AZ

Maestro Ceyhun 50

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Azərbaycanda ilk klassik skripka ifaçısı Azad Əliyev olub. Bu alətdə milli musiqimizi televiziyada ilk dəfə Natiq Nuriyev ifa edib. Sonra bu musiqi alətinin mahir ifaçılarından biri kimi Kazbek Əliyev tanınıb. Üçüncü nəsil skripkaçılar arasında isə ən çox tanınanlardan biri də Ceyhun İsmayılovdur. Bu dəfə sizə onun haqqında danışmaq istəyirəm. Axı, iyunun 27-si maestronun 50 yaşı tamam olur...

“Dostlarım deyirlər ki, bu sənət səninlə davam edəcək. Sonra söyləyirlər ki, sən skripka ifaçılarının şahısan. Səndən başqa skripkada gözəl ifa edən kimsə yoxdur. Niyə yoxdur ki? Var! Azərbaycan xalqı həmişə istedadlar yetişdirib və yetişdirəcək də. Sadəcə olaraq, KİV-in vasitəsilə həmin ifaçılara bildirmişəm ki, onlar tənbəldirlər. Öz üzərilərində işləmirlər. Onları müəyyən toylarda, el şənliklərində görürəm. Yaradıcılıqlarına bir az fikir versinlər. Toylarda müğənniləri müşayiət etməklə məşğuldurlar. Solo fəaliyyətlərinə, solo əsərlərinə və alətlərinə daha çox fikir versələr, yaxşı olar. Efirdən və müsahibə verməkdən qaçmasınlar. Yəni daha çox bu səpkidə işlər görsünlər. Hər bir insanın taleyi öz əlindədir. Onlar elə etsinlər ki, musiqiləri sevilsin və ifaları tanınsın. Skripkanın kamanı simə sürtüləndə səsdən bilinsin ki, bu filankəsin skripkasının səsidir. Toyda, bayramda iştirak edirlər. Hamı kimi işləyib, pul qazanırlar, elə mən də... Çox gözəl! Ümumiyyətlə, bəyəndiyim instrumentalistlər, müğənnilər və xanəndələr var. Və bunların da hamısını izləyirəm, müşahidə edirəm.”- söyləyir.

O, 1975-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Əslən Qubadlı rayonundandır. Sumqayıt Musiqi Texnikumunda və Konservatoriyada təhsil alaraq, skripka alətinin sirlərinə bələd olub. 2015-ci ildən Respublikanın Əməkdar artistidir...

Deyir ki:- “Dünya musiqisinin müxtəlif janrları ilə maraqlanıram. Evimdə divarın böyük bir hissəsini dünya skripkaçılarının diskləri bəzəyir. Dostlarım xarici ölkələrdə olanda, həmin ölkənin skripka və folklor janrlarının əks etdirən diskləri gətirirlər. Mən də bu ölkələrinin musiqilərindən qidalanıram. Onu da qeyd edim ki, skripka ifaçısı üçün dünya musiqisini dinləmək zəruridir. Çünki bu musiqi aləti dünyəvi alətdir. Məsələn, tarı, kamançanı bizim alət olduğunu dünyaya bəyan edirik. Skripka aləti isə bizim alət deyil, əcnəbi musiqi alətidir. Sadəcə olaraq, bizim musiqilər skripkada gözəl səslənir. Odur ki, biz həmin aləti özümüzünküləşdiririk. O cümlədən, biz mütləq italyanın, şotlandın, almanın, fransızın dilini və musiqisini bilməliyik. Və sabah da onlara başa salaq ki, sizin musiqinizi də və öz musiqimizi də çox gözəl bilirik. Onlar isə bizim musiqiləri öz musiqi alətlərində eşidəndə daha çox bəyənirlər.”

Babası görkəmli yazıçımız Süleyman Rəhimovla bacanaq olublar. Məktəb illərində yay tətillərinin bir hissəsini böyük ədibin anadan olduğu, füsünkar mənzərəsi olan Əyin kəndində keçirib. “Həmin kənddə Səngər dağı var, o dağın üstündən baxanda Qarabağın bütün rayonları, kəndləri ovucun içi kimi görünürdü. Uşaqlığım o dağın başında keçib.”- dilə gətirir...

“Hər il iyul ayında gedib, avqustun sonu şəhərə qayıdırdıq. Mən xatırlayıram avqustun artıq ortalarından Qubadlıya o qədər yağıntı düşürdü ki, heç bir maşın o yolları keçə bilmirdi. Ya traktorla, ya da atla gedib-gəlmək mümkün olurdu. Qubadlı işğal olunanda mənim 18 yaşım var idi. Az müddət deyil. 27 il biz o torpaqlara getməyin xəyalı, ümidi ilə yaşamışıq. Qubadlı ilə bağlı xatirələrim həddindən artıq çoxdur. Qubadlıya gedəndə, əgər salamat qalıbsa ilk gedəcəyim yer babamın, nənəmin məzarları olacaq. Dağıtmayıblarsa evimizə getmək istəyirəm. Mən hər il ad günümdə evimizin divarlarına, həyətimizdəki tikililərin üstünə işarələr qoyurdum. C. 13, C. 14... Hər yerdə o işarələr var. İnşallah Qubadlının infrastrukturu yenidən qurulandan sonra böyük məmnuniyyətlə gedəcəm, hətta köçüb orda yaşayacam. O torpaqlarda yaşamaq sağlamlıqdır, uzunömürlülükdür.”- söyləyir.

Şou-biznesə pis baxmır. Yeri gələndə bu sahədə görünməkdən də çəkinmir...

Deyir ki:- “Şou-biznes deyəndə, insanların ağlına hay-küy, qalmaqal, başına stəkən atmaq və başqa hadislər gəlir. O şou-biznes deyil. O paparatsinin qiyamətdən düşmüş fonlarıdır. Elə mənim bütüm həyatım şou-biznesdir. Şou-biznesin üzvü olmaq hər bir insana nəsib olmur. İnsan var ki, 50 ildir çalır-oxuyur, amma şou-biznesə qatıla bilmir. Bunun üçün müəyyən meyarlar olmalıdır. Amma bəzi insanlar düşünürlər ki, uzun boya, xarici görkəmə və başqa meyarlara sahib olsam, şou-biznesə daxil ola bilərəm. Bu belə deyil. Əsas sənətdir. Sənətin olsa, hər şey öz yolunu tapacaq. Şou-biznes odur ki, şou göstərməklə, millətə xidmət etdiyin musiqi ilə pul qazanırsan.”

Skripkada xeyli musiqi bəstələyib. Bəyənmədiyi musiqiçilər haqqında nə danışmağı, nə də ki onlara baxmağı sevmir. Düşünür ki, musiqi alətlərində ifa edənlərdən mənfi və ya müsbət obraz yaratmaq onun işi deyil. Onsuz da sənəti olan ifaçılara zaman öz qiymətini verəcək...

“Artıq yay fəsili gəlib. Yayda qismən də olsa, yaradıcılıqla məşğul oluram. Amma fəsil boyu çalışacağam ki, fiziki işlərlə, yəni bağımda abadlıq işləri ilə də məşğul olum. Bütün bunlarla yanaşı dənizdə olmağı və istirahətə üstünlük vermək istəyirəm.”- söyləyir.

Emosionallığı və həssaslığı ilə fərqlənir. Qürurludur, bu da onu cəlbedici edir. Duyğuları dərindir. Ünsiyyətdə mehriban və qayğıkeşdir. Dostları, sevdiyi tərəfdaşları üçün əlindən gələni etməyə hazırdır. İnsan hisslərini çox yaxşı bilir və hər zaman öz hisslərinə güvənir. Səmimi, yumşaq, mülayim və başqalarına kömək edən insanlardan xoşu gəlir...

...Yaxşı yadımdadır, təxminən 22-23 il bundan əvvəl Sumqayıtın Kimyaçılar adına mədəniyyət evində hansısa bədii tədbir keçirilirdi. Həmin tədbirdə şəhərin o vaxtki icra başçısı Təvəkkül Məmmədov da iştirak edirdi. Skripkada elə məharətlə ifa etdi ki, bütün tədbir iştirakçıları vəcdə gəlmişdi. Və ifanın sonunda icra başçısı xüsusi ehtiramla səhnəyə qalxıb maestro Ceyhunu bağrına basdı...

Bəli, iyunun 27-si maestro Ceyhunun 50 yaşı tamam olur. Onu yubileyi münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
icma.az

1Mənbələr