AZ

Prezidentin o mesajı - “Hüdudlarımızın kənarında...”

Azərbaycan regionda sabitlik istəyir

“Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə, hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, həm o ölkələr, həm də təbii olaraq bizim üçün bir o qədər yaxşı olacaq”.

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” elektrik stansiyasının açılış mərasimindəki çıxışında deyib.

“Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq”, - deyə dövlət başçısı əlavə edib.

Prezident “hüdudlarımızın kənarında” dedikdə təbii ki, şimal və cənub qonşularımızın münaqişə vəziyyətində olmasını nəzərdə tutub. Hər iki ölkənin müharibə aparması siyasi-iqtisadi planda Azərbaycana təsir edir. Elə oktyabrın 1-dək quru sərhədlərin bağlı saxlanması ilə bağlı Nazirlər Kabinetinin qərarı da göstərir ki, regionda qeyri-sabitlikdir, eskalasiya riski qalmaqdadır, bu da təhlükəsizliyi davamlı olaraq təhdid edir.

“Quru sərhədlərimizin bağlı qalması dövlətimizin strateji maraqlarını təmin etmək məqsədi daşıyır”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev parlamentin iclasında çıxışı zamanı belə deyib.

Deputat dövlət sərhədinin bağlı olmasını əsaslandıran şərtləri açıqlayıb: “İlk növbədə ölkənin geosiyasi vəziyyəti, regional təhlükəsizliyin üzləşdiyi çağırışlar, ölkədaxili siyasi sabitliyin dayanıqlı təmini və təhlükəsizliyin daha da gücləndirilməsi bu qərarın verilməsində əsas rol oynayır. Həmçinin qaçaqmalçılıq, narkotik ticarəti, qeyri-qanuni miqrasiya, kütləvi qaçqın axını təhlükəsi kimi faktorlar da sərhədlərin bağlı saxlanmasını zəruri edən şərtlərdəndir. Quru sərhədlərin bu gün də bağlı saxlanması Azərbaycanın milli təhlükəsizliyinin gücləndirilməsi, xarici təhdidlərdən müdafiə olunması və ölkədə sabitlik mühitinin dayanıqlı möhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır”.

Prezidentin verdiyi mesajı necə oxumalıyıq? Bölgədə tam stabillik təmin olunana qədər sərhədlərimiz bağlı qala bilərmi?

Arzu

Arzu Nağıyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, cənab Prezidentimiz bu fikirlərlə Azərbaycanın sülh tərəfdarı olduğunu, bütün regionda və dünyada sülh, dostluq münasibətlərinin bərqərar olmasını istədiyinin mesajını növbəti dəfə verib. Dünyanın və regionun istənilən nöqtəsində münaqişələrin, böyük müharibələrin təkcə müharibə edən tərəflərə deyil, bütün dünyaya, bütün regiona mənfi təsirlərinin olduğunu, bu faktorun nəzərə alınmasının və buna uyğun hərəkət edilməsinin vacibliyinin mesajını vermiş olub: “Müharibələr dünya iqtisadiyyatına, dünyada təhlükəsizliyə təhdid yaradır. Azərbaycan növbəti dəfə bunu ölkələrə xatırladır. Azərbaycan Prezidentinin qalib ölkənin, regionda, dünyada nüfuzu olan dövlətin lideri kimi bu çağırışları, bu mesajları verməsi tamamilə təbiidir. Dövlət başçımızın dünyada qəbul edilən lider kimi yerləşdiyimiz regionda sülhün, təhlükəsizliyin təmin olunmasına hədəflənən bəyanatlarının proseslərə təsir gücü yetərincədir. Bu bir təsdiqlənmiş reallıqdır ki, təhülkəsizlik mühitinin təmin edildiyi dövlətlər, regionlar inkişaf edir, müharibələr, təhlükəsizliyin təmin edilmədiyi dövlətlər, regionlar isə inkişafdan qalır, sarsıntılarla üz-üzə qalır. Azərbaycanda uzun illərin zəhməti hesabına təhlükəsizlik mühiti formalaşıb. Dünyada bir Azərbaycan nümunəsi var. Azərbaycandan bu baxımdan nümunə götürülməli çox şeylər var”.

Komitə sədri qeyd etdi ki, regionda baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi, İsrail-İran müharibəsi Azərbaycanın sərhədlərinin bağlı saxlamasının necə düzgün olduğunu bir daha təsdiqlədi: “Nəzərə almaq lazımdır ki, regionda vəziyyət hələ qarışıq olaraq qalır. Rusiya-Ukayna müharibəsi davam edir. İsraillə İran arasında atəşkəs razılaşması əldə olunsa da problemlər hələ də həll olunmamış qalır və heç kim yeni qarşıdurmanın olmayacağına təminat verə bilməz. Ona görə də hesab edirəm ki, bölgədə tam stabillik təmin olunana qədər sərhədlərimizin bağlı qalması daha düzgün olar və bunu normal qəbul etmək lazımdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
12
3
musavat.com

4Mənbələr