AZ

“8 Noyabr” elektrik stansiyasının açılışı Azərbaycan energetikasında yeni dövrün başlanğıcı



İlk olaraq onu deyim ki, cənab Prezident İlham Əliyevin liderliyi ilə reallaşan enerji strategiyası və milli güc nümunəsi artıq kifayət qədər nüfuz qazanıb. Ölkəmiz son illər ərzində enerji sahəsində tarixi irəliləyişlərə imza atmışdır. 2025-ci il iyunun 24-də Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası, bu siyasətin ən önəmli simvollarından biri kimi tarixə düşdü. Bu stansiya yalnız mühəndislik və texnologiya baxımından deyil, milli gücün, siyasi iradənin və strateji baxışın təntənəsidir. Eyni zamanda Ulu öndər Heydər Əliyev irsindən İlham Əliyev siyasətinə gələn davamlı və uğurlu bir yoldur. Azərbaycan energetikasının inkişaf yolu təsadüfi deyil və bu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strateji xəttdir və bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam uğurla etdirilir. 1974-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulan və 1981-ci ildə istifadəyə verilən “Azərbaycan” İstilik Elektrik Stansiyası, həmin dövrdə Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirmişdi. Prezident İlham Əliyev bu irsin üzərində modern yanaşma ilə yeni bir dövr açdı və bu gün Mingəçevirin yenidən regionun enerji qovşağına çevrilməsi bu uğurun parlaq sübutudur. Yeni istifadəyə verilən “8 Noyabr” elektrik stansiyası həm də güc, sürət və strateji baxışın təcəssümüdür. “8 Noyabr” Elektrik Stansiyası 1880 meqavatlıq generasiya gücü ilə təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük elektrik stansiyası statusunu daşıyır. Bu layihənin ən heyrətamiz tərəflərindən biri – onun yalnız 2 il ərzində tamamilə inşa edilərək istifadəyə verilməsidir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı.” Bu, dünyada ən qısa zamanda inşa edilən yüksək güclü elektrik stansiyalarından biridir və ölkəmizin həm təşkilati gücünü, həm insan resurslarının hazırlıq səviyyəsini, həm də dövlət–özəl tərəfdaşlığı modelini mükəmməl nümayiş etdirir. Bu eyni zamanda da beynəlxalq tərəfdaşlıq və enerji diplomatiyasının uğurudur. Layihənin inşasında İtaliya və Çin şirkətlərinin yaxından iştirakı Azərbaycan diplomatiyasının beynəlxalq etimad qazandığını və ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha sübut edir. “Mən xüsusilə bu gün burada iştirak edən İtaliyadan və Çindən olan qonaqları salamlamaq istəyirəm. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var.” İtaliya və Çin kimi aparıcı iqtisadi güclərlə həyata keçirilən bu əməkdaşlıq həm enerji sahəsində texnoloji inkişafı, həm də siyasi münasibətlərin dərinliyini göstərir. Qeyd edək ki, hər iki ölkə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamələr mövcuddur. Enerji istehsalı və ixracın balanslaşdırılması əslində milli maraqların qorunmasıdır. “8 Noyabr” Elektrik Stansiyası yalnız enerji təminatının artırılması ilə kifayətlənmir. Onun istifadəyə verilməsi təbii qaz sərfiyyatında ciddi qənaət deməkdir. Bu isə xarici bazarlara daha çox qaz ixracı, yəni dövlət gəlirlərinin artması və milli iqtisadiyyatın güclənməsi anlamına gəlir. Prezident İlham Əliyev bu aspektə xüsusi önəm verərək qeyd etdi: “Şərti yanacaq sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var.” Bu yanaşma həm də enerji təhlükəsizliyi ilə iqtisadi təhlükəsizliyin birləşdiyi nöqtədir. Cənab Prezidentin çıxışında 2030-cu ilə qədər 6500 meqavatlıq yaşıl enerji gücünün əldə ediləcəyi xüsusi vurğulandı. Bu, Azərbaycanın qlobal iqlim çağırışlarına cavab verən enerji modeli qurduğunu göstərir. “8 Noyabr” layihəsi ilə bərabər bərpaolunan enerji strategiyası, ağıllı enerji balansının yaradılmasına xidmət edir. Bu da ölkəmizin Avropa enerji bazarlarına həm qazla, həm də yaşıl elektriklə çıxışını təmin edir. Unutmaq olmaz ki, enerji infrastrukturu milli təhlükəsizlik və suverenliyin sütunudur. Mingəçevir, İkinci Qarabağ müharibəsi dövründə də düşmənin əsas hədəflərindən biri olmuşdu. Raket zərbələrinin məhz bu əraziyə yönəldilməsi energetika infrastrukturunun strateji əhəmiyyətini bir daha göstərdi. Cənab Prezident xatırlatdı: “Ermənistan Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər səsləndirirdi. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir.” Bu gün “8 Noyabr” stansiyası Zəfərin simvolu, həm də sülh şəraitində qurulan gücün təntənəsidir. Stansiyanın adı da təsadüfi seçilməyib. 8 Noyabr – Azərbaycanın Qarabağ Zəfərinə imza atdığı gündür. Bu ad stansiyaya yalnız texniki yox, mənəvi və siyasi dəyər də qazandırır. “Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq”-dövlətimizin başçısı deyib. “8 Noyabr” Elektrik Stansiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, ardıcıl və milli maraqlara söykənən enerji siyasətinin məntiqi nəticəsidir. Bu layihə Azərbaycanın enerji təhlükəsizliyini gücləndirir. Qaz ixracını artıraraq iqtisadi sabitliyə töhfə verir. Beynəlxalq tərəfdaşlarla əməkdaşlığı dərinləşdirir. Regional güc statusunu daha da möhkəmləndirir və Azərbaycanın Zəfər tarixini strateji infrastrukturla birləşdirir. Bu gün Azərbaycan təkcə enerji istehsalçısı deyil, enerji siyasəti və diplomatiyasını uğurla birləşdirən regional liderə çevrilib. “8 Noyabr” Elektrik Stansiyası isə bu liderliyin simvoludur.


Arif Fərzəliyev ,
YAP Cəbrayıl rayon təşkilatının sədri.




Seçilən
6
aia.az

1Mənbələr