AZ

Qlobal xaosun içində təhlükəsiz liman: “Azərbaycan regionun qan gölünə çevrilmək cəhdlərinin qarşısını alır”

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün dünya siyasi, iqtisadi və sosial baxımdan son dərəcə mürəkkəb və qeyri-müəyyən proseslərin içərisindədir. Qlobal miqyasda güc mərkəzləri arasında rəqabət kəskinləşir, yeni ittifaqlar yaranır, köhnə düzənlər dağılır. Qonşu regionlarda davam edən müharibələr, etnik və dini münaqişələr, enerji təhlükəsizliyi üzərindəki gərginliklər və informasiya müharibələri dövlətlərin sabitliyini ciddi təhdid altına alır. Bu cür gərgin və qeyri-sabit beynəlxalq mühitdə sabitlik anlayışı daha öncə heç olmadığı qədər strateji əhəmiyyət daşımağa başlayıb. Azərbaycan isə bu ziddiyyətli və qeyri-müəyyən mənzərə fonunda istisna təşkil edir. Ölkəmiz geosiyasi cəhətdən son dərəcə həssas bir regionda - Cənubi Qafqazda, Avropa ilə Asiyanın kəsişməsində yerləşməsinə baxmayaraq, sabitlik və təhlükəsizlik baxımından nümunəvi mövqe sərgiləyir. Təsadüfi deyil ki, Azərbaycan təkcə daxili sabitliyini qoruyan deyil, həm də regional səviyyədə sabitliyi təmin edən mühüm aktora çevrilib. Ölkənin milli təhlükəsizlik strategiyası, balanslaşdırılmış xarici siyasəti, davamlı sosial-iqtisadi inkişaf kursu və xalq-dövlət birliyi bu uğurun başlıca dayaqlarıdır. Siyasi şərhçilərə görə, Azərbaycanın sabitlik modeli bir neçə mühüm amilə əsaslanır. İlk növbədə, ölkədə formalaşmış güclü dövlətçilik ənənəsi və siyasi iradə, vətəndaş həmrəyliyi və milli maraqlar ətrafında cəmlənmiş ictimai konsensus sabitliyin daxili sütunlarını təşkil edir. Eyni zamanda, Azərbaycanın regionda dayanıqlı əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanan münasibətlər qurması, qlobal enerji və nəqliyyat layihələrində etibarlı tərəfdaş kimi çıxış etməsi ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Azərbaycan təkcə öz ərazisində deyil, daha geniş coğrafiyada sabitlik, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasında aparıcı rola malikdir. Müasir dövrdə dövlətlərin uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də sabit və təhlükəsiz mühit yaratmaqla ölçülür. Azərbaycan isə bu baxımdan həm regional, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş, sülh və inkişaf məkanı kimi dəyərləndirilir.

Millət vəkili Azər Badamov Sherg.az-a deyib ki, Azərbaycan dünyada təhlükəsiz liman rolunda çıxış edir. Deputat diqqətə çatdırıb ki, anarxiya, parçalanmış sivilizasiyalar, cəmiyyətlərin ənənəvi dəyərlərini yerlə yeksan edən ideologiyalar, fəlakətli müharibələr beynəlxalq münasibətlər sistemini son dərəcə mürəkkəb edir: 

"Bu mürəkkəblik fonunda bəşəriyyət çox ağır sınaqlarla üz-üzədir. Mənzərə ağılları alt-üst edir və sanki bizi "xaotik dövr"ə daha sürətlə sürükləyir. Mövcud ssenarini zamanında görən cənab Prezident İlham Əliyevin “Dünyanı beynəlxalq hüququn norma və prinsipləri deyil, güc idarə edir” fikri bu gün bir daha öz təsdiqini tapır. Bu reallığı vaxtında və aydın dərk edən dövlət başçımız Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasını ötən dövr ərzində uğurla icra etdi. Ordu quruculuğu, dayanıqlı iqtisadi inkişaf, xalq və iqtidar birliyi, ideoloji müstəvidə vətənpərvər ruhlu nəslin yetişdirilməsi, beynəlxalq əməkdaşlıq baxımından etibarlı dostluqların qurulması cənab Prezident İlham Əliyevin illərə söykənən gərgin əməyinin nəticəsi oldu. İllərlə Azərbaycana “Münaqişənin hərbi həll variantı mövcud deyil” deyən aktorlar dünyanın başqa regionlarında haqq savaşına başladılar. Dövlət başçımızın da bildirdiyi kimi, ədalət məfhumunun cəmiyyətimizə fərqli aşılanması artıq ən təhlükəli məqam idi".

A.Badamov qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan xalqı əzmkarlıq və rəşadət göstərdi, torpaqlarını düşmən tapdağından azad etdi: 

"Lakin qələbəni qazanmaqdan daha çox onu qoruyub saxlamaq daha vacib amildir. Bunu dərk edən xalqımız yenə də birlik nümayiş etdirdi. Bunu gözü götürməyən qüvvələrin ilə ilə ötən dövr ərzində Azərbaycanın xarici, hətta daxili siyasətində təhdid və təzyiqlərin də şahidi olduq. Bu işdə ən ali məqam odur ki, xalq öz rəhbərinin ətrafında ətdən sipər hörüb. Çünki qədirbilən xalqımız dünyada baş verən hadisələri aydın dərk edərək bu cür kataklizmlər fonunda ölkəmizi dimdik ayaqda saxlayan Liderin məhz cənab İlham Əliyev olduğunu bilir. Aydın məsələdir ki, Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra Cənubi Qafqazda ikinci cəbhə açılması istiqamətində sonsuz cəhdlər oldu. Məhz Azərbaycanın yürütdüyü siyasət sadəcə ölkəmizi deyil, bütövlükdə regionumuzu qan gölünə çevirmək cəhdlərinin qarşısını aldı".

Parlamentari qeyd edib ki, dünyanın müxtəlif regionlarında keçirilən seçkilərə müdaxilə cəhdləri, icra olunan böyük infrastruktur layihələrinə vurulan zərbələr, hərbi və iqtisadi əməkdaşlıqların pozulması, enerji təhlükəsizliyinin təmin olunmasının son dərəcə kritik duruma çatması fonunda Azərbaycan balanslı siyasət icra edir: 

"Ukrayna-Rusiya müharibəsinin nəticəsizliyi, İran-ABŞ-İsrail müharibəsində hələ də tam qalibin olmaması ondan xəbər verir ki, dünya nizamının bölüşdürülməsi planında yekun qərar hələ də mövcud deyil. Lakin bir reallıq özünü göstərir ki, bu da İkinci Dünya müharibəsindən sonra heç bir aktor Azərbaycan qədər tam və inamlı qələbə əldə etməyib. Bu gün əminliklə və qürurla deyə bilirik ki, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş, təhlükəsiz liman rolunda çıxış edir. Bu limanda daha qəti lövbər salmaq işinin müəllifi Müzəffər Ali Baş Komandanımızdır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
sherg.az

2Mənbələr