BAKI, TurkicWorld
Pentaqonun sızan hesabatı ABŞ-da çaxnaşma yaradıb - İranın nüvə qabiliyyəti məhv edilə bilməz.
TurkicWorld xəbər verir ki, ABŞ mətbuatında yayılan məlumata görə, Pentaqonun Müdafiə Kəşfiyyat İdarəsinin hazırladığı hesabatda İranın nüvə proqramının tamamilə sıradan çıxarılmasının mümkün olmadığı qeyd edilib.
Hesabatın sızması Vaşinqtonda ciddi narahatlıq yaradıb.
Ağ Ev hesabatın mövcudluğunu inkar etməyib, lakin İranın nüvə imkanlarının zəiflədildiyini bildirib. ABŞ prezidenti Donald Tramp isə hücumların "tarixi uğur" qazandığını iddia edərək CNN və "New York Times" kimi media qurumlarını "yalan xəbər yaymaqda" ittiham edib.
Trampın xüsusi nümayəndəsi Steve Witkoff isə İranın nüvə obyektlərinə edilən hava hücumlarının nəticələrinin çox ciddi olduğunu vurğulayıb. O, Fordo nüvə obyektinə 12 ədəd bunker-deşici bomba göndərildiyini və obyektin tamamilə məhv edildiyini bildirib.
Eyni zamanda Witkoff qeyd edib ki, İsfahandakı “konversiya qurğusu” — yəni zənginləşdirilmiş uranı metallara çevirməyə yarayan obyekt də tamamilə sıradan çıxarılıb. “Bu, İranın belə bir prosesi həyata keçirə biləcəyi yeganə obyekt idi”, – deyə o bildirib.
Digər tərəfdən, ABŞ-ın kəşfiyyat hesabatına əsasən, İranın nüvə proqramı tamamilə yox edilməyib, lakin bir neçə ay geriyə atılıb. Beş səhifəlik qiymətləndirməyə görə, hücumlar əsas infrastrukturun deyil, daha çox texniki və əməliyyat elementlərin zərər görməsinə səbəb olub. Hesabatda İranın zənginləşdirilmiş uran ehtiyatını öncədən daha qorunan obyektlərə köçürdüyü də qeyd olunur.
MAQATE rəhbəri Rafael Qrossi də hücumlardan sonra zənginləşdirilmiş uranın yerinin müəyyən edilə bilmədiyini bildirib. O qeyd edib ki, İran bu materialların harada saxlandığı barədə agentliyə məlumat təqdim etməyib.
İranın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin öldüyü iddia edilsə də, rəsmi xəbər agentliyi İRNA onun Tehrandakı “qələbə şənliklərində” iştirak etdiyini və görüntülərinin yayımlandığını bildirib.
İsrail rəsmiləri isə hücumların İranın nüvə fəaliyyətini bir neçə il geriyə atdığını iddia edir. Təl-Əviv bu tədbirləri həm də İranın uranı zənginləşdirmə səylərinə qarşı çəkindirici addım kimi qiymətləndirib.
Son olaraq, İsrail ordusu İran tərəfindən göndərildiyi iddia edilən iki pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb. Ordu bu insidentin atəşkəs qüvvəyə minməzdən əvvəl baş verdiyini və İranın səhər saatlarında atdığı ballistik raketlərlə eyni vaxtda ola biləcəyini bildirib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.