Sherg.az saytına istinadən ain.az xəbər verir.
Bakı şəhər sakini, xəstəxanalarda reanimasiyalarda boş yerin olmamasından şikayətçidir.
"Medicina" xəbər verir ki, qadın ağır dializ xəstəsinin təcili reanimasiyaya yerləşdirilməli olduğunu bildirib. "Atam böyrək çatışmazlığından əziyyət çəkir. Vəziyyəti ağırlaşdığı üçün Mərkəzi Neftçilər Xəstəxanasına apardıq. Həkim rəyinə əsasən, reanimasiyaya yerləşdirilməlidir. Nəinki bu xəstəxanada, biz Təcili Təxirəsalınmaz Tibbi Yardıma başqa xəstəxanada yerləşdirilmə üçün müraciət etsək də, bizə imtina edirlər. Atamın yaşama və müalicə hüququ var, "SOCAR" sığortası var"
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir:
"Bir sıra tibb müəssisələrində çarpayı fondunun idarə olunması üzrə nəzarət modulu yaradılıb. TƏBİB-in aidiyyəti struktur bölmələri və tibb müəssisələrinin rəhbərləri həmin modula giriş imkanına malikdirlər. Qeyd etməliyik ki, xəstəxanalarda çarpayı sayı (stasionar, intensiv terapiya) tibb müəssisəsinin mövcud infrastrukturu, kadr potensialı, ixtisaslaşması normativ hüquqi aktlara əsasən tənzimlənir. Son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir. Bəzən boş çarpayı olmadığı üçün müraciət etmiş vətəndaşlar TƏBİB tabeli tibb müəssisələrinə yerləşdirilə bilmir. Artım dinamikasını nəzərə alaraq yeni intensiv terapiya şöbələrinin yaradılması nəzərdən keçirilir".
O zaman ağır xəstəniz varsa, ya özələ aparmalısız, ya da Allaha dua edib boş çarpayı istəməlisiz.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, son illərdə səhiyyə sahəsində baş verən problemlər cəmiyyətin geniş kəsimində ciddi narazılıq doğurur:

“Bu problemlərin miqyası və müxtəlifliyi onları sadalamağı zaman baxımından çətinləşdirir. Lakin reanimasiya şöbələrində çarpayı çatışmazlığı xüsusi olaraq diqqətəlayiq və sistem xarakterli bir problemdir. Belə ki, reanimasiya təcili, həyati təhlükə daşıyan vəziyyətlərdə olan, əməliyyatdan çıxmış və ya ağır travma almış xəstələrin qısa müddətli intensiv nəzarət və müalicə aldığı sahə olaraq əvvəlcədən planlaşdırılmalı və müvafiq infrastrukturla təmin edilməlidir. Əgər bir xəstə hospitala müraciət edir, əməliyyata alınırsa, əməliyyatdan sonrakı mərhələdə onun reanimasiya şəraitində müalicəsi də planın bir hissəsi olmalıdır. Lakin reanimasiya çarpayısının olmaması, xüsusilə xəstəxanaya vaxtında yerləşdirilmiş və tibbi müdaxiləyə ehtiyacı təsdiqlənmiş pasiyent üçün ciddi sistem pozuntusudur. Bu cür hallar, təəssüf ki, bəzən xəstə yaxınlarının əlavə ödəniş etməsi müqabilində reanimasiya yerlərinin “tapılması” ilə müşahidə olunur ki, bu da korrupsiya ehtimalını gündəmə gətirir. Məsələ ictimai müzakirəyə çıxarılmalı, geniş ictimaiyyətin və aidiyyəti dövlət orqanlarının diqqətinə çatdırılmalıdır. Belə halların mövcudluğu, səhiyyə sistemində nəzarət və tənzimləmə mexanizmlərinin qeyri-effektivliyini göstərir. Əgər sözügedən xəstəxana dövlət müəssisəsidirsə, orada hər bir xəstənin əməliyyatdan və ya travmadan sonra reanimasiyada yerləşdirilməsi təmin edilməlidir. Əgər bu özəl tibb müəssisəsidirsə, onun da özəl tibbi fəaliyyətlə bağlı normativ hüquqi öhdəlikləri mövcuddur və onlar icra olunmalıdır. Bütün bu hallar onu göstərir ki, reanimasiya xidmətlərində mövcud çatışmazlıqların aradan qaldırılması üçün Səhiyyə Nazirliyi və ona nəzarət edən müvafiq dövlət strukturları tərəfindən araşdırma aparılmalı, komissiyalar yaradılmalı və məsuliyyət daşıyan şəxslər müəyyən olunaraq müvafiq tədbirlər görülməlidir. Demokratik və müstəqil bir ölkədə səhiyyə sistemində belə neqativ hallar xüsusən də insan həyatının təhlükədə olduğu situasiyalarda qəbuledilməzdir və bu, həm peşəkar, həm də mənəvi baxımdan cəmiyyət üçün utancverici hal kimi qiymətləndirilməlidir”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.