BAKI, TurkicWorld
İsrail İrandan sonra Türkiyəni hədəfə ala bilər.
TurkicWorld xəbər verir ki, ABŞ-ın təqaüdçü səfiri və diplomat Çarlz V. Friman İsrailin Yaxın Şərqdəki genişlənmə planları və mümkün növbəti hədəfi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
O bildirib ki, İsrailin strateji müzakirələrində “İrandan sonra Türkiyə ilə də məşğul olmaq lazımdır” fikri səslənir.
Freeman, ABŞ-ın keçmiş generalı və NATO-nun Avropa komandanlığının rəhbəri Uesli Klarkın vaxtilə səsləndirdiyi “İsrailin 5 ildə 7 ölkəni məhv etmə planı”na istinad edərək qeyd edib ki, bu planın son hədəfi İran idi və bu ssenari artıq tam şəkildə həyata keçirilib. İndi isə İsrail daxilində Türkiyəyə yönəlik narahat açıqlamaların artdığı müşahidə olunur.
“İsraillilər artıq bunu bir ön şou kimi görür və növbəti düşmənin Türkiyə olduğunu düşünürlər. Türkiyənin mütləq zəiflədilməsi və ya qarşısının alınması barədə danışırlar”, – deyə Friman bildirib.
Diplomat İsrailin bölgədəki davranışlarına toxunaraq bildirib ki, Qərbin şərtsiz dəstəyi bu ölkənin cəzasız qalmasına səbəb olub: “İsrail heç vaxt pis davranışına görə cəzalandırılmayıb. Bu gün dünyada ən qəddar və əxlaqsız davranış sərgiləyən ölkə olaraq 'şərin çempionu' adına layiq görülür”.
Freeman həmçinin vurğulayıb ki, İsrailin qarşısı alınmadığı təqdirdə bölgədəki digər dövlətlər üçün də təhlükə davam edəcək və regionun bu gedişatı dayandırmaq üçün birləşməsi vacibdir.
Qeyd edək ki, son aylarda İsrailin Qəzzaya və daha sonra İrana hücumları ilə bölgədə gərginlik pik həddə çatıb və beynəlxalq səviyyədə təhlükəli nəticələrə səbəb olacaq yeni mümkün ssenarilər müzakirə olunur.