AZ

ABŞ-İran təmasları intensivləşir

BAKI, TurkicWorld

Tramp administrasiyası 30 milyard dollarlıq nüvə razılaşmasına çalışır.

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İranın mülki nüvə proqramına dəstək məqsədilə 30 milyard dollarlıq paket üzərində işləyir.

CNN International-ın dörd mənbəyə istinadən yaydığı məlumata görə, bu təşəbbüs Vaşinqtonun İrana uranın zənginləşdirilməsini dayandırmaq şərtilə yeni nüvə sazişi təklif etməsinə yönəlib.

Plan çərçivəsində ABŞ-ın Körfəz müttəfiqlərinin maliyyələşdirəcəyi proqram yalnız mülki nüvə enerjisi sahəsini əhatə edəcək. İddialara görə, Fordo nüvə obyektində zənginləşdirməni əhatə etməyən yeni reaktorun qurulması təklif edilir və bu, Birləşmiş Ərəb Əmirliklərinin nüvə modelinə bənzəyəcək.

Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ötən həftə Ağ Evdə Körfəz ölkələrinin diplomatları ilə bu məsələni müzakirə edib. Təklifin Tehranın qəbul edib-etməyəcəyi hələlik bəlli olmasa da, ABŞ tərəfi danışıqlarda hələ də ümidli olduğunu bildirir.

Qeyd edək ki, İran tərəfi əvvəllər uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib. Hətta bu həftənin əvvəlində İran parlamenti BMT-nin nüvə müfəttişləri ilə əməkdaşlığa son qoyan qanunu qəbul edib.

Tramp NATO Sammitində çıxışında “nüvə silahı istəmirik” mesajı versə də, danışıqlarda ehtiyatlı mövqe sərgiləyib. Onun sözlərinə görə, “yalnız nüvə silahından imtinanı təsdiqləyən bir bəyanatla kifayətlənmək də mümkün ola bilər.”

Milli Təhlükəsizlik Müşaviri Marko Rubio isə daha sərt mövqe nümayiş etdirərək ABŞ-ın birbaşa danışıqlar tərəfdarı olduğunu bildirib.

Seçilən
10
11
turkic.world

10Mənbələr