Bakı. TurkicWorld
23–24 iyun 2025-ci il tarixlərində Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III” (PGG III) çərçivəsində həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi üzrə təlim baş tutub.
TurkicWorld xəbər verir ki, təlim, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə Bakı şəhərində JW Marriott Absheron Baku otelində yüksək səviyyədə təşkil olunub.
Təlimin əsas məqsədi Azərbaycanda mediasiya institutunun inkişafına dəstək vermək və yeni təlimçi-mediatorların potensialını artırmaq olmuşdur. Təlimdə beynəlxalq ekspertlər – Prof. Dr. Rimantas Simaitis və Rita Maria Oliveira iştirak edərək, iştirakçılarla bilik və təcrübələrini bölüşüblər.
Təlimdə Quba 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev də daxil olmaqla, ümumilikdə 29 mediator iştirak edib. Təlimin sonunda bütün iştirakçılar uğurlu iştiraklarına görə sertifikatlarla təltif olunublar.
Mediasiya sahəsində atılan bu mühüm addımın hüquq sistemimizə müsbət təsir göstərəcəyi gözlənilir. Bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.