Dolların kursu onu dəstəkləməli olan bir sıra amillərin yoxluğu üzündən yenidən dəyər itirməkdə davm edir. Dünyanın ehtiyat valyutası olan dollar təlatümlü dövrlərdə yüksəlməyə meyllidir, lakin 2025-ci ildə qlobal ticarət müharibəsi və nəticədə fond bazarının çökməsi zamanı Abş valyutasının ucuzlaşması müşahidə edilir. Bu valyuta hətta ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirdikdən sonra da bahalaşmaya meylli lmayıb.
Riskdən yayınmanın episentri ABŞ-da olsa belə, keçmişdə möhkəmlənən ABŞ valyutası indi məzənəənə baxımından dəyər itirir və ya əvvəllər onun kursunu dəstəkləyəcək hadisələr baş verdikdə belə, toparlana bilmir. Dollar artıq vəsaitləri saxlamaq üçün təhlükəsiz sığınacaq aktivi kimi görünmür. Gözlənilir ki, bu gedişlə investisiyada əhəmiyyətli dəyişiklik və ola bilsin ki, mərkəzi bankların ehtiyatlarında böyük həcmdə dollar başqa valyutalrala əvəz olunsun.
Dünyanın 12 trilyon dollarlıq valyuta ehtiyatında baş verən cüzi dəyişiklik belə, təhlükəsiz liman statusunu itirmiş kimi görünən dollara ciddi təsir göstərə bilər. ABŞ prezidenti Donald Trampın İsrail və İranın Vaşinqtonun vasitəçiliyi ilə atəşkəsə razılaşdığını deməsi də investorların dollara inamını bərpa edə bilməyib. Qeyd edək ki, Tramp İsrail və İran arasında hərtərəfli atəşkəsin qüvvəyə mindiyini, milyonlarla insanı Tehranı tərk etməyə məcbur edən və regionda daha genişmiqyaslı müharibə qorxusunu artıran 12 günlük münaqişəyə potensial olaraq son qoyduğunu təsdiqləyib. Tramp sosial şəbəkədə atəşkəsin artıq qüvvədə olduğunu yazıb və hər iki ölkəni onu pozmamağa çağırıb. Avstraliya Birlik Bankının valyuta strateqi Kerol Konqun fikrincə, bazarlar İranın atəşkəsdən sonra israil tərəfindən edilən yeni hücumlara necə reaksiya verəcəyini görmək üçün gözləmə mövqeyindədir, eyni zamanda, münaqişənin mənfi iqtisadi təsirindən daha çox müsbət inflyasiya təsiri ilə bağlı narahatlıqlar var. O əlavə edib: “Valyuta bazarları İran, İsrail və ABŞ hökumətlərinin bəyanatlarından və hərəkətlərindən asılı olacaq. Münaqişə kəskinləşərsə, risklər açıq şəkildə təhlükəsiz sığınacaq valyutalarında daha çox qazanc əldə etməyə meyillidir”. İranın hələ də Qərbə zərər verə biləcək ən təsirli təhlükəsi kimi qəbul edilən bir məsələ - onun parlamentinin Hörmüz boğazının bağlanmasını təsdiqləməsi də gərginliyi artırır. Dünya neft ehtiyatlarının təxminən dörddəbiri İranın Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə paylaşdığı bu dar sulardan keçir. “Saxo”nun baş investisiya strateqi Çaru Çanana qeyd edib: “Görünür, bazarlar indiyə qədər ABŞ-ın İrana zərbələrini daha geniş bir müharibənin başlaması deyil, məhdud hadisə kimi qiymətləndirir”. Geosiyasi risklərin artması ilə ABŞ dolları özünün təhlükəsiz liman rolunu bərpa etsə də, nisbətən zəif hərəkətlər investorların ABŞ valyutasından ehtiyatlı olduqlarını göstərir.
Bütün bunlardan sonra dollarda daha sürətli ucuzlaşma qeydə alınıb. Dolların indeksi 6 əsas valyutadan ibarət səbətə nisbətən 0,1% azalaraq 98,134-ə düşüb. Avropa və Yaponiya daha çox idxal olunan neft və mayeləşdirilmiş təbii qaza güvəndiyi üçün yen və avro aşağı neft qiymətləri ilə möhkəmlənib. ABŞ Federal Ehtiyat Sisteminin təmsilçisi Mişel Bovmanın qurumun yaxın gələcəkdə faiz dərəcələrini endirməyi düşünməli olduğunu söyləməsi də dollara əlavə təzyiqlər yaradıb. Bundan öncə isə ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi əsas baza dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb. Amma Federal Ehtiyat Sisteminin uçot dərəcəsini azaltmaqla bağlı Tramp adminstrasiyası tərəfindən basqı var. Federal Ehtiyat Sistemi isə bu basqıya rəğmən, son iclasında uçot dərəcəsini azaltmadı və əvvəlki mövcud səviyyədə saxladı. Halbuki, son aylarda dollar indeksində ucuzlaşma baş verirdi. Ümumiyyətlə, son dövrlər dollar xeyli ucuzlaşıb. 1 avro 1,05 sentdən, 1, 15 sentə qədər artıb. Bu nöqteyi-nəzərdən Federal Ehtiyat Sisteminin atdığı addımların məntiqi var. İnflyasiya ilə mübarizəyə görə faizləri aşağı çəkmədi.Amma Tramp adminstrasiyası fərqli düşünür və belə şəraitdə dollar məzənnəsində daha böyük çöküş gözlənilir. Proses Azərbaycanda da diqqətlə izlənilir. Xatırladaq ki, 2015-ci ilə qədər inzibati yolla müəyyən olunan məzənnə rejimi devalvasiyadan sonra dəyişdi. Həmin dövrdə də üzən məzənnənin tətbiq olunacağı ilə bağlı söhbətlər oldu və Mərkəzi Bank bunu tətbiq edəcəyini də bəyan etdi. Amma 2017-ci ilin fevral ayından yenə tam şəkildə inzibati yolla müəyyən edilmə qaydasına keçdi. Həmin dövrdən Azərbaycanda dolların məzənnəsi sabitdir.
Ramil QULİYEV