BAKI, 25 iyun. TELEQRAF
Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilən hərbçilər hazırda ordu rəhbərliyində təmsil olunurlar.
Teleqraf-ın əldə etdiyi xəbər görə, general-mayor rütbəsi alan Vasif Xəlilov Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisidir.
Ali hərbi rütbə ilə mükafatlandırılan İdris Məhərrəmov Azərbaycan Ordusunun ordu birləşmələrindən (korpus) birinin komandiridir.
O, 10 iyun 1975-ci ildə Qubadlı rayonunun Çaytumas kəndində anadan olub. 1982-ci ildə Çaytumas kənd tam orta məktəbinə daxil olub,1992-ci ildə həmin məktəbi bitilib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olub. 1995-ci ildə hərbi məktəbi bitirərək leytenant hərbi rütbəsi alıb. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Hərbi xidmətlərə görə" medalı, 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Vətənə xidmətə görə" medalı ilə təltif edilib.
27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində polkovnik İdris Məhərrəmov işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə vəzifəsini şərəflə yerinə yetirib, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və kəndlərinin işğaldan azad edilməsində böyük şücaətlər göstərib.
Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik Məhərrəmov İdris Mustafa oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Hal hazırda Azərbaycan Ordusunda birlik komandiri olaraq xidimətini davam etdirir.
Elnur Kazımov Müdafiə Nazirliyinin Katibliyinin rəsidir.
Elgün Əliyev isə Hərbi Polisin rəisidir. O, Vətən müharibəsində iştirak edib. Azərbaycan Prezidentinin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” təltif olunub.