D qrupunun favoritlərinin oyunu gözləntiləri doğrultdu. “Flamenqo” – “Çelsi” oyununun qalibi pley-offa vəsiqəni təmin edəcəkdi. Odu ki, azarkeşlərin barışmaz mübarizə izləməsi təbiidi.
"Football-plus.az" xəbər verir ki, cütdə əvvəlcədən “Çelsi” favorit sayılsa da, “Flamenqo” yaxşı mənada hər kəsi təəccübləndirdi. Ümumiyyətlə, Braziliya təmsilçiləri bu turnirdə Avropa nəhəngləri önündə heç bir qorxu-ürkü hiss etmir. “Botafoqo”nun PSJ üzərindəki qələbəsini xatırlamaq kifayətdi.
“Flamenqo” oyunun axarını öz xeyrinə dəyişmək üçün xeyli əziyyət çəkdi, axı ilk yarı “göylər”in tərəfində oldu. “Çelsi” oyun baxımından rəqibi üstələməsə də, qol vəziyyətlərinə daha həssas yanaşdı. 13-cü dəqiqədə Ueslinin səhvindən sonra Neto hesabı açdı. Juninyonun komandası (o bu dəfə də oynamadı...) hissənin sonuna qədər təzyiq göstərsə də, real qol vəziyyəti yarada bilmədi. 2-ci hissənin əvvəlində londonlular fəallaşdı. Kukurelya fərqi artıra bilərdi, ancaq onun zərbəsindən sonra top dirəyin yanından keçdi.
Bir müddət sonra “Flamenqo” təşəbbüsü ələ aldı. Filipe Luisin 56-cı dəqiqədə oyuna qoşduğu Bruno Enrike cəmi 6 dəqiqə sonra hesabı bərabərləşdirdi. “Zadəganlar” özünə gəlməmiş daha bir qol buraxdı – bu dəfə Enrike ötürdü, Danilo fərqləndi. Entso Mareskanın əvəzetməsi özünü doğrultmadı. Oyun günü 24 yaşını tamamlayan Nikolas Cekson meydana çıxandan 4 dəqiqə sonra qırmızı vərəqə ilə cəzalandı. Azlıqda qalan nominal qonaqlar təslim olmadılar. Onlar bir neçə perspektivli hücum qurdu.
Bununla belə, bu oyunda son nöqtəni “Flamenqo” qoydu. Bu dəfə də sonradan meydana çıxan futbolçu – Uolles Yan fərqləndi. Filipe Luis əvəzetmələrinə görə sevinə bilər. Əzmkar qələbə qazanan “Flamenqo” D qrupunda liderliyi ələ keçirdi və 1/8 finala adladı. Yeri gəlmişkən, turnirin tarixində 2-ci dəfə Cənubi Amerika klubu Avropa təmsilçisini iki top fərqi ilə məğlub etdi. 2000-cü ildə “Vasko da Qama” “Mançester Yunayted”ə qalib gəlmişdi (3:1).
Bu qrupun digər oyununda “Esperans” “Los Anceles”i məğlub etdi. Amma meydan sahibləri ən azı 1 xal qazana bilərdi. Sadəcə, 90+11-ci dəqiqədə “nöqtə”yə yaxınlaşan Buanqa tunislilərin qapıçısı ilə dueldən məğlub ayrıldı.
D qrupu, 2-ci tur
Flamenqo – Çelsi 3:1 (0:1)
Flamenqo (Rio de Janeyro, Braziliya): Rossi, Ayrton, Pereyra, Danilo, U.Vinisius (Varela, 82), Jorjinyo, Pulqar, L.Araujo (Pedro, 90+2), De Arraskaeta (Enrike, 56), Jerson (Yan, 82), Plata (Mikael, 90+2).
Çelsi (London, İngiltərə): Sançes, Kukurelya, Koluill, Çaloba, Hüsto, Kaysedo, Ceyms (Lavia, 64), Fernandes (Madueke, 82), Neto, Delap (Cekson, 64), Palmer (Giyu, 82).
Qollar: Neto, 13 (0:1). Enrike, 62 (1:1). Danilo, 65 (2:1). Yan, 83 (3:1).
Vərəqələr: Kaysedo, 11. Neto, 23. Delap, 45+2. Jerson, 74. Pulqar, 83. Plata, 90+2 – sarı. Cekson, 68 – qırmızı.
Hakim: İvan Barton (Salvador).
20 iyun. Filadelfiya. 54019 tamaşaçı.
Los Anceles – Esperans 0:1 (0:0)
Los Anceles (ABŞ): Lyoris, Hollinqshed (Marlon, 81), Sequra, Lonq, Palensiya, Jezus, Tillmann (Yeboa, 81), Delqado (Amayya, 81), Buanqa, Jiru (Ebobiss, 88), Martines (Dilrosyun, 46).
Esperans (Tunis): Ben Said, Ben Amida, Tuqay, Meria, Ben Əli, Oqbelu, Geniçi, Belaili (Jelassi, 90), Konate (Derbali, 76), Mokvana (Sase, 62), Rodriges (Cəbri, 62).
Qol: Belaili, 71.
Buanqa 90+11-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Tillmann, 23. Belaili, 52. Sase, 65 – sarı.
Hakim: Espen Eskos (Norveç).
20 iyun. Neşvill. 13651 tamaşaçı.
1. Flamenqo 2 2 0 0 5-1 6
2. Çelsi 2 1 0 1 3-3 3
3. Esperans 2 1 0 1 1-2 3
4. Los Anceles 2 0 0 2 0-3 0
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta