AZ

Pensiya yaşına çatmadan dünyasını dəyişənlərin sayı çoxalır...


İlqar Hüseynli: “Tam minimal şərtlər altında 60 yaşında pensiyaya çıxan şəxs 70 yaşa qədər 384 manat ala bilər”

Azərbaycanda son 5 ildə 64 yaşına çatmadan həyatını itirən insanların sayı 100 mini keçib. Hər il təxminən 3 nəfərdən biri pensiya yaşına çatmadan vəfat edir. Hazırda ölkədə pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 65 olaraq müəyyən edilib.

Lakin bu yaş həddinə qədər dünyasını dəyişən minlərlə insan var. İllər üzrə bu müxtəlif sayda olub. 2019 - 59,061 (ümumi ölüm) - 21 000 (64 yaşdan əvvəl ölüm) (-35.6%), 2020 - 74,063 - 25 000 (-33.8%), 2021 - 81,292 - 28 000 (-34.5%), 2022 - 62,850 - 20 000 (-31.7%), 2023 - 59,573 - 18 000 (-30.0%).

Qeyd edək ki, minimum məbləğdə yaşa görə pensiya təminatı üçün 46080 manat (minimum pensiya kapitalı) pensiya kapitalı və ya 25 il iş stajı tələb olunur. Görünən odur ki, pensiya yaşına çatmadan vəfat edənlərin sayı əhəmiyyətli dərəcədə böyükdür. Maraqlıdır, çıxış yolu nədədir?

“Bu ikili yanaşmanı aradan qaldırmaqla biz bir az erkən yaşlarda insanların pensiyaya çıxmasını təmin edə bilərik”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert İlqar Hüseynlinin fikrincə, bu çox ciddi problemdir və problem olaraq qalır: “Çox təəssüflər olsun ki, ölkədə ömür müddəti ilbəil qısalır. Dövlət minimum məbləğdə yaşayışa görə pensiya təminatı üçün 46080 manat minimum pensiya kapitalının toplanması tələbini qoyub. Eyni zamanda 25 il iş stajı tələb olunur. Əlbəttə ki, bütün bunlar insanların pensiyaya çıxma imkanlarını məhdudlaşdırır. Məsələnin çıxış yolu ondan ibarətdir ki, əgər əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşı öz minimum pensiya kapital məbləğini toplaya bilibsə və 25 ildən artıq iş stajına malikdirsə, o zaman dövlət müəyyən qaydalar tətbiq edə bilər. Yəni kimlərsə 25 il staja sahib və yaxud da ki, 46080 manat minimal pensiya kapitalına sahibdirsə, bu adamlar könüllü olaraq pensiyaya çıxsınlar. Xüsusi qaydada həmin o minimum pensiya kapitalına uyğun olaraq vəsaitin bölgüsünü də həyata keçirə bilərlər. Yəni bu şərt altında insanlar özləri istəsələr, o zaman bunlara şərait yaratmaq lazımdır ki, pensiyaya çıxa bilsinlər. Bu iki şərtin biri ortada varsa - ya 25 illik staj, ya da 46080 manat minimal pensiya kapitalı, o zaman həmin insanları pensiyadan məhrum etmək doğru deyil. Yəni bunun üçün 65 yaşı gözləmək doğru deyil. Fikrimcə, bu ikili yanaşmanı aradan qaldırmaqla biz bir az erkən yaşlarda insanların pensiyaya çıxmasını təmin edə bilərik. Tutaq ki, 46080 manat minimal pensiya kapitalım yığılıb və mən onu 10 ilə bölürəm. Fərz edək ki, 60 yaşım var və istəyirəm pensiyaya çıxım. Mən qarşıda 60-dan 70 yaşa qədər 10 il intervalı götürürəm. Bunu bölürəm 10 ilə və bu edir 4608 manat. Bunu da 12 aya böləndə təxminən 384 manat vəsait edir. Yəni insan 10 il müddətinə davamlı olaraq 384 manat pensiya ala bilər. Topladığı pensiya kapitalına görə bu rəqəm dəyişə də bilər. Ancaq tam minimal şərtlər altında 60 yaşında pensiyaya çıxan şəxs 70 yaşa qədər 384 manat ala bilər”.

Vidadi ORDAHALLI

Seçilən
48
27
baki-xeber.com

10Mənbələr