AZ

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı SSRİ nin ən arzuolunmaz qadını

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az görkəmli xanəndə, Əməkdar artist Cahan Talışisnkaya haqqında materialı təqdim edir.

Cahan Talışinskaya 1909-cu il, fevral ayının 9-da Lənkəran şəhərində anadan olub. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi.

***

1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım "Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal ilə maraqlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi.

***

Seminariyada oxuduğu illərdə Cahan xanım o dövrdə Əli Bayramov adına klubun nəzdində təşkil olunmuş bədii özfəaliyyət dərnəyində iştirak etməyə başladı. 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işə daxil olur, sonra Dövlət estradası və nəhayət, 1934-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olur.

***

20-ci illərin axırı – 30-cu illərin əvvəlində Avropaya səfərə hazırlaşan Əfqanıstan şahı Əmənulla xan Bakıya gəlir. Qonaqlıq verilir və bundan sonra konsert proqramı göstərilir. Konsertdə iştirak etmək üçün Cahan Talışinskayanı dəvət edirlər. Konsertdən sonra şahın xanımı minnətdarlıq əlaməti kimi qızıl qol saatını Cahan xanıma hədiyyə etdi. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət etdilər və saatı bir günə aldılar. Səhəri gün saatı qaytardılar: saatın arxa tərəfində "Cahan Talışinskayaya Əmənulla xandan" sözləri yazılmışdı.

***

"Qubanın ağ alması", "Uca dağlar", "Dəli Ceyran", "Kürdün gözəli" kimi bir çox populyar xalq mahnısı məhz ilk dəfə onun ifasından yazılıb və ifa edilib: bu mahnıları Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində toplayıb, bütün vasitələrdən istifadə edərək yeni melodiyaları yadda saxlayaraq onu dinləyicilərə oluğu kimi çatdırıb. Müğənninin oğlunun xatirələrinə görə, Cahan xanım bu mahnılardan bəzilərini ücqar dağ rayonlarında, çay qırağında paltar yuyan bir qadından eşitmiş və yazmışdır. İndi məşhur "Qubanın ağ alması" mahnısını isə ona akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı Reyhan xanım oxumuşdur.

***

Müharibədən əvvəlki bu illərdə Cahan xanım tamaşaçıların hədsiz rəgbətini və məhəbbətini qazanıb. Onu hər yerdə tanıyırdılar. Çox açıqürəkli, şən, mehriban insan olan Cahan xanımın saysız-hesabsız dost və tanışları var idi. Bunlardan – Səid Rüstəmov, Bülbül, Həqiqət Rzayeva, Şövkət Məmmədova, Şəmsi Bədəlbəyli, Yavər Kələntərli, aktyorlardan Mustafa Mərdanov, Sona Hacıyeva, Əzizə Məmmədova, Fatma Qədri, Mərziyyə Davudova kimi bir çox məşhur adamların adını çəkmək olar. Cahan xanımın bu yaradıcılıq fəallığına, işgüzarlığına, həyatsevərliyinə heyran olmaq olar – çünki, bu dövr, 30-cu illər Stalin repressiyasının ölkədə kölgə saldığı bir dövr idi. Cahan xanımın böyük hörmətə malik olmasını bilərək bir çox adamlar özləri barədə yüksək orqanlardan bu və ya digər məsələ üçün onun havadarlıq etməsini xahiş edirdilər. O, heç vaxt köməyini əsirgəməzdi; məhz qolçomaqlıq dövründə bir neçə adam onun köməyi ilə xilas olunmuşlar.

***

1937-ci ildə bacısı Sitarə xanımın əri şərqşünas-türkoloq Xalid Səid Xocayev və Sitarə xanım özü də həbs edilib. Cahan xanım heç nədən çəkinməyərək bacısının qızı Bəhicəni öz evində saxlayıb. O, başqa bacısı Bilqeyis xanıma da kömək edib. Bilqeyis xanımın da əri həbs edilib. O, bacısı oğlu Hüseynə də köməklik göstərib. Cahan xanımın keçmiş əri Məmməd Hacıbəyov və qardaşı Rüstəm Talışinski də həbs edilib. Cahan xanım tək özü oğlu Nazimi böyüdürdü və onunla anası Məryəm xanım da yaşayırdı.

***

Lakin Cahan Talışinskayanın da başının üstünü qara buludlar aldı. NKVD-də gizli əməkdaşlıq etməyə razılıq vermədiyinə görə, Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənət ongünlüyükdə iştirak etməyə icazə vermədilər. Onun adı iştirak edənlərin siyahısından silindi. Buna baxmayaraq 1939-cu ildə estrada artistlərinin Birinci Ümumittifaq müsabiqəsinə yollandı. Burada münsiflər heyətinin sədri L. Utyosov, münsiflər heyətinin üzvləri isə – I. Dunayevski, Smirnov-Sokolski, Irma Yaunzem idilər. O, Klavdiya Şulcenko, Olqa Lepeşinskaya və Tamara Sereteli ilə yanaşı bu müsabiqənin laureatı oldu. 1940-cı ildə Cahan Talışinskaya respublikanın əməkdar artisti adını aldı. 33 yaşında o, artıq yaradıcılığının yüksək zirvəsinə çataraq xalq tərəfindən sevilirdi.

***

1942-ci ildə onu 14 yaşlı oğlu ilə birlikdə yalançı donos nəticəsində Qazaxıstanın Petropavlovsk rayonuna sürgün etdilər. "Xalq düşmənləri" adı altında ona orada (1942-ci ilin avqust ayına qədər) güclü nəzarətdə oldular. Bir sıra xahiş ərizələrindən sonra Cahan xanım Özbəkistanın Çimkənt şəhərinə köçməyə icazə aldı. Lakin bunun əvəzində o Daşkəndə köçdü və oğlu Nazimi Bakıya öz qardaşı məşhur professor-travmatoloq Əbülfət Talışinskinin yanına göndərdi.

Daşkənddə Cahan xanım şəhər filarmoniyasında solist ifaçı kimi çalışmağa başladı. Şübhəsiz, gənc qadın oğlunun, vətənin, qohumlarının həsrətini çəkirdi.

***

Vətənə bir qədər yaxınlaşmağa Cahan xanıma bir təsadüfi hadisə kömək etdi. 1943-cü ildə Daşkəndə SSRİ Xalq komissarlığı nəzdində yerləşən musiqi idarələrinin başçısı V. Surin gəlmişdi. O, müəyyən bir vaxta Ümumittifaq estrada artistlərinin musabiqəsində münsiflər heyətinin üzvü idi. Həmin müsabiqədə Cahan xanım laureat oldu. O, Cahan xanımı tanıyır, onunla söhbət etdikdən sonra Tbilisi şəhərində incəsənət işləri üzrə idarəyə təyinat verir. Beləliklə, Cahan xanım Tbilisi şəhərində Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada o Leyli ("Leyli və Məcnun"), Telli ("Arşın mal alan"), Əsli ("Əsli və Kərəm"), Şahsənəm ("Aşıq Qərib") rollarında iştirak edir və müvəffəqiyyət qazanır.

***

Lakin Bakıda NKVD təşkilatı Tbilisiyə məktub göndərir və bu məktubda Cahan xanımın yenidən Orta Asiyaya sürgün edilməsi məsələsini qaldırır. Onu bu dəfə keçmişdə Bakıda yaşamış Zaqafqaziya hərbi şurasının üzvü, SSRİ deputatı Xavər Vəliyev xilas edir. Onun köməkliyi ilə Cahan xanım Tiflisdə qalır və bir çox xahişdən sonra nəhayət, Vətənə qayıdır. Həmin dövrdə musiqi teatrının direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəyli onu Teatra dəvət edir. Cahan xanımın ifa etdiyi bəzi rollarını o vaxtı gənc aktrisa Nəsibə xanım Zeynalova dublyaj edirdi.

***

1949-cu ildə repressiya və sürgünlərin yeni dalğası başlanır. Yenidən Cahan Talışinskaya oğlu ilə Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə Stalinin ölümündən və M. C. Bağırovun həbsindən sonra Cahan xanımın və onun oğlunun azad olunması barədə qərar qəbul olunur. Cahan xanım Daşkənddə yaşamağı davam edir. O demək olar ki, işləmirdi, lakin hər ay radioda onun konsertləri səslənirdi. Daşkənddə oğlu evlənir, nəvələri dünyaya gəlir. Onlar tez-tez Bakıya qohumlarını görməyə gəlirdilər. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə qayıtmağına təkan verdi. Daşkənddə onların yaşadığı ev tamamilə uçulur və təsadüf nəticəsində sağ qalan Cahan xanım və ailəsi təcili Bakıya qayıdırlar. Cahan xanım bir il sonra 1967-ci ildə vəfat edir. Pianoda çalıb oxuduğu zaman paraliç nəticəsində dünyasını dəyişir.

Tanınmış aktrisa xəstəxanaya yerləşdirilib

Məşhur aparıcı xərçəngdən vəfat etdi

Biləsuvarda kino günlərinə start verilir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
kulis.az

2Mənbələr