AZ

Parlamentari: “8 noyabr” ES Azərbaycanda ən strateji obyektlərdən biri olacaq

Daha təmiz, daha etibarlı enerji infrastrukturu formalaşdı
  
 Postmüharibə mərhələsinin önəmli hadisələrindən biri də Azərbaycanda həm ənənəvi enerji mənbələrindən istifadənin səmərəliliyinin artırılması, həm də bərpaolunan enerji sahəsində bir sıra önəmli layihələrin reallaşdırılmasına geniş vüsətin verilməsidir. Bu baxımdan 2025-ci il iyunun 24-də Mingəçevirdə “8 noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biridir. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış "BCC Group" da iştirak edib. Bu baxımdan “8 Noyabr” Elektrik Stansiyasını enerjinin gələcəyi ilə bağlı Azərbaycan-İtaliya-Çinin ortaq baxışı kimi dəyərləndirmək olar. Prezident İlham Əliyev İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakını ölkələrimiz arasında uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirib. Eyni zamanda bir sıra vacib məqamlara toxunub və bildirib ki, 1880 meqavat gücündə olan bu stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. “8 Noyabr” Stansiyasının istismara verilməsi ilə generasiya gücümüz artacaq. Eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcək. Əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bunun nə dərəcədə əhəmiyyət kəsb etdiyini hər kəs başa düşə bilər.    

Millət vəkili Əli Məsimli deyib ki, “8 noyabr” Elektrik Stansiyası Azərbaycanda ən böyük və ən strateji obyektlərdən biri olmaqla, ölkəmizdə enerji infrastrukturunu modernləşdirmək, daha təmiz, daha etibarlı və daha səmərəli texnologiyalar tətbiq etmək istiqamətində kompleks yanaşmanın bariz nümunəsidir. Deputatın sözlərinə görə, bu stansiyanın istifadəyə verilməsi ölkəmizdə enerji dayanıqlığının təmin edilməsi, artan tələbatın qarşılanması, enerji təhlükəsizliyinin gücləndirilməsi, daxili tələbatın qarşılanması ilə yanaşı, həm də ixrac imkanlarının artırılması, təbii qaza qənaət edilməsi, ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir:

 "Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində 1 kvts elektrik istehsalına şərti yanacaq sərfiyyatının 120 qram azaltmaqla 345 qramdan 225 qrama enməsinə imkan verir. Bu, ildə 1 milyard kubmetr qaza qənaət edilməsinə gətirib çıxaracaq. Elektrik Stansiyasının Faydalı İş Əmsalı 17 faiz artmaqla 38,5 faizdən 55,5 faizə qalxacaq. 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Keçmişlə müqayisədə bu, havaya atılmaları 50 faiz azaldacaq. Bu baxımdan “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur. Bu, etibarlı enerji təminatında mühüm rol oynayacaq. Layihənin qısa müddət ərzində ərsəyə gəlməsi Azərbaycanın artan güc tələbatının qarşılanması, yaradılan böyük gücdə bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının balanslaşdırılması, enerjisistemin dayanıqlılığının təmin olunması baxımından səmərəli həll kimi ölkəmizin inkişafına xidmət edəcək. Bu layihənin uğurla reallaşdırılması strateji addım olduğundan, digər sənaye və istehsal sektorlarının da inkişafına müsbət təsir edəcək".
Seçilən
2
4
sherg.az

5Mənbələr