Vüqar Bayramov: “Bu, Azərbaycana daha çox valyutanın daxil olmasına imkan yarada bilər”
Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək:
“Enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır”.
“...yalnız ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov hesab edir ki, “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji tələbatının ödənilməsinə töhfə verəcək: “Başqa bir tərəfdən, 1880 meqavat gücündə stansiya Azərbaycanın daxili enerji tələbinin ödənilməsinə xüsusi töhfə verməklə yanaşı, ölkəmizin ixrac imkanlarının artmasına şərait yaradacaq. Elektrik enerjisi ixracı imkanlarımız daha da artacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, bu hadisə hazırda ölkə enerji istehsalının 40 faizini formalaşdıran Mingəçevirin yalnız Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Elektrik enerjisi istehsalının artırılması Azərbaycanda mavi qaz istehlakının optimallaşdırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanda daxili illik qaz istehlakı 13,5 milyard kubmetrdir. Daxili istehlakın təxminən 37 faizi əhali tərəfindən həyata keçirilir. Bu baxımdan, yaşıl enerjidən daha çox istifadə olunması, mərkəzləşdirilmiş istilik sisteminin genişləndirilməsi və itkilərin minimumlaşdırılması, ilkin qiymətləndirmələrə görə, təxminən 2 milyard kubmetr qaza qənaət edilməsinə imkan yarada bilər. Bu da Azərbaycanın “mavi qaz” ixracının artmasına və ölkəyə daha çox valyutanın gəlməsinə imkan yaradacaq. Bu kontekstdən, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi qaz ixracının artırılması vasitəsilə Azərbaycana daha çox valyutanın daxil olmasına imkan yarada bilər”.
Vidadi ORDAHALLI