AZ

POLİTOLOQ ÜLKƏR PİRİYEVA - ORDUNUN ŞANLI YOLU – MÜSTƏQİLLİYİN QÜDRƏTİ - 26 İYUN » AzadMedia.az

POLİTOLOQ

Bakı, 26 iyun — Azadmedia.az

ORDUNUN ŞANLI YOLU – MÜSTƏQİLLİYİN QÜDRƏTİ
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə..

Azərbaycan Ordusu – bu ad bu gün artıq təkcə hərbi strukturu ifadə etmir. Bu ad altında bir xalqın mübarizə ruhu, bir dövlətin suveren iradəsi, bir millətin tarixi ədalətə qovuşmaq əzmi dayanır. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə orduya, əsgərə, şəhidə və tarixə sayğı ilə bu yazını qələmə alarkən dərk edirsən ki, güclü ordu sadəcə müdafiə vasitəsi deyil – o, həm də milli iradənin, suveren düşüncənin və siyasi müstəqilliyin təminatıdır.

Tarixin kökündən yüksələn qüdrət -
Azərbaycan Ordusunun təməli, sözün əsl mənasında, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından cəmi bir ay sonra – 1918-ci ilin 26 iyununda qoyuldu. Məhz həmin gün Əlahiddə Azərbaycan Korpusunun yaradılması barədə qərar qəbul edildi. Bu, o dövr üçün olduqca cəsarətli və strateji bir addım idi. Çünki müstəqil dövlətin yaşaması və tanınması üçün ilk şərt – onun ordusunun mövcudluğu idi.

Bəlkə də bir çoxları üçün tarixdən bir cümlə olan bu fakt, əslində bir millətin öz taleyinə sahib çıxmaq üçün atdığı ilk qürurlu addımdır. Və həmin tarixi addım bu gün müzəffər bir orduya, qalib bir dövlətə çevrilmiş Azərbaycanın güc simvoluna dönüb.

Heydər Əliyev – Ordu quruculuğunun memarı -
Azərbaycan Respublikasının müasir tarixində ordu quruculuğu konsepsiyasının əsas müəllifi və memarı, şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Ulu Öndər hələ sovet dönəmində – 1970-ci illərdə Azərbaycan gənclərinin hərbi təhsil alması üçün SSRİ-nin qabaqcıl ali hərbi məktəblərində kvotaların ayrılmasına, Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmuşdu.

Müstəqillik illərində isə Heydər Əliyevin dövlətçilik kursu, orduya sistemli yanaşması, komandanlıq strukturunun formalaşdırılması, nizamnamələrin tətbiqi və hərbi peşəkarlığın artırılması istiqamətində verdiyi qərarlar bu günümüzün əsaslarını qoydu. 1998-ci ildə 26 İyunun – Silahlı Qüvvələr Günü kimi rəsmi bayram elan edilməsi də məhz onun imzası ilə reallaşdı.

Ali Baş Komandanın siyasi iradəsi və Ordunun qələbəsi -

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 21-ci əsrdə təkcə regionda deyil, bütövlükdə Avrasiya geosiyasi məkanında strateji güc mərkəzinə çevrildi. Hərbi islahatlar, texnoloji modernləşmə, döyüş qabiliyyətinin yüksəldilməsi və ən əsası – ruh yüksəkliyi, bu ordunun gücünün əsas sütunları oldu.

2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə – Ali Baş Komandanın dəmir iradəsinin, ordunun peşəkarlığının və xalqın birliyinin nəticəsi idi. Bu müharibə sadəcə ərazilərimizin işğaldan azad olunması ilə nəticələnmədi – bu savaş həm də Azərbaycanın beynəlxalq statusunu dəyişdi, yeni güc balansı formalaşdırdı, regional və qlobal mərkəzlərə “Azərbaycan gerçəyi”ni qəbul etdirdi.

2023-cü ilin lokal antiterror tədbirləri isə sübut etdi ki, bu ordu təkcə müharibə meydanında deyil, həm də siyasi-mədəni coğrafiyada sabitliyin və suverenliyin təminatçısıdır.

Ordu – Böyük Qayıdışın təminatçısı -

Bu gün rəşadətli Azərbaycan Ordusu təkcə sərhədləri qoruyan güc strukturu deyil. O, həm də işğaldan azad olunmuş torpaqlarımızda dirçəliş prosesinin önündə gedən, təhlükəsizliyi və infrastruktur quruculuğunu təmin edən başlıca qüvvədir. Böyük Qayıdış prosesində ordu ilə yanaşı mülki qurumların inteqrasiyası, təhlükəsiz yaşam mühitinin yaradılması üçün sarsılmaz əməkdaşlıq davam edir.

Bu, həm də müasir dövrün hərbi-siyasi doktrinasına uyğun bir yanaşmadır: güc yalnız savaş meydanında yox, sülh şəraitində də öz sözünü deməlidir.

Şəhidlərin əmanəti və qazilərin qüruru -

Bu müqəddəs gündə Azərbaycan uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad etmək hər birimizin mənəvi borcudur. Onların hər biri müstəqilliyimizin, ərazi bütövlüyümüzün canlı tarixidir. Şəhid ailələrinin və qazilərin dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunması, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə atdığı addımlar da sosial ədalətin və vəfa borcunun bariz nümunəsidir.

Orduya inam – gələcəyə inamdır -

Azərbaycanın Silahlı Qüvvələri bu gün hərbi-texniki, strateji və mənəvi baxımdan tam formalaşmış, dövlətə və xalqa sədaqətlə xidmət edən güclü ordu modelidir. General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə həyata keçirilən struktur islahatları, döyüş hazırlığının yüksəldilməsi, hərbi təhsilin müasirləşdirilməsi və beynəlxalq əməkdaşlıqlar bu orduya həm lokal, həm də qlobal təhlükəsizlik proseslərində mühüm mövqe qazandırıb.

Ordumuzun sabaha baxışı – sülhü qoruyan, amma hər zaman döyüşə hazır olan ordu modelidir. Bu model gələcək nəsillərin də örnəyi və güvəncidir.


Bəli, bu bayram günündə ordumuzun hər bir üzvünü – zabitləri, gizirləri, çavuşları, əsgərləri, kursantları, hərbi təqaüdçüləri və veteranları təbrik edir, onlara Vətən qarşısında şərəfli xidmətlərində uğurlar, sağlamlıq və mətin iradə arzulayıram.

Qoy Azərbaycanın üçrəngli bayrağı daim ucalarda dalğalansın!
Qoy Azərbaycan Ordusu daim qələbə və şərəf zirvəsində dayansın!

Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müstəqil Azərbaycan!


Hörmət və ehtiramla,
Ülkər Piriyeva
Politoloq/jurnalist

Berkin Azərbaycan Müdafiə Sənayesi
Mühəndisliyi şirkətinin rəhbəri

Seçilən
10
azadmedia.az

1Mənbələr