Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin noyabrından “çevriliş planlaşdırdığını” bəyan etdiyi arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi qrupun “terror aktına hazırlığının” hüquq-mühafizə orqanları tərəfindən qarşısının alındığını açıqlayıb. Paşinyanın “çevriliş planlaşdırmaqda” ittiham etdiyi arxiyepiskop Baqrat Qalstanyan həbs olunub.
Paşinyan Ermənistan İstintaq Komitəsinin bəyanatını öz “Facebook” hesabında paylaşıb.
Bəyanatda bildirilir ki, Qalstanyanın rəhbərlik etdiyi qrup 2024-cü ilin noyabrından çevriliş hazırlayırmış.
Qalstanyanın hökuməti devirmək üçün əksəriyyəti keçmiş hərbçilərdən və polislərdən ibarət “hücum qrupları” yaratdığını paylaşan Paşinyan “Hüquq-mühafizə orqanları cinayətkar oliqarx ruhanilərin Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti qəsb etmək kimi böyük və xəyanətkar planının qarşısını aldı”, – deyib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti “dövlət çevrilişinə cəhddə” ittiham olunan arxiyepiskop Qalstanyanın evində axtarış aparıb.
Qalstanyanın evində aparılan axtarışlar zamanı təhlükəsizlik qüvvələri sübut kimi çoxlu bağlama və qutular götürüblər. Axtarışlardan sonra Qalstanyan evdən çıxarılaraq saxlanılıb.
***
Ermənistan İstintaq Komitəsi müvafiq istintaq çərçivəsində 14 nəfərin saxlanıldığını açıqlayıb.
Erməni kilsəsinin təşkil etdiyi bəzi vətəndaşlar və siyasətçilər 2024-cü il mayın 4-də arxiyepiskop Qalstanyanın rəhbərliyi ilə Tavuş və Şirak bölgələrindən paytaxt İrəvana yürüşə başlayıb, daha sonra isə paytaxt başda olmaqla, ölkə daxilində etiraz aksiyaları keçirilib.
Onun istefasını tələb edən və kilsənin hökumət işlərindən uzaq durmasını istəyən Paşinyan bəyan edib ki, hakimiyyət dəyişikliyi ancaq seçkilər yolu ilə edilə bilər.