərbə dəyə bilər...
Beləcə direktor cəzasız qaldı, məni tədbirə dəvət edən əməkdaş möhkəm danlandı və... Və RFO qaliblərinin mükafatlanmasına və müəllimlərin sertifikasiya imtahanlarına nəzarətə çağırılmadım. Təhsildən 1 cümlə yazmayan media nümayəndələrini çağırdılar tədbirlərinə press-relizin 1-ci abzası ilə fotosesiyalarla poz versinlər...
Təhsil eksperti Etibar Əliyev bu mövzu ilə bağlı sosial şəbəkədə sərt mövqe ortaya qoyaraq yazır:

“Elm və Təhsil Nazirliyi imtahan keçirməyi belə bacarmır. Orta məktəb təhsili faktiki olaraq repetitorların monopoliyasına keçib. Məktəb direktorları məktəbə gəlir gətirən kommersiya obyektləri kimi baxırlar. Təhsilin idarə olunması bərbad vəziyyətdədir.”
Bu fikirləri yalnız emosional münasibət kimi qiymətləndirmək mümkün deyil. Son aylarda baş verənlər göstərir ki, tənqidlər real faktlara söykənir.
240 nömrəli məktəbin direktoru və müavini vəzifə səlahiyyərlərini aşıb texniki işçilərə məktəbin həyətində maşınlarını yudurtmaqda olsun, keçək Kamran Əsədovun faktlarla sübut etdiyi "Sertifikasiyada suallar əvvəlcədən ötürülüb" iddiasına. Çünki digər təhsil eksperti Kamran Əsədov isə daha ciddi bir iddia ilə çıxış edib:

“Sertifikasiya prosesində bəzi şəxslərə imtahan sualları əvvəlcədən ötürülüb. Bu, artıq sadəcə qanun pozuntusu deyil, cinayətdir.”
Bu cür hallar təkcə sistemə olan etimadı yox etmir, həm də yüzlərlə vicdanla çalışan müəllimin haqqına girir.
Bu qədər pullar ayrılır, düzəlmək əvəzinə təhsil sektoru daha bahalı biznes obyektinə çevrilir.
Görəsən "təhsilin inkişafına yönələn" qrant milyonları hara gedir?
Hər il Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən müxtəlif layihələrə və təşkilatlara milyonlarla manat vəsait ayrılır. Lakin bu layihələrin nə cəmiyyətə, nə də təhsil sisteminə əhəmiyyətli töhfəsi görünmür. Tənqidlərə görə, qrantlar daha çox hökumətyönlü olmayan və ya şübhəli əlaqələri olan QHT-lərə yönəldilir. Bu isə ictimai narahatlığı daha da artırır.
Nazirlikdə təhsilə aidiyyatı olmayan şəxslərin yüksək vəzifələrə gətirilməsi, bu sahənin taleyinə qeyri-peşəkarların qərar verməsinə səbəb olur. Məsələn, riyaziyyat olimpiadasında keçirilən imtahanın 30 sualından 9-nun səhv olması kimi nümunələr artıq adiləşib. Sanki yanlışlığa görə heç kim məsuliyyət daşımır. Əksinə, həmin şəxslərin vəzifədə saxlanması və hətta mükafatlandırılması ilə qarşılaşırıq.
Ekspertlər qeyd edirlər ki, nazirliyin ritorikası və qərarları müəllimləri və elmi ictimaiyyəti getdikcə daha çox ruhdan salır. Müəllim və alimlər dövlət siyasətində mərkəzi yer tutmalı olduğu halda, tez-tez aşağılama və laqeydliklə qarşılaşırlar.
Bu qədər faktın və ictimai narazılığın fonunda haqlı olaraq sual yaranır: Məqsəd nədir? Cəmiyyətin savad səviyyəsini artırmaqmı, yoxsa təhsili formal hesabatlara çevirməkmi?
Əgər bu istiqamətdə radikal islahatlar aparılmazsa, ölkənin gələcəyini etibar edə biləcəyimiz savadlı və vətənpərvər nəslin formalaşması ciddi sual altına düşə bilər.
Ölkədə ciddi təhsil islahatlarına, təhsil sisteminin yenilənməsinə ehtiyac var, sonra gec olacaq...
Elnurə Abuşova

Seçilən
17
50
azadmedia.az

10Mənbələr