AZ

Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir



Dövlət başçısı İlham Əliyev «8 Noyabr» Elektrik Stansiyasının açılışı mərasimində bildirib ki, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir:
"Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik. Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq, - halbuki bu gün də kifayət qədər yüksək səviyyədədir, - və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir".
Sosial-iqtisadi sahədə əldə etdiyimiz uğurlar, aparılan demokratik islahatlar və hüquqi dövlət quruculuğu üzrə görülən işlərlə yanaşı, enerji təhlükəsizliyinin təmin edilməsində qısa zaman kəsiyində nail olduğumuz uğurlar da ölkəmizi xarakterizə edən əsas amillərdəndir.
Azərbaycan dövləti beynəlxalq təşəbbüsləri uğurla reallaşdıraraq, tarixi əhəmiyyət kəsb edən enerji layihələrini həyata keçirərək qlobal təhlükəsizlik və inkişaf sistemində mühüm yer tutur. Qlobal qiymətləndirmə indekslərində ölkəmizin ilbəil yüksəlişi bunu sübut edir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasəti sovet dönəmində və müstəqillik illərində başlanan işləri məntiqi şəkildə tamamlayır və elektroenergetika sistemimizin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir.
Azərbaycan–Avropa İttifaqı enerji əməkdaşlığı regionun sabitliyinə və davamlı inkişafına mühüm töhfə verir. Ölkəmiz təkcə qaz ixracatçısı deyil, həm də bərpa olunan enerji mənbələrindən istifadə edərək potensial enerji ixracatçısıdır. Eyni zamanda, iqtisadiyyatını şaxələndirməyə və gələcəyə sərmayə qoymağa yönəlmiş məsuliyyətli oyunçu kimi beynəlxalq arenada özünü təsdiq edib.
Neft–qaz diplomatiyası tariximizdə parlaq izlər qoymuş, uzunmüddətli əməkdaşlığa hazır olmağı ilə seçilən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha önəmli rol oynayır.
Beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınan ölkəmizin uğurlarının əsasını uzaqgörən daxili və xarici siyasət kursu təşkil edir. Azərbaycan öz müttəfiq və əməkdaşlarını — həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə — sərbəst seçərək, milli təhlükəsizliyini möhkəm təmin edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi ədalətli və uzaqgörən siyasət sayəsində ölkəmizin milli təhlükəsizliyi bütün sahələrdə təmin edilmiş və gələcəkdə də möhkəmləndiriləcəkdir.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Seçilən
10
aia.az

1Mənbələr